Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

İ

"İranda hürriyyət"

"İranda hürriyyət" - M.-nin yazdığı hekayə. 1906 ildə yazılmış bu hekayə M.-nin nəsr əsərləri arasında özəl yer tutur. 1906 ilin dekabrında Tiflisdə, "Qeyrət" mətbəəsində eyniadlı kitabda dərc edilmişdir. Kitabda rəssam O.l.Şmerlinqin üç illüstrasiyası vardır.

Əsərin qəhrəmanı İrandan Qafqaza çörək qazanmaq üçün gələn məzlum fəhlə Kərbəlayi Məmmədəlidir. Vətənində arvad-uşağı qalsa da, o, burada yenidən evlənir. Hekayədə eybəcər siğə adəti -arvadı ola-ola yenidən evlənmə hadisəsi ifşa edilsə də, müəllifin əsas məqsədi Azərb.-da və İranda xalqın öz azadlığına biganəliyini diqqət mərkəzinə çəkməkdir. Dünya xalqlarının azadlıq və demokratiya uğrunda mübarizəyə qalxdıği bir vaxtda Şərqdə hürriyyət yalnız pay, əşya kimi dərk edilirsə, bu, faciələrin nə qədər dərin olduğunu göstərir. Kərbəlayi Məmmədəli məhz bu təfəkkürlə İranda hürriyyət paylandığını eşidən kimi anasına məktub yazdırır ki, onun hürriyyət payını özünə, Qafqaza göndərsinlər.

Hekayə müəlfifin öldürücü, lakin sakit, gizli gülüşünün böyüklüyünü, ciddiliyini və kəsərini əks etdirir. Qəhrəmanın faciəsi hekayədə bir neçə paralel xətt üzrə göstərilir: Məktub yazdırmaq səhnəsi, siğə, evlənmək ənənələri və nəhayət, ən normal insan hüquqlarının dərk edilməməsi. Bu hekayə ədibin "Poçt qutusu", "Kişmiş oyunu", "Qurbanəli bəy" adlı məşhur əsərləri ilə birgə dünya ədəbiyyatında novella janrının ən dəyərli və klassik nümunələrindən sayılmalıdır.