Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

A

Axundov (Axundzadə) Mirzə Fətəli Mirza Məhəmmədtağı oğlu

Axundov (Axundzadə) Mirzə Fətəli Mirza Məhəmmədtağı oğlu (1812-1878) - yazıçı, mütəfəkkir, Azərb. dramaturgiyasının realist bədii nəsrinin və ədəbi tənqidinin banisi. Mollaxanada oxuyan Fətəliyə anasının əmisi Axund Hacı Ələsgər fars, ərəb dillərini, şəriət elmlərini və "Quranı oxumağı öyrədir, onu ruhani etmək istəyir. Lakin gənc Fətəli axundun arzuladığı yolla getmir, 1833 ildə Şəkidə açılan ibtidai rus məktəbinə daxil olur. Bir il orada oxuyub rus dilini öyrəndikdən sonra Axund Hacı Ələsgər onu Tiflisə gətirib, Qafqazın baş hakimi baron Rozenin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi vəzifəsinə düzəldir. Bir il sonra o, mütərcim vəzifəsinə keçirilir və ömrünün sonuna qədər Tiflisdə canişin dəftərxanasında Şərq dilləri mütərcimi vəzifəsində işləyir. 1836-1840 illərdə o, eyni zamanda şair yaradıcılığına başlayır. Tiflis qəza məktəbində müəllimlik edir. 1837 ildə dahi rus şairi A.S.Puşkinin ölümü münasibətilə məşhur şeirini yazır.

50 illərin əvvəlindən dramaturji yaradıcılığa başlayan A. beş ilə 6 komediya "Hekayəti-Molla İbrahimxəlil kimyagər" (1850), "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur" (1850), "Sərgüzəşti-vəziri-xani-Lənkəran" (1850), "Hekayəti-xırs quldurbasan" (1851), "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara", 1852) və "Mürafiə vəkillərinin hekayəti" (1855) yazaraq Azərb. və Yaxın Şərq ədəbiyyatında dramaturgiyanın təməlini qoymuşdur. 1857 ildə isə o, "Aldanmış kəvakib" (yaxud "Hekayəti-Yusif şah") povestini yazmaqla yeni tipli bədii nəsrin ilk nümunəsini yaradır. Həmin ildə A. ərəb qrafıkası əsasında yeni bir əlifba layihəsi hazırlayır. Bu arzusunu müsəlman ölkələrində qəbul etdirmək məqsədilə 1863 ildə o, İstanbula gedib layihəsini Türkiyənin baş naziri Fuad paşaya təqdim edir. Baş nazirin göstərişi ilə layihə Osmanlı Elmi Cəmiyyətində müzakirə edilmiş, amma qəbul olunmamışdır.

Vətənə qayıtdıqdan sonra A. "Kəmalüddövlə məklubları" adlı bədii-fəlsəfi əsərini yazmağa başlayıb, 1865 ildə tamamlayır. 1858 ildə A. Qafqaz canişinliyinin baş tərcüməçisi vəzifəsinə keçirilmiş, 1864 ildə isə əvvəlki vəzifəsi qalmaqla hərbi qulluğa təyin olunmuş, polkovnik rütbəsinə yüksəlmişdir.

Qırx ildən artıq Qafqaz canişinliyində çalışıb Rusiya dövlətinə xidmət edən A. ömrünün sonlarında hökumət yanında etibarsız şəxs kimi günahlandırılaraq işdən çıxarılmış, bir müddət işsiz qalmışdır. Bütün ömrü keşməkeşdə, gərgin işdə və mübarizədə keçən ədibin səhhəti pisləşmiş, 1877 ilin ortalarında, ağır ürək-astma xəstəliyinə tutulmuş və 1878-ci ilin martında vəfat etmişdir.

Azərb. ədəbiyyatı tarixində görkəmli yer tutan A.-u ondan sonrakı yazıçıların böyük bir nəsli özlərinin sənət müəllimi saymışlar. M. gənc yaşlarında A.-un "Təmsilat"ı ilə tanış olmuş, "min səkkiz yüz doxsan üçüncümü-dördüncümü illərdə Naxçıvan teatr həvəskarları" tərəfındən tamaşaya qoyulmuş "Hacı Qara", "Məstəli şah", "Kimyagər", "Xan Sərabı" komediyalarında müxtəlif rollarda oynamışdır. "Səhnə ustadı Mirzə Fətəlinin nadir qələmindən törəyən ləzzətli komediya və duzlu, zərif məzhəkələri" M.-yə dərin təsir göstərmiş, yaradıcılığında demokratizmin qüvvətlənməsində həlledici rol oynamışdır. M. yaradıcılığında, mühərrirlik fəaliyyətinin bütün mərhələlərində A.-a istinad etmişdir. M. onu "ustadi-əzizimiz" adlandırır, bədii, elmi, fəlsəfi yaradıcılığı haqqında qiymətli tədqiqat məqaləiəri yazırdı. 1928 ildə A.-un ölümünün 50 illiyi münasibətilə o, "Mirzə Fətəli Axundov və qadın məsələsi" ("Şərq qadını" jurnalı, N3), "Mirzə Fətəli Axundov dinlər haqqında" ("Şərq qadını" N5-6) adlı iki məqalə çap etdirir. Hər iki məqalədə M. sələfinin şəxsiyyətini və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirmiş, onun ideya və əməllərinin davamçısı olduğuna görə iftixar etdiyini bildirmişdir. M. yazırdı ki, Mirzə Fətəlinin "Əl vurduğu məsələlərin hamısından qan qoxusu gəlir" ("Şərq qadını" jurnalı, B., 1928, N3).