Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

H

Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu

Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu (1870-1933) - nasir, dramaturq, tərcüməçi, pedaqoq, ictimai xadim. Azərb. əməkdar inc. xad. (1928). C.Məmmədquluzadənin ideya silahdaşı və dostu. "Molla Nəsrəddin” jurnalının fəal əməkdaşlarından biri. Orta təhsilini Şuşa və Tiflis realnı məktəblərində almışdır. 1891 ildə Peterburq Yol Mühəndisləri İn-tuna daxil olmuş, lakin bitirməmişdir. Peterburq un-tinin Şərq fakültəsində azad müdavim sifəti ilə mühazirələr dinləmişdir. 1899 ildə Şuşaya qayıtmış, 1901 ildə Bakıya köçüb, "Rus-müsəlman" məktəbində müəllim işləmişdir. 1906 ildə Yelizavetpol quberniyasından Rusiya Dövlət Dumasına deputat seçilmişdir. Duma bağlandıqdan sonra Qafqaza dönən Haqverdiyev Bakıda Kür-Xozər gəmiçiliyi İdarəsində müfəttiş (1907-1911), Ağdamda yetimlər evinin müdiri (1911-1916), Tiflisdə şəhərlər ittifaqının Qafqaz şöbəsi "Əxbarı" jurnalının redaktoru (1917), Borçalıda komissar (1918), Dağıstanda Azərb. DR-nın səfıri işləmişdir. Azərb.-da Aprel çevrilişindən sonra Haqverdiyev maarif komissarlığında incəsənət şöbəsinin müdiri, ADU-da müəllim (1922-1925), Azərb. Tədqiq və Tətəbbö Cəmiyyətinin sədr müavini və sədri (1923-1925) olmuşdur. Haqverdiyev bədii yaradıcılığa 19 əsrin 90-cı illərində başlamış, "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892), "Dağılan tifaq" (1896), "Bəxtsiz cavan" (1900), "Pəri cadu" (1901), "Ağa Məhəmməd şah Qacar" (1907), "Ağac kölgəsində" (1921), "Köhnə duman" (1927) vo s. dramatik, "Cəhənnəm məktubları" (1906), "Marallarım" (1910-1927), "Şeyx Şəban" (1915), "Mirzə Səfər" (1918) və b. nəsr əsərlərini, M.F.Axandov, M.Qorki, milli teatrın tarixi və ədəbi dil haqqında elmi-kütləvi məqalələrini yazmış, A.Çexovdan, M.Qorkidən, Şillerdən, Zolyadan tərcümələr etmişdir.

"Molla Nəsrəddin" Haqverdiyev yaradıcılığının inkişafında kəskin satirik-yumoristik pafos, dərin ictimai mündəricə qazanmasında müstəsna rol oynamışdır. Haqverdiyevin C.Məmmədquluzadə ilə ilk tanışlığı 1887 ildə Şuşada olmuşdur. Ədib "Molla Nəsrəddin haqqında xatiratım" əsərində yazır: "Mirzə Cəlil ilə birinci dəfə mən Şuşa realnı məktəbin yuxarı siniflərində oxuduğum zaman tanış olmuşdum. Yay fəslində üç nəfər İrəvan müəllimi Şuşa müəllimlərinə qonaq gəlmişdilər; bunların birisi Cəlil Məmmədquluzadə idi. Onunla yavıq tanış olmağım 1906-cı sənəsinin noyabr ayında müyəssər oldu". Həmin ilin may ayında "Molla Nəsrəddin" jurnalının birinci- sayının Şuşada "şəhər əhalisi arasında bir bomba tək partladığının" şahidi olan Haqverdiyev noyabr ayında Peterburqdan Tiflisə gəlib, məcmuənin red. ilə görüşmüş, 1907 ildən isə "Molla Nəsrəddin"in səhifələrində "Ceyranəli", "Xortda”, "Həkimi-Nuni-səğir", "Lağlağı", "Mozalan", "Süpürgə-saqqal" imzaları ilə hekayə və felyetonlar dərc etdirmişdir. Ədibin "Cəhənnəm məktubları", "Mozalan bəyin səyahətnaməsi” əsərləri, "Marallarım" adlı silsilə hekayələri ilk dəfə "Molla Nəsrəddin"də çap olunmuşdur.

C.Məmmədquluzadəni yaxından tanıyan Haqverdiyev onu belə səciyyələndirir: "Mirzə Cəlil zatən az danışan, böyük məclislərdən qaçan, yığıncaq xoşlamayan, təklik sevən bir şəxs idi. Bununla bahəm, düşmənlə də görüşüb, bir az söhbət etdikdən sonra düşmənin ürəyini ələ alıb, özünə şərik etməz idisə də, jurnal düşmənliyindən çəkindirirdi... Mirzə Cəlil dost qazanmaqda, ziyalıları işə çəkməkdə məharət yetirmişdi. Yazmaq istedadı olanlara və mövzu qarşısında məəttəl qalanlara mövzu verməkdə yədi-beyzası var idi. Guya ki, mövzuları cibindən çıxardırdı".

Haqverdiyevın C.Məmmədquluzadə ilə dostluğu və jurnalla əməkdaşlığı getdikcə möhkəmlənmiş, özünün dediyi kimi,"axır günədək" davam etmişdir. C.Məmmədquluzadə 1927 ilin yanvarında Haqverdiyevin ədəbi fəaliyyətinin 35 illiyinə bəsr olunmuş təntənəli yığıncaqda çıxış edərək, onun "Molla Nəsrəddin”dəki xidmətlərini belə dəyərləndirmişdi: "Ə.Haqverdiyev hər şeydən qabaq "Molla Nəsrəddin" məcmuəsinin ibtidasından ta bu vaxta qədər məcmuənin ən yavuq əməkdaşlarından və məsləhətçisi dərəcəsində yoldaşlarından hesab olunur" (“Molla Nəsrəddin", 1927, 22 yanvar, N4).