Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

L

Lüğət

Lüğət - "Molla Nəsrəddin" jurnalında tez-tez istifadə olunan satira, tənqid, ifşa formalarından biri. M.-nin həftəlik satira-yumor "Molla Nəsrəddin"i nəşr etmək haqqında Tiflis qubernatoruna verdiyi ərizədə jurnalın bölmələri belə müəyyənləşdirilmişdi: söhbət, zarafat, felyeton, yumoristik şeir, satirik hekayə, lətifə, poçt qutusu, məzəli elan, fərdi elan, karikatura, şəkillər və s. Lüğət bölməsi jurnalın nəşri zamanı yaranmışdır. Rus, Avropa kəlmələrinin, öz sözlərimizin satirik, Ezop dili ilə "izahı" son dərəcə tutarlı və gözəl bir ədəbi janra çevrilmişdi. Bu janr Mirzə Cəlilin bir neçə kəlmədə ciddi ictimai-siyasi məsələlərə toxunmaq qabiliyyətini göstərirdi. Lüğət bölməsi həm də Mirzə Cəlilin söz üzərində işləmək, sözü duymaq istedadının möcüzəsi idi. Onun dühası dil materiallarından istifadə və sözü mənalandırmaq qabiliyyətində də üzə çıxırdı.