Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

A

Abdulla Şaiq

Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə) (1881-1959) - yazıçı, tərcüməçi, ədəbiyyatşünas, pedaqoq, ictimai xadim. Azərb. əməkdar inc. xad. (1940).

Tiflis və Xorasanda təhsil almış, 1901 ildən Bakıda müəllimlik etmişdir. Bədii yaradıcılığa qəzəllə başlamış, əsərləri 1906 ildən çap olunmuşdur. "Həyat", "İrşad", "Dəbistan", "Füyuzat", "İqbal", "Həqiqət", "Açıq söz", "Azərbaycan" və s. mətbuat orqanlarında çıxış etmişdir.

1918-1920 illərdə istiqlal mövzulu şeirləri ilə cümhuriyyət dövrü poeziyasına yeni ruh gətirmişdir. 1907-1934 illərdə pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı, bir çox proqram, dərslik və müntəxəbat hazırlamışdır. Uşaq və gənclər üçün əsərləri, "Vətən", "Eloğlu", Nizami süjetləri əsasında yazdığı "Fitnə", "Nüşabə" pyesləri, "Məktub yetişmədi", "Göbələk", "Pirin kəraməti", "Vəzifə" hekayələri, "Koç", "Dursun" povestləri, "Əsrimizin qəhrəmanları", "Araz" romanları, Şeyx Şamilin azadlıq mübarizəsinə həsr olunan "Qafqaz çiçəyi" dramı, "Ədhəm", "Qoç-polad" və s. poemaları var.

Abdulla Şaiq "Molla Nəsrəddin" jurnalına və şəxsən C.Məmmədquluzadə yə diqqətlə yanaşmış, çar senzurası jurnalın nəşrini dayandıranda (1907) Stavropoldan etiraz teleqramı göndərmişdir. "Bir mələkə" şeirini Zəngəzurda baş vermiş aclığa aid "Molla Nəsrəddindəki məqalələrdən təsirlənərək qələmə almışdır. Jurnalda "Keçəl" imzası ilə çıxış etmişdir. Sabirin təsirilə satira və yumorlu şeirlər də yazıb. C.Məmmədquluzadə də onun "Nişanlı qız" şeirinə maraqlı təhlil yazmışdır.

Abdulla Şaiq öz ədəbi-tənqidi məqalələrində və "Xatiralər" əsərində C.Məmmədquluzadəni böyük, qüdrətli sənətçi adlandırır. "Molla Nəsrəddin" junalını isə "orijinal karikaturaları, məzhəkəli və mənalı tənqidləri" olan, "ictimai nöqsanlarımızı açıq və aydın şəkildə, böyük cəsarətlə tənqidə tutan" jurnal kimi dəyərləndirir, M.Ə.Sabirin böyük satirik şair kimi yetişməsində jurnalın xidmətini qeyd edirdi.