Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

K

"Konsulun arvadı"

"Konsulun arvadı" - M. nin hekayəsi. İlk dəfə Bakıda "Yeni yol" qəzetində (1926, 1 yanvar, Nl) "Müəllim" sərlövhəsilə çıxmış, həmin il "Molla Nəsrəddin" nəşriyyatı tərəfindən ayrıca kitabça halında "Konsulun arvadı, yaxud iki müəllim" adı altında çap olunmuş, sonralar ədibin bir sıra hekayə məcmuələrinə, "Seçilmiş əsərləri"nə və "Əsərləri"nə daxil edilmişdir. Qadın əsarətinə qarşı etiraz motivləri ilə dolu olan yığcam məişət novellasıdır. Hekayənin movzusu İran despotlarının həyatından götürülmüşdür. Ədib açıq-aşkar deməsə də, onun əsas tənqid hədəflərindən biri din və şəriətdə mövcud siğə məsələsidir. Belə ki, əsərin qəhrəmanı arvadı vəfat etmiş konsul Həzrət Xöllaqül-Məmalik bunu böyük bir itki hesab etmir, onun üçün nəinki kədərlənmir, hətta yanına başsağlığı verməyə gələnlərə hiddətlənərək - "ay cəhənnəmə vəfat edib, gora vafat edib!" - deyərək övrəti olmuş qadına hörmətsizliyini ifadə edir. Bütün bunlar ondan irəli gəlirdi ki, şəriətə görə hər bir kişi siğə vasitəsilə bir neçə arvad saxlaya bilərdi. Ölən qadın da belə siğələrdən biridir. Odur ki, belə qadını itirmək böyük bir kədər doğurmurdu. M. qadına qarşı olan bu qeyri-insani münasibəti, haqsızlığı yaradıcılığı boyu bir çox əsərlərində qələmə almışdır.