Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

İ

"İki ər"

"İki ər" - M.-nin hekayəsi. İlk dəfə "Şərq qadını" jurnalında (1927 il, N10-ll) çap olunmuşdur. Qadın azadlığı mövzusundadır. Bu mövzu M.-nin inqilabdan əvvəl və sonrakı yaradıcılığında geniş yer tutur. Məhz inqilabdan sonra qadınlara verilən azadlığa və hüquq bərabərliyinə sevinən M. bu hekayədə qadının inqilabdan əvvəlki faciəli həyatını təsvir etməklə yanaşı, fanatiklərə, şəriət ehkamlarına ağır satirik zərbələr vurur. Hekayədə M. dini fanatizmin insanı nə hala gətirib çıxardığını, əslində əxlaqsızlığı qanuniləşdirdiyini, qeyrət və namus hisslərini kütləşdirdiyini məharətlə qələmə almışdır.

Arvadı Şərəbanı ilə insan kimi dolana bilməyən, üç dəfə talağını verdikdən sonra, onunla yenə barışmaq istəyən mövhumatçı Hacı Ramazan şəriətin bu yolda yaratdığı məneələrlə üzləşir, lakin bu sədləri aşmaq fikrinə düşmür və arvadının müvəqqəti olaraq başqa birisinə ərə getməsinə razı olur. Bu işdə o, şəriəti də aldatmaq istəyir, lakin din xadimləri nəinki Hacının düşündüyü qədər rəhmdil deyillər, eyni zamanda bu yolda onu müxtəlif maneələrlə üzləşdirirlər. Ən nəhayət, arvadını bir neçə aydan sonra geri ala bilən Hacı Ramazan surətini gülüş hədəfi edən M., eyni zamanda başına gətirilən bütün bu işgəncələrə dözən və dini ehkamlara görə heç bir hüququ olmayan qadınların halına acıyaraq dovrünün mövhumatçılarını satira atəşinə tutur.