Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

İ

İsmayılov Kərim bəy

İsmayılov Kərim bəy (?-?) - M.-nin maarifçi müasiri. 1890 ildə Qori müəllimlər seminariyasını bitirmişdir. Böyük Vedi məktəbində müəllim və nəzarətçi işləmiş, Qafqaz Təhsil Dairəsinin 15 sentyabr 1892 il tarixli sərəncamı ilə Nehrəm məktəbinə dəyişdirilmişdir. M.-nin müdir olduğu bu məktəbdə o, 1894 il avqustun 20-dək işləmişdir. İ. bu müddətdə "Nehrəm kəndi" adlı məqalə yazıb, "Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi"ndə (SMOMPK, Tiflis, 1900, s. 192-201) çap etdirmişdir. Məqalədə M.-nin Tiflisdəki "Ekker" firmasından Nehrəmə dəmir kotan gətirtməsi mütərəqqi badisə kimi dəyərləndirilmişdir. İ. 1893 il noyabrın 22-də Naxçıvan şəhərində keçirilən İrəvan quberniyası xalq məktəbləri müəllimlərinin sahə qurultayında M. ilə birlikdə iştirak və çıxış etmişdir. "Hesab məcmuəsi" dərsliyinin müəllifidir. Onun "Molla Nəsrəddin" jurnalında iştirak etməsi də ehtimal olunur.