Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

A

Axundov Əbdülxalıq Hacı Abdulla oğlu

Axundov Əbdülxalıq Hacı Abdulla oğlu (1863-1951) - tibb alimi, yazıçı, ictimai xadim. Mədrəsədə oxumuş, Bakı və Tiflisdə yeni üsul məktəblərdə ərəb, fars, rus, fransız, alman dillərini öyrənmişdir. 1883-1888 illərdə Almaniyanın Erlangen şəhərinə oxumağa getmiş, burada tibb üzrə magistr dərəcəsi almışdır. 1893 ildə Almaniyanın Halle ş.-ndəki un-tdə doktorluq elmi dərəcəsi müdafiə etmişdir. Sonralar Bakıda aptek, ilk dəfə olaraq, ruhi xəstəliklər dispanseri açmış, nəşriyyat və kitabxanalar yaratmış, geniş xeyriyyəçilik işlərilə məşğul olmuşdur. A.-un həyat və fəaliyyətində ədəbiyyat və mətbuat işləri mühüm yer tutur. A. "Əvvəli hənək, axırı dəyənək" adlı komediya yazmış, 1909-1910 illərdə "Molla Nəsrəddin" ənənələrilə "Zənbur" adlı satira jurnalını çıxarmışdır. M. "Molla Nəsrəddin" jurnalının 1907 il, 44-cü sayında A.-u həm Avropa mədəniyyətini, həm də islami dəyərləri təbliğ etməsi üstündə "Xənnas" adlı felyetonunda ikiüzlü adam kimi tənqid etmişdir. A. 1920 ildə XI ordunun Bakını işğal etməsilə əlaqədar İrana mühacirət etmişdir.