Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

İ

İbrahimov Mirzə Əjdər oğlu

İbrahimov Mirzə Əjdər oğlu (1911-1993) - yazıçı, dramaturq, ədəbiyyatşünas-alim, tənqidçi, ictimai xadim. Azərb. xalq yazıçısı (1961), Azərb. EA akad. (1945), SSRİ (1950) və Azərb. (1965) Dövlət mükafatları, Beynəlxalq Nehru mükafatı (1979) laureatı. Xalq həyatının mühüm dövrlərini əks etdirən dram əsərləri ("Həyat", "Məhəbbət", "Közərən ocaqlar" dramları, "Kəndçi qızı", "Yaxşı adam" komediyaları), romanlar ("Gələcək gün", "Böyük dayaq", "Pərvanə"), povest, hekayə və şeirlər yazmışdır. İ. ədəbiyyat tarixinə, bədii yaradıcılığın nəzəri problemlərinə, ədəbi əlaqələrə dair monoqrafiyaların, məqalələrin, publisistik əsərlərin müəllifidir.

M.-yə həsr edilmiş "Böyük demokrat" (1939, 1957), "Böyük satira ustası" (1966) monoqrafiyaları yazıçının ədəbiyyatşünaslıq sahəsində ən yaxşı tədqiqat əsərlərindən idi. Hər iki monoqrafiyada, eləcə də "Yazıçı, jurnalist, müəilim", "Şirin arzular, acı gülüşlər..." məqalələrində böyük ədibin həyat və yaradıcılığının ən diqqətəlayiq məsələləri, faktları inandırıcı əksini tapmışdır.