Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

D

"Din və məişət"

"Din və məişət" - (1906-1917) Orenburqda tatar dilində nəşr olunmuş jurnal. Tatar burjuaziyasının, mürtəce və monarxist ruhanilərin fanatik qütbünün orqanı. Birinci nömrəsi 1906 il dekabrın 31 -də "Dünya və məişət" adı altında çıxmış, sonrakı nömrələr "Din və məişət" adlandırılmışdır. Naşiri Molla Vəli Hüseynov, red. müəzzin Z.Xayrulin olmuşdur. Dini klerikalizm mövqeyində duran jurnal yeni və mütərəqqi ideyaların əieyhinə ardıcıl mübarizə aparırdı. Jurnal mütərəqqi tatar ziyalılarının aramsız tənqidinə hədəf olmuşdu. Din və məişətin məzmunsuzluğu "Molla Nəsrəddin" jurnalının ardıcıl tənqid hədəflərindən idi. M. "Qənimət" felyetonunda yazırdı: "...Orenburq tatarlarının içində qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın, "Din və məişət" jurnalının birinci nömrəsində "Səddiqül Əmini" imzası ilə bir şair yazır:

Əzimətsən, əzimətsən, əzimət, Yaşa, ey möhtərəm, "Din və moişət". Qənimətsən, qənimətsən, qənimət, Yaşa, ey möhtərəm, "Din və məişət".

Pəh, pəh, pəh! Hələ bu cür şairləri görə-görə "Hophop" da, "Əbu Nəsr Şeybani" də və "Məşədi Sijimqulu" da deyirlər ki, biz də şairik".

Belə şeirləri gülünc və onların məfkurəvi istiqamətini zərərli hesab edən M. yazırdı: "Mən qorxuram, bəzi qəlbi qara cavanlarımız inanmayalar ki, iyirminci əsrimizin içində "Din və məişət" kimi falnamələrə "Səddinqül Əmini" kimi axmaqlar... uşaq oyuncağı mədhnamələr yazalar". "Əbyat" adlı başqa bir yazıda M. "D. və m."-dən imam Səid bən Şərafəddin adlı birisinin qatmaqarışıq ibarələrdən tərtib olunmuş məzmunsuz şeirini misal gətirərək yazırdı: "Başını piyləyim!.. Ay belə şair" ("Molla Nəsrəddin" jurnalı, 1910, №l3).