Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

B

"Baku"

"Baku" - 1902-1918 illərdə qısa fasilələrlə Bakıda rus dilində nəşr olunmuş ictimai-siyasi gündəlik qəzet. 3786 nömrəsi çıxmışdır. Əsasən neft sənayeçiləri və ticarət burjuaziyasının mənafeyinin müdafiəçisi idi. "B."-nun səhifələrində şəhərin mədəni həyatına geniş yer ayrılır, azərb. jurnalist və publisistlərin məqalələri, habelə, Azərb. ədəbiyyatı və mədəniyyətindəki yeniliklər barəsində xəbərlər çap olunurdu. "B." öz səhifələrində "Molla Nəsrəddin"in yeni nömrələri barəsində məlumat verir, jurnalın fanatizmə qarşı mübarizəsini, sadə və anlaşıqlı dil siyasətini alqışlayır, müsəlmanların, xüsusən də, iranlı fəhlələrin ictimai-siyasi şüurunun formalaşmasında onun rolunu qeyd edirdi. 1913 ildə "Baku" H.Minasazovun tərcüməsində M.-nin "Poçt qutusu" hekayəsini dərc etmişdi. "B."-nun nömrələrində "Molla Nəsrəddin"dən alınmış felyetonlara, habelə, karikaturaların şərhinə də təsadüf olunur. "Molla Nəsrəddin"in bağlanma təhlükəsi meydana çıxdıqda (1908) "B." 22 nəfər azərb. tələbənin imzaladığı etiraz məktubunu dərc etmişdi. "Molla"nın əhəmiyyətini gözdən salmaq bütün yer kürəsində yaşayan müsəlmanlar üçün insafsızlıqdır" - deyən tələbələr "müsəlman demokratiyasına" layiqincə xidmət edən "Molla Nəsrəddin"ə uzun ömür arzulayırdılar.