Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

A

Abbas Səhhət

"Azərbaycan" nəşriyyatı musiqi dahimiz Üzeyir Hacıbəyliyə həsr olunmuş ensiklopediyadan sonra başqa bir nəcib və son dərəcə mühüm niyyəti həyata keçirir:ədəbiyyatımızın dahisi Mirzə Cəlil Məmmədquluzadəyə həsr olunmuş ensiklopediya hazırlayır. Nəşriyyatın müdiri Nazim İbrahimov məndən xahiş elədi ki, Üzeyir ensiklopediyasına olduğu kimi bu ensiklopediyaya da Ön söz yazım. Azərbaycan və dünya ədəbiyyatında sevdiyim yazıçılar çoxdur, ancaq ömrüm boyu ən çox sevdiyim, yaradıcılığına və həyat yoluna dönə-dönə müraciət etdiyim, irsiylə, keşməkeşli ömrüylə bir daha tanış olduqca mənəvi güc aldığım, məni incidən bir çox problemlərə yazdıqlarında cavab tapdığım sənətkar, şəxsiyyət, böyük və ulu insan -- Mirzə Cəlil Məmmədquluzadədir.

Bu sevgimi, pərəstişimi müxtəlif bədii janrlarda ifadə etməyə çalışmışam. İlk dəfə Aleksandr Tvardovskinin redaktorluğu zamanı "Novı mir" jurnalında dərc olunmuş "Anlamaq dərdi" essem, "Sizi deyib gəlmişəm" pyesim, "Dindirir əsr bizi" teletamaşam, ssenarisinin müəllifi olduğum və rejissor kimi quruluşunu verdiyim iki seriyalı "Qəm pəncərəsi" bədii filmi, böyük ədibin əsərlərinin motivləri əsasında yazdığım "Nigarançılıq" telessenarisi - ustadıma qaytarmaq istədiyim borcumun yalnız bir hissəsidir. Mirzə Cəlil haqqında böyük roman yazmaq ən ülvü arzularımdandır.