Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

F

Fəqir

Fəqir (Hacağa Məhəmmədağa oğlu Ordubadinin təxəllüsü) (1836-1886) -şair. M.S.Ordubadinin atası. "Əncüməni-şüəra" ədəbi məclisinin rəhbəri olmuşdur. Əsərlərində ədalətsizliyi, fırıldaqçı din xadimlərini, rüşvətxor çar məmurlarını satira atəşinə tutduğu üçün təqibə məruz qalmış, bir müddət Türküstanda və İranda yaşamağa məcbur olmuşdur.

M. onun yaradıcılığına yüksək qiymət vermiş, F.-in əsərlərinin gözəl və lətif şeiriyyətə, özünün isə zəngin təxəyyülə malik olduğunu söyləmişdir. F.-in "Kürdün çul satması" satirası "Fatı" başlığı ilə "Molla Nəsrəddin" jurnalının1907 il 10 sentyabr tarixli 34-cü sayında dərc edilmiş və böyük hay-küyə səbəb olaraq, az qala jurnalın qapanmasına gətirib çıxaracaqmış. Vəziyyətin kəskinləşdiyini görən M. həmin il dekabrın 23-də "Molla Nəsrəddin" jurnalının 48-ci sayında və dekabrın 25-də rusdilli "Zakavkazye" qəzetində izahat dərc edərək şeirin 20 il əvvəl vəfat etmiş F. tərəfindən yazıldığını və İrəvan qubernatoru Tİzenhauzenə heç bir aidiyyəti otmadığını bildirmişdir. Lakin bu izahatlara baxmayaraq 1908 ilin martında qubernator Tİzenhauzenin M. əleyhinə qaldırdığı istintaq işinə baxılmış və iş Tiflis dairə məhkəməsi tərəfindən xətm edilmişdir.