Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

A

Ağamalioğlu Səmədağa Həsən oğlu

Ağamalioğlu Səmədağa Həsən oğlu (1867-1930) - publisist, dövlət xadimi. Vladiqafqaz hərbi progimnaziyasını bitirmişdir (1887). XIX əsrin 90-cı illərində Gəncədə yer quruluşçusu işləmiş, 1905-1907 illər inqilabında iştirak etmiş, 1918 ildə Tiflisdə yerli menşevik "Hümmət" təşkilatının "Gələcək" və "Probujdeniye" qəzetlərinin red. olmuşdur. 1918 ilin sonunda Bakıya gələrək Azərb. Xalq Cümhuriyyəti parlamentinin üzvü seçilmişdir. Azərb.-da 28 aprel çevrilişindən sonra Xalq Torpaq komissarı (1920), Azərb. SSR MİK sədrinin müavini (1921), Azərb. SSR MİK sədri, həmçinin ZSFSR MİK sədrlərindən biri (1922-1929) olmuşdur. Geniş publisistik fəaliyyət göstərirdi. 1924 ildə yaradılmış Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olan A. Azərb.-da və Sovet Şərqinin digər resp.-larında yeni - latın əlifbasına keçilməsinə rəhbərlik etmişdir. Bu məqsədlə 1924 ilin sentyabr-oktyabr aylarında A.-nun rəhbərliyi altında Krıma, Tatarıstana və Orta Asiyaya göndərilmiş nümayəndə heyətində komissiyanın üzvü olan M. də var idi. 1923-1926 illərdə xüsusi "Molla Nəsrəddin" aeroplanı hazırlanarkən A. bu işə şəxsi maddi yardım göstərmişdi.