Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

D

"Danabaş kəndinin məktəbi"

"Danabaş kəndinin məktəbi" - M.-nin dram əsəri. 1921 ildə yazılmışdır. Pyesdə XIX əsrin axırlarında Azərb. həyatının ictimai mədəni mənzərəsini əks etdirən hadisələr təsvir olunur. Burada sənətkarın adi məişət hadisələrində böyük ictimai problemləri əks etdirmək istedadı aydın nəzərə çarpır. Azərb.-ın kəndlərinin birində - Danabaş kəndində məmurların ilk baxışda yaxşı bir niyyət kimi görünən məktəb açmaq ideyası ilə yerli əhalinin bu hadisəyə mənfi münasibəti arasındakı ziddiyyət komik konfliktin əsasında dayanır. Burada həm məmurların öz hakimlik və müstəmləkəçilik fikiriərini həyata keçirmək cəhdləri, həm də kəndlilərin nadanlığı, mənəvi ölülüyü bədii şəkildə ifadə olunmuşdur.

Əsərdə mənəvi geriliyin əsas səbəbi bir tərəfdən əsrlərdən bəri davam edən feodal əxlaqının təsiri ilə izah olunursa, digər tərəfdən çarizmin yerlərdə yeridilən mənfur ruslaşdırma siyasəti nəticəsində əhalidə xof və nigarançılığın əmələ gəlməsi ilə izah edilir. Bu ideyanı janrın tələbləri mövqeyindən açmaq üçün dramaturq maraqlı komik vasitələrdən istifadə edərək yüksək bədii keyfiyyətlərə malik bir komediya yaratmışdır. Pyesdə ictimai-əxlaqi ideyanı komik vəziyyətlərdə açmaq üsulu üstünlük təşkil edir. Başqa komediyalarında olduğu kimi, bu əsərdə də müəllif "kütləvi obraz" vasitəsindən istifadə etməklə dövrün, mühitin mənzərəsini əks etdirə bilmiş və bu ümumi obrazlarda xalqın düşdüyü vəziyyətin səbəblərini aydınlaşdırmışdır. Pyes dəfələrlə tamaşaya qoyulmuş və tamaşaçıların rəğbətini qazanmışdır.