A
Azərbaycan Respublikası Dövlət Tarix Arxivi
Azərbaycan Respublikası Dövlət Tarix Arxivi - 1930 ildə Mərkəzi Dövlət Arxivinin qədim tarix şöbəsi əsasında yaradılmışdır. Arxivdə Azərb. tarixinin 19 əsr və 20 əsrin əvvəllərinə aid sənədlər qorunub saxlanılır. Arxivdə saxlanılan sənədlər arasında M, "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilər haqqında da məlumatlar vardır. 1917 ilin sentyabrında M. məktubla Qafqaz tədris dairəsi komissarlığına müraciət edərək, "Molla Nəsrəddin" jurnalını və özünün ayrıca kitabça şəklində nəşr olunmuş hekayələrini Azərb. məktəblərində oxu vəsaiti kimi yaymağı xahiş edir. Mirzə Cəlilin məktubu, "Molla Nəsrəddin" jurnalını və M.-nin beş hekayəsini ("Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "İranda hüriyyət" və s.) məktəb kitabxanaları üçün almaq haqqında Qafqaz Təhsil dairəsi komissarı vəzifəsini ifa edən H.Şahtaxtinskinin sərəncamı arxivdədir. "Molla Nasrəddin" jurnalının Bakı və Yelizavetpol quberniyalarında yayılması üzərində nəzarət, "Ölülər" əsərinin tamaşaya qoyulmasına icazə verilməsi, habelə, "Molla Nəsrəddin" jurnalının nəşri ilə bağlı Gürcüstan arxivlərində olan sənədlərin mikrofoto surətləri və s. sənədlər də burada saxlanılır.