Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

H

Hadi Məhəmməd

Hadi Məhəmməd (Ağaməhəmməd Hacı Əbdülsəlim oğlunun təxəllüsü) (1879-1920) - şair, jurnalist, tərcüməçi. Azərb. ədəbiyyatında romantizmin görkəmli nümayəndəsi. Şamaxıda dini təhsil almış, ərəb, fars dillərini, Şərq ədəbiyyatı, tarixi və fəlsəfəsini öyrənmişdir. M.Ə.Sabir, A.Səhhət, S.M.Qənizadə və b. ilə dostluq etmişdir. Şamaxı zəlzələsindən (1902) sonra Kürdəmirə köçmüş, orada məktəb açmışdır.

1905 ildən Həştərxanda çıxan "Bürhani-tərəqqi" qəzetində əməkdaşlıq etmiş, bir müddət bu qəzetin red. olmuşdur. Bakıda "Həyat" qəzeti, "Füyuzat" jurnalı redaksiyalarında işləmiş, "Tazə həyat", "Həqiqət", "İttifaq", "Tərəqqi", "İqbal" və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir.

1911-1914 illərdə İstanbulda yaşamış, 'Tənin", "Sərvəti-fünun" redaksiyalarında işləmişdir. İstibdad əleyhinə şeirlərinə görə Saloniki ş.-nə (Yunanıstan) sürgün edilmişdir. Birinci Dünya müharibəsi illərində azərb.-lardan ibarət müsəlman alayı tərkibində baş ruhani kimi iştirak etmişdir. Hadinin "Firdövsi-ilhamat", "Eşqi-möhtəşəm", "Əlvabi-intibah" kimi kitablarında milli azadlıq, intibah, tərəqqi ideyaları ifadə olunmuşdur. Bu əsərlər həm də hadisələrə romantik münasibətdən doğan dərin bədbinlik ruhundadır.

"Molla Nəsrəddin" jurnalının nəşrini ürəkdən alqışlayan Hadi "Molla əminin" ideyaları və satirik üslubuna müvafiq əsərlər də yaratmışdır. 1907 ilin iyununda mürtəce dairələr - qəzetlər, din xadimləri, jurnalistlər "Molla Nəsrəddin"ə hücum edib, onun bağlanmasını tələb etdikləri zaman Hadi jurnala müraciətlə həmrəylik şeiri yazıb, "İrşad"da çap etdirmişdi. Mirzə Cəlil, M.Ə.Sabir və b. mollanəsrəddinçilər də Hadini, onun dərin poetik irsini, vətənpərvər poeziyasını yüksək qiymətləndirmişlər.

C.Məmmədquluzadənin Hadiyə böyük hörməti onun "Cəfəngiyyat" felyetonunda və s. məqalələrində aşkar hiss olunur. Bununla bərabər, mollanəsrəddinçilərlə Hadi arasında dovrün inqilabi hadisələrinin idrak, təsvir və tərənnümündə özünəməxsus orijinal, fərqli, hətta ziddiyyətli cəhətlər də nəzərə çarpırdı.