Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Ç

Çəmənzəminli Yusif Vəzir

Çəmənzəminli Yusif Vəzir (Yusif Mirbaba oğlu Vəzirovun təxəllüsləri) (1887-1943) - yazıçı, alim. İbtidai və orta təhsilini Şuşa və Bakı realnı məktəblərində almışdır. Kiyev un-nin hüquq fakültəsini bitirmişdir (1915). İlk yazısı "Molla Nəsrəddin" jurnalının 1906 il 24-cü sayında dərc olunmuşdur. Onun kiçik, yığcam və lakonik hekayələrində Mirzə Cəlil və Sabir satirasının güclü təsiri hiss olunurdu. Ç. yazdığı hekayələri "Qanlı göz yaşları", "Həyat səhifələri", "Cənnətin qəbzi" adlı kitablarda çap etdirmişdir. "Cənnətin qəbzi" ədəbiyyatımızda klassik hekayə nümunəsi kimi böyük şöhrət qazanmışdır. Əsər M. tərəfindən təqdir edilmişdir. Ç. eyni zamanda karikaturalar da çəkərək ara-sıra "Molla Nəsrəddin" jurnalında çap etdirirdi. Ç. 1919-1925 illərdə İstanbul və Parisdə yaşamışdır. 1926 ildə Vətənə qayıtmış, bədii və elmi yaradıcılıqla məşğul olmuşdur. "Qızlar bulağı" və "Qan içində" adlı məşhur romanlarını yazmışdır.