Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

A

Abbaszadə Bayraməli Abbas oğlu

Abbaszadə Bayraməli Abbas oğlu (1869-1926) - mollanəsrəddinçi şair. Cənubi Azərb.-nın Sərab mahalındandır. İbtidai təhsilini mollaxanada almış, ilk satirik şeirlərini "Mirzə Gülzar", "Gülzari-Sərabi" imzaları ilə yazmışdır. XX əsrin əvvəllərində Bakıya gələrək ağır həyat keçirmiş, "Qafqaz-Merkurisi" körpüsündə hambal işləmişdir. "Molla Nəsrəddin" jurnalında ilk publisistik yazısını "Hambal" ləqəbi ilə çap etdirmişdir (1906). Cənubi Azərb. milli-azadlıq hərəkatında iştirak etmək üçün Təbrizə qayıtmış, Səttarxan hərəkatına qoşulmuşdur. Təbriz dövri mətbuatında şeirlərini dərc etdirmişdir. Məşrutə hərəkatının süqutundan sonra 1909 ilin aprelində yenidən Bakıya qayıtmış, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. M. jurnalın 2 avqust 1909 il tarixli, 31 sayında "Lağlağı” imzası ilə A.-nin aktual siyasi məzmundan məhrum, şahpərəst şeirini tənqid etmişdir. M. yazırdı: "Cənab Sorabi! Sənin ki, maşallah, təb-şeirin var, sənin ki, Allaha şükür, bu şeirləri çap eləməyə qəzetən var, nə olar ki, mənim də bir neçə sözümü qafiyələndirib həman qəzetədə yazaydın...".

A. "Zənbur" jurnalının 21 avqust 1909 il tarixli, 24 sayında çap etdirdiyi "Cəvabi-Molla" satirik şeirində "Molla əmi, sözlərüvü annadım" - deyə "Molla Nəsrəddinin tənqidini səmimiyyətlə qarşılamışdır.

A. "Qızıl qələmlər" cəmiyyətinin fəal üzvü idi.