Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

B

"Bəhlul"

"Bəhlul" - həftəlik rəsmli jurnal. 1907 il mayın 19-da Ələsgər Əliyevin red.-luğu, Seyid Hüseynin əməkdaşlığı ilə Bakıda nəşrə başlamış, 9 nömrə çıxdıqdan sonra noyabrın 4-də bağlanmışdır. "Molla Nəsrəddin" ənənələrini davam edən bu jurnalda ictimai gerilik, dini-fanatizm, ailə və məişətdəki vaxtı keçmiş adət-ənənələr, dövlət idarəçiliyindəki nöqsanlar, varlı-kasıb münasibətləri, fəhlələrin siyasi mübarizəsi, kəndçilərlə ittifaqı, İran və Türkiyədə baş verən milli oyanışla bağlı hadisələr sadə xalq dilində, satirik üslubda oxucuya çatdırılırdı. "B."-un zəngin ədəbi-bədii tərtibatı var idi. Burada satirik şeirlər, felyetonlar, "Bilməli xəbərlər", "Teleqraf xəbərləri", "Lüğət", "Tapmaca" və b. satirik başlıqlar altında yazılar dərc etdirirdi. M.Ə.Sabirin "Təraneyi-əsilanə", "Bəzi yeriərdə təsadüf olmur aşa, ətə", "Mən belə əsran qana bilmirəm" satiraları ilk dəfə bu jurnalda çıxmışdır. Jurnalda Ə.Əliyev ("Bəhlul"), Ə.Razi ("Düdük"), M.H.Zeynalov ("Dərdmənd) kimi müəlliflər yaxından iştirak edirdilər. "B." öz səhifələrində "Molla Nəsrəddin"ə rəğbət ifadə edən bir sıra yazılar və şəkillər vermişdi. Jurnalda rəsmləri Y.Y.Hamberq, S.B.Cəlilbəyov və Ə.Əzimzadə çəkirdilər.