Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

H

Hüseynzadə ƏIi bəy Hüseyn bəy oğlu

Hüseynzadə ƏIi bəy Hüseyn bəy oğlu (1864-1940) - yazıçı, jurnalist, müəllim, rəssam, həkim, tərcüməçi, ictimai xadim. Tiflis klassik gimnaziyasını bitirmiş (1885), Peterburq un-tinin fizika-riyaziyyat fakültəsində oxumuş, bir müddət inqilabi tələbə hərəkatına qoşulmuşdur. 1895 ildə İstanbulda ali hərbi tibb məktəbini qurtarmış, 1900 ildə prof. köməkçisi olmuş, bədii və tibbə dair əsərlər yazmışdır, "İttihad və tərəqqi" firqəsinin əsasını qoyanlardan və fəal xadimlərindən idi. 1904 ildə Bakıya gəlib, "Həyat" qəzetinin red.-larından biri, "Kaspi" qəzetinin müvəqqəti red.-u, "Füyuzat" jurnalının red.-u olmuşdur. Bakıda "Səadət" xeyriyyə cəmiyyətinin məktəbində müdir (1908-1909) işləmişdir. "Molla Nəsrəddin”in nəşrə başlaması münasibətilə M.-ni təbrik etmiş, bu haqda məqalə dərc etdirmişdi. Gənc türklər inqilabından sonra o, Türkiyəyə qayıtmış (1910), İstanbul un-tinin prof.-u olmuşdur.

Uzun zaman H. mətbuatda, habelə əmali işində Azərb. dili və ədəbiyyatına "yuxarıdan" baxdığına, bunu ədəbi və pedaqoji fəaliyyətində də büruzə verdiyinə görə bir çox Azərb. yazıçı alim və müəllimləri tərəfindən "Molla Nəsrəddin" jurnalında və başqa mətbuatda tənqid olunurdu. 1910 ildə Bakıdan köçüb getdiyi vaxt onun görüşlərində artıq dönüş yaranmaqda idi. Bu zaman o, "Molla Nəsrəddin" jurnalının nəşrini, mollanəsrəddinçilərin sadə dildə yazmasını mühüm yenilik saymağa, Azərb. dili və ədəbiyyatı barədə düzgün elmi mülahizələr söyləməyə və yazmağa başlamışdı. M. xatiratında yazır; Əli bəy Türkiyəyə köçəndə "Tiflisə gəldi ki, buradan Batuma getsin. [...] idarəmizə də təşrif gətirdi. Xoş-beş... Möhtərəm ədibimiz mənə belə dedi: "Yaxşı yazırsınız". Mən Əli bəyə ərz etdim ki, onun tək bir şəxsdən eşidilən bu sözü mən "Havayı" danışılan sözlər cərgəsinə qoya bilmərəm. Çünki Əli bəy Hüseynzadə kimi bir yazı ustadı mən tək bir cavan yazıçıya yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edəm gərək. Əli bəy dediyi sözü təkrar və təsdiq etdi və [...] başını aşağı salıb guya öz-özünə genə dedi: "Açıq yazmağı da bacarmaq lazımdır" (C.Məmmədquluzadə. Əsərləri, VI cild, s. 163).

H. 1926 ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji qurultayında iştirak etmiş, o vaxtkı çıxışlarında və mətbuatdakı yazılarında, xüsusilə, həmin il Bakıda çap olunmuş "Qərbin iki dastanında türk" adlı yığcam bədii-elmi monoqrafıyasında onu çoxdan düşündürən tarixi konsepsiya və fikirləri işıqlandırmışdı.