Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

C

Cabbarlı Cəfər Qafar oğlu

Cabbarlı Cəfər Qafar oğlu (1899-1934) - yazıçı, rejissor, ssenarist. Azərb. Əməkdar inc. xad. (1932). Bədii yaradıcılığa 1915 ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmaqla başlamışdır. 1915-1916 illərdə C. ideya və üslubca "Molla Nəsrəddin" jurnalına yaxın olan "Babayi-Əmir" jurnalında satirik şeirlərlə çıxış etmişdir. O, "Vəfalı Səriyyə, yaxud gözyaşı içində gülüş" (1915), "Solğun çiçəklər" (1917), "Nəsrəddin şah" (1916-1918), "Ədirnənin fəthi" (1918), "Aydın" (1919), "Oqtay Eloğlu" (1922), "Od gəlini (1928), "Sevil" (1928), "Almaz" (1931) və s. Pyeslərin, bir çox hekayələrin müəllifidir. 1925 ildən tez-tez satirik şeir və publisistik məqalələri ilə "Molla Nəsrəddin" jurnalında çıxış edirdi. "Molla Nəsrəddin”dəki əsərləri, əsasən, "Sancaq" imzası ilə dərc olunurdu. C.-nın satiralarının bir çoxu mənzum felyeton təsiri bağışlayırdı. Onun "Nə vaxt əl çəkəcəklər” məqaləsi isə publisistik felyeton janrında yazılmışdır. 1929 ildə M.-nin "Ölülər" pyesi əsasında kino ssenarisi yazmışdır. C. məqalə və resenziyalarında "Ölülər"in ədəbi mövqeyi və tamaşaları haqqında danışmışdır. C. bir sıra tamaşaların və bədii filmlərin rej. olmuşdur. Əsərləri xarici dillərə tərcümə edilmişdir.