Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

A

Anar

Anar (Anar Rəsul oğlu Rzayev) (d. 1938) - nasir, dramaturq, ssenarist, rejissor, tənqidçi, ictimai xadim. Azərb. xalq yazıçısı (1998), Azərb. əməkdar inc. xad. (1976), Azərb. Dövlət mükafatı laureatı (1980), Azərb. Yazıçılar Birliyinin sədri (1991 ildən; 1987 ildən birinci katibi olmuşdur). Rəsul Rzanın oğludur. A. ədəbiyyata hekayə janrı ilə gəlmişdir. 60-cı illər ədəbi nəslin görkəmli nümayəndəsi kimi A. məişət mövzusunda yazdığı lirik-psixoloji povestləri ilə "yeni Azərbaycan nəsrini" yaradan ədiblərdəndir. O, "Ağ liman", "Dantenin yubileyi", "Macal", "Əlaqə", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Otel otağı", "Ağ qoç, qara qoç" kimi povest və romanların, "Şəhərin yay günləri", "Səhra yuxuları", "Təhminə və Zaur" dramlarının, Ü.Hacıbəyov və C.Məmmədquluzadə haqqında bədii filmlərin quruluşçu rej. və ssenari müəllifidir.

A.-ın qələmindən tənqidi məqalələr, "Dədə Qorqud dünyası, "Nəsrin fəzası" kimi tədqiqatlar çıxmışdır. Mənsub olduğu ədəbi nəslin bir çox nümayəndələri kimi, o da M.-nin yaradıcılığı, onun ədəbi məktəbinin ənənələri və prinsipləri ilə mənən bağlı sənətkardır. A-ın əsərlərində böyük ədiblə ideya-yaradıcılıq əlaqəsi bir neçə formada özünü göstərir.

M. irsinin tədqiqi, təhlili, müasirlik mövqeyindən dəyərləndirilməsi, "yeni Azərbaycan nəsri" üçün "ənənələrinin, yaradıcılıq prinsiplərinin" əhəmiyyətinin, "yeni nəsrin" sosialist realizmi ehkamlarından xilas olmasında bu ənənələrin rolu, M. əsərlərinin mövzu və motivlərindən yaradıcılıqla istifadə ilə bədii əsərlər yazmaq və nəhayət, ədibin həyat və fəaliyyətini, şəxsiyyətini, obrazını bədii əsərdə təsvir etmək - yazıçının öz sələfinin ədəbi və mənəvi irsi ilə yaradıcılıq əlaqəsinin əsas formaları və təzahürləridir. "Anlamaq dərdi" essesində A. böyük yazıçının yaradıcılığını, ədəbi-ictimai mübarizəsini, şəxsiyyətini canlandırmışdır ("Hoвый мup" jurnalı, 1967, N°5). Bundan əlavə, onun "Molla Nəsrəddin-86" adlı yazısı vardır. Başqa yazılarında, ədəbi-tənqidi çıxışlarında da o, dəfələrlə M. irsindən, bu irsin ədəbi və ictimai dəyərindən söz açmışdır.

A., eyni zamanda M. haqqında yazdığı bədii əsərlərdə onun obrazını yaratmağa təşəbbüs göstərmişdir ("Sizi deyib gəlmişəm" sənədli dramatik povesti, 1976; "Qəm pəncərəsi" telepovesti, 1976, "Nigarançılıq" televiziya tamaşası M.-nin bir neçə hekayəsi əsasında yaradılmışdır 1998). "Nəsrin fəzası" tədqiqatında (1981) A. onun yaradıcılığının müasir ədəbiyyat üçün əhəmiyyətindən, bu yaradıcılığın ədəbiyyatımızın yeni nəslinin sənət və vətəndaşlıq axtarışlarına təsirindən danışmış, nəsrin qəhrəman və üslub axtarışlarında M. ənənələrinin rolunu göstərmişdir. M.-ni "yeni Azərbaycan nəsrinin ən yaxın sələfı" adlandırmışdır. Müasir nəsr prosesi ilə M. arasında qəhrəman, üslub, bədii tendensiya və s. cəhətdən bədii-tipoloji əlamətləri müəyyənləşdirmişdir.

A.-ın özünün nəsrində M. üslubu, təhkiyə tərzi çox aydın sezilir. "Molla Nəsrəddin-66" (1967), "Adamın adamı" (1974), "Sizi deyib gəlmişəm" (1984) kitabları bu cəhətdən yazıçının diqqətəlayiq əsərlərindəndir. Nəsr əsərlərində yazıçı öz sələfınin ənənələrindən, üslub və təhkiyə imkanlarından, poetikasından istifadə edərək müasir gerçəkliyin mənfı, neqativ meyllərini, hadisələrini təsvir etmişdir.