Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

A

Axundov Süleyman Sani

Axundov Süleyman Sani (Süleyman Rzaqulu bəy oğlu Axundov) (1875-1939) - pedaqoq, nasir vo dramaturq. Əmək qəhrəmanı (1932). Qori müəllimlər seminariyasını qurtarmış (1894), xalq maarifi sahəsində işləmişdir. 1922-1923 illərdə Azərb. Ədib və Şairlər İttifaqının ilk sədri seçilmişdir. Milli uşaq ədəbiyyatının klassiklərindəndir. Əsərlərində yüksək mənəvi keyfiyyətlər, nəcib, işıqlı hisslər təsvir edir. İlk görkəmli əsəri "Tamahkar" (1899) komediyasıdır. Bakı Tənqid-Təbliğ Teatrının yaradılmasında (1921) və repertuarının zənginləşməsində fəal çalışmışdır. A.-un "Çərxi-fələk" pyesi ilə işə başlayan bu teatrın səhnəsində "Laçın yuvası", "Şeytan", "Şahsənəm və Gülpəri" və s. əsərləri tamaşaya qoyulmuşdur. "Qorxulu nağıllar" silsiləsindən olan əsərləri (1912-1914), "Eşq və intiqam" pyesi (1922) məşhurdur. Əsərlərinin bədii dil xüsusiyyətləri ilə A. ölməz hekayə ustaları Mirzə Cəlil, Ə.Haqverdiyev, N.Nərimanov və digər yazıçılara yaxın olub, onlar kimi ümumxalq dilinə əsaslanmış və ondan geniş istifadə etmişdir.

M.-nin Təbrizdən Bakıya qayıtması və "Molla Nəsrəddin" jurnalının çapını davam etdirməsi münasibətilə A. "Molla Nəsrəddin Bakıda" adlı bir pərdə, 4 şəkildən ibarət komediya yazmışdır (1921). Pyes Bakı Tənqid-Təbliğ teatrında müvəffəqiyyətlə oynanılmışdır. M. bu komediya haqda demişdir: "Mən sizin yaratdığınız bu canlı "Molla Nəsrəddin" teatrına aşiq olmuşam. Mən "Molla Nəsrəddin”i kağıza yazmışdım, siz onu səhnədə canlandırdınız".