Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu

Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu (ədəbi təxəllüsü Molla Nəsrəddin; 22(10).2.1869, Naxçıvan ş. - 4.1.1932, Bakı) - böyük Azərb. mütəfəkkir yazıçısı, pedaqoq, jurnalist, ictimai xadim, tərcüməçi, naşir. Bir neçə il mollaxanada oxuduqdan sonra Naxçıvan şəhər məktəbində təhsil almış, Qori müəllimlər seminariyasnı qurtarmış (1887), ibtidai məktəb müəllimi ixtisasını qazanmışdır. O, İrəvan quberniyasinın Uluxanlı normal məktəbinə təyinat almış, burada 3 ay 17 gün (8 sentyabr - 25 dekabr 1887 il) pedaqoji işlə məşğul olmuşdur. Cavan xalq müəllimi əvvəllər ona Naxçıvan şəhər məktəbində dərs demiş, Qori seminariyasının məzunu Əliməmməd Xəlilovun təşəbbüsü ilə müdirlik etdiyi Baş Noraşen ikisinifli zemstvo məktəbinə dəyişilmiş, 2 il 19 gün (13 yanvar 1890 ilədək) bu məktəbdə ana dili, rus dili və coğrafiya fənlərini tədris etmiş, şagirdlərinin xalqın daha çox ehtiyac hiss etdiyi peşələrə hazırlanması və istiqamətləndirilməsinə ciddi fikir vermişdir. Gələcək ədibin ilk qələm təcrübəsi olan "Çay dəstgahı" alleqorik mənzum dramı da (1889) Baş Noraşendə yazılmışdır.

C.Məmmədquluzadə 15 yanvar 1890 ildən 1897 ilin iyun ayınadək Nehrəm normal məktəbinin nəzarətçisi vəzifəsini daşımışdır. Bu illərdə Nehrəm İbtidai məktəbində şagirdlərin sayı 40 nəfərə çatdırılmışdır. M.-nin səyi nəticəsində məktəbdə qız sinfı təşkil olunmuş (1893), bacısı Səkinə Məmmədquliyeva da daxil olmaqla həmin sinifdə 8 nəfər azərb. qız təhsilə cəlb olunmuşdur. İrəvan-Yelizavetpol quberniyası Xalq Məktəbləri direktorluğu müsəlman qızları arasında savadı yaymaq üçün göstərdiyi qayğıkeşliyə görə onu yazılı təşəkkürə layiq görmüşdür. Bundan başqa, M. ərəb əlifbasını sadələşdirmək və ya latın qrafikasına keçmək üçün təşəbbüs göstərmiş, bu məqsədlə Peterburqa gedərək "Hoвoe вpeмя" qəzetinin red. A.S.Suvorinlə görüşmüşdür (1895). M, Nehrəm məktəbində diyarşünaslıq muzeyi yaratmağa nail olmuş (1896), kənd camaatının əməyini yüngülləşdirmək məqsədilə Tiflisdən ucqar əyalət kəndinə "Ekker" şirkətinin istehsalı olan dəmir kətan gətirtmişdir. Həmçinin o, qonşuluqdakı Bulqan hərbi hissəsi həkiminin köməyi ilə "yerli iqlimi və təbiəti öyrənməyə" səy göstərmişdir.

C.Məmmədquluzadənin Naxçıvan şəhərində heykəli. Heykəltəraş M.Mirqasımov, 1974.

C.Məmmədquluzadə 1893 il noyabrın 22-də Naxçıvan şəhərində çağrılmış İrəvan quberniyası xalq müəllimlərinin sahə qurultayında iştirak və çıxış etmiş, əməli təkliflər irəli sürmüşdür. Pedaqoji fəaliyyətinin Nehrəm dövründə o, Sadıq Xəlilov, Kərim bəy İsmayılov, Tağı bəy Səfiyev, Mirzə Ələkbər Süleymanov, Molla Məmmədqulu Qazıyev, Kərbəlayı Cəfəralı Adıgözəlov və b. maarifçi ziyalılarla birlikdə pedaqoji fəaliyyətini və maarifçilik sahəsində işini davam etdirmişdir.

1894 ildə o, "Danabaş kəndinin əhvalatları" əsərini yazmış, Naxçıvan teatr həvəskarları ilə M.F.Axundovun "Hekayəti-Müsyo Jordan həkimi-nəbatət - və dərviş Məstəli Şah cadukuni-məşhur" komediyasında baş rolda oynamışdır.

1895 ildə M. Nehrəm kəndində Həlimə Nağı qızı ilə evlənir, övladı Münəvvər doğulandan sonra (1897) qadın vəfat edir. 1897 ilin iyununda ərizəsinə əsasən Nehrəm normal məktəbinin nəzarətçisi vəzifəsindən azad olunur. Ədib pedaqoji işdən uzaqlaşıb, fəaliyyətini hüquq-inzibati idarələrində davam edir. O, 1897-1901 illərdə İrəvan qəza polis idarəsində tərcüməçi, dəftərxana xidmətçisi, Naxçıvan şəhər pristavının köməkçisi, Naxçıvanın şəhər polismeystrinin aşağı rütbəli köməkçisi vəzifələrini yerinə yetirir. Lakin polis idarələrində xidmət M.-ni razı salmır. O, "advokat olmaq eşqinə" düşür və özünü "ədliyyə idarələrinə" verir. İrəvana köçüb, 1901-1903 illərdə dava vəkili işləyir.

C.Məmmədquluzadə hüquq elminə, bütövlükdə hüquqşünaslığa, xüsusilə onun praktiki sahələrinə böyük maraq göstərirdi. Azərb. dilini bilən hüquqşünas-vəkillərin olmamasından məhkəmələrdə əzab çəkən xalqın hüquqlarını qorumaq məqsədilə Mirzə Cəlil keçən əsrin 90-cı illərində Naxçıvanda tanınmış hüquqşünas M. Kəngərlinin rəhbərliyi altında hüquq elminin əsaslarını öyranməyə başlayır və məhkəmələrdə vəkillik fəaliyyətinə hazırlaşırdı. Məktublarının birində M. yazırdı: "Yolumu hüquq orqanlarına yönəltmişəm... Vəkil olmaq qərarına gəlmişəm... Bunun üçün mülki qanunları və başqa hüquqi ədəbiyyatı öyrənməyə başlamışam". V.P.Litvinov - Falinskinin Azərb. EA Əlyazmaları İn-tunda saxlanılan "Qüvvədə olan Rusiya qanunlarına əsasən fəhlələrin şikəst olmalarında və ölümlərində müəssisə sahiblərinin məsuliyyəti" ("Ответственность предпринимателей за увечья и смерти рабочих по действующим в России за¬конам", СПб, 1900) kitabının səhifələrindəki qeydlərindən məlum olur ki, Mirzə Cəlilin diqqətini torpaq mübahisələri, özünümüdafiə məsələləri, şikəstlik almış fəhlələrin əmək qabiliyyətini itirmələri üçün məsuliyyət və s. problemlər cəlb etmişdir. O, apardığı işlərlə bərabər, İrəvana gəlmiş görkəmli vəkillərin çıxışlarını dinləmiş və onlarla fikir mübadiləsi aparmışdır. Torpaq, kəhrizlər ətrafındakı mübahisələr üzrə onun məhkəmədə müdafiəçi kimi çıxışlarının mətni İrəvan dövlət arxivində saxlanılır.

Bu illərdə ikinci dəfə 1900 ildə dostu M. Kəngərlinin bacısı Nazlı xanımla (əsl adı Zeynəbağa xanımdır - red.) evlənən M. onu da tezlikə (1904 ildə) itirir.

1902 ildən ədib İrəvanda publisist fəaliyyətinə başlayır. "Kaspi" qəzetində "İrəvan" və "İrəvan müxbirimizdən" başlığı altında ilk yazılarını dərc etdirir. 1903 ildə xəstə arvadını Tiflisə aparan M. burada M. Şahtaxtlı ilə görüşür. "Poçt qutusu" hekayəsini oxuyan alim-jurnalist ona "Şərqi-Rus" qəzetində əməkdaşlıq etməyi təklif edir. "Şərqi-Rus" (1903-1905) qəzetinin əməkdaşı, sonra müvəqqəti red. olur. Burada ədibin "Poçt qutusu", "Kişmiş oyunu" hekayələri. "Zəhmət, ölüm və naxoşluq", "Arvad" adlı tərcümələri və bir sıra məqalələri ("Getdi cahandan həzrəti Sidqi", "Ədəbiyyat") dərc olunur. Qəzet bağlanandan sonra M. onun mətbəəsini Ömər Faiqin və tacir M.Ə.Bağırzadənin maddi vəsaiti ilə alıb, "Qeyrət" mətbəə-nəşriyyatını yaradır (1905).

"Molla Nəsrəddin"in səhifələrində.

1905-1906 illərdən etibarən C.Məmmədquluzadə naşirlik fəaliyyəti ilə bərabər, xalq hərəkatına qoşulur. Müsəlman cəmiyyəti xeyriyyəsinin işində fəal iştirak edir, şifahi təbliğatla da məşğul olur. "Kaspi" qəzeti 28 mart 1907 il sayında onun bir tribun yaxıçı olduğunu qeyd edib göstərir ki, C.Məmmədquluzadə martın 23-də Tiflis şəhərində xalq un-tində 500 nəfərə qədər dinləyici qarşısında məruzə etmişdir. Mövzu "İngiltərədə xalq universitetinin işi" idi. Ədib öz məruzəsində, ümumiyyətlə, belə un-tlərin yaranma tarixi, onların apardığı təlim-tərbiyə işlərinin məqsəd və vəzifələri haqqında danışmışdır. Sonra o, bu ölkədə təlimin dini xarakter daşıdığını və bunun xalqa faydası olmadığını xüsusi qeyd etmişdir. Qəzet yazır ki, məruzə diqqət və hərarətlə qarşılanmışdır.

C.Məmmədquluzadənin müxtəlif münasibətlərlə Azərb.-ın ayrı-ayrı şəhərlərində, Orta Asiya və Həştərxanda belə çıxışlar etdiyinə dair məlumatlar vardır. Cənubi Azərb. ziyalısı Ə. Şəbüstəri xatirələrində M.-nin 1920 ildə Təbrizin Mir Fəttab küçəsindəki klubda dəfələrlə məruzə və nitqlər etdiyini yazmışdır. İnqilabi hərəkatın, demokratik ideologiyanın təsirilə bir müddət "Həyat", "Kaspi", "Кавказский рабочий листок", "Возрождение"" kimi orqanlarda iştirak edən, "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət" və s. hekayələrini kitab halında nəşr edən C.Məmmədquluzadə, dostu Ömər Faiqlə birlikdə ilk Azərb. satira jurnalı "Molla Nəsrəddin"in bünövrəsini qoyur (7 aprel 1906), onun red., naşiri və ən fəal müəllifı olur. C.Məmmədquluzadə və Ömər Faiq M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ü.Hacıbəyov, Ə.Qəmküsar və b. ilə milli ədəbiyyat və jurnalistikada mübariz mollanəsrəddinçilər cərəyanını, ədəbiyyatda tənqidi realnı məktəbini yaradırlar. "Molla Nəsrəddin" ilk gündən geniş əhali kütləsi arasında qeyri-adi şöhrət qazandı. O, müxtəlif təbəqələrin diqqətini özünə cəlb etdi. Redaksiya çoxlu təbrik, razılıq məktubu və teleqramı alırdı. Lakin eyni zamanda mühafizəkar, qaragüruhçu şəxslərdən təhqir yazıları da gəlirdi, hətta C.Məmmədquluzadəni öldürmək üçün Tiflisə adam da göndərilmişdi. Qətl baş tutmur, ədib isə bundan sonra silah gəzdirməyə məcbur olur.

M-nin 1906-cı il fevralın 21-də "Molla Nəsrəddin" jurnalının nəşrinə aid Tiflis Qubernatoruna müraciətinin faksmilesi.

Mollanəsrəddinçilər jurnalın təsir gücünü artırmaq və oxunaqlı etmək üçün yeni-yeni mövzular, süjetlər, bədii formalar, satirik üsullar tapmaq üçün daim axtarışlar edirdilər. Bu işdə əsas müəlliflər məsləhətləşməyə, müzakirəyə xüsusi fikir verirdilər. Ə.Haqverdiyev yazır ki, bir dəfə cəm olub məsləhətləşirdik. Mirzə Cəlil üzünü bizə tutub dedi: "Gəlin biz Mozalanı gəzdirək, ancaq səyahətnaməsini öz aramızda bölüşdürək. Hər kəs onu görüb bildiyi yerə aparıb səyahət etdirsin. Oxuyanlar güman etsinlər ki, həqiqətən bu adam gəlib bu yerləri görüb, bu felyetonları yazmışdır". Jurnalda çap olunan "Mozalan bəyin səyahətnaməsi" seriyası belə yarandı. Müəllifləri Ə.Haqverdiyev, Q.Şərifzadə, S.Mümtaz və b. idi.

Buna görə C.Məmmədquluzadə yazırdı: "Molla Nəsrəddin" tək bir nəfər müəllifin əsəri deyil, "Molla Nəsrəddin" bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam ("Kommunist" qəzeti, 1924, 14 mart, N60).

C.Məmmədquluzadə XX əsrin, inqilablar dövrünün Molla Nəsrəddini idi. Milli azadlıq hərəkatına xidmət etmək onun məramnaməsinin əsas maddəsi idi. O, sənətkar təbiətində doğma xalqına məxsus ən yaxşı milli xüsusiyyətləri - azadlığı, tərəqqiyə olan sonsuz məhəbbəti, həqiqətpərəstlik hissini, köhnəlik, irtica, zülmət və cəhalətə alovlu nifrəti, ictimai varlığa tənqidi, döyüşkən münasibəti toplamışdır.

"Molla Nəsrəddin"in təkcə ideya istiqaməti, realist ədəbi yolu deyil, eyni zamanda satirik üslubu, şəkilli gülgü jurnalı olması da, ilk növbədə dövrlə, real varlıqla şərtlənmişdi. Ədib "Xatiratım"da deyirdi: "Şərqin qaranlığını təsəvvür edəndə insana elə bir təəccüb, heyrət üz verir ki, axırda əcayib bir şeyə gülən kimi, burada da insana bir mayeyi-gülünc və məzhəkə üz verir. Və belə gülünc bir zamanda, belə qulibiyabani bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər "Molla Nəsrəddin"in yaranmağı təbii deyil?".

Gülüşə ehtiyacın artdığı belə bir şəraitin məhsulu olmaq etibarilə "Molla Nəsrəddin" Azərbaycan ədəbiyyatında böyük keçmişi, gözəl ənənələri olan satiranı yenidən oyadıb tüğyanə gətirirdi. C.Məmmədquluzadə istismar dünyasının yaralarını açıb tökən, istismarçıların maskasın yırtıb parçalayan bir hakim, "müsəlman qardaşlar"ın yaralarını təyin və "təşxis" etmək və bərabər müalicəyə çalışan bir həkim, yəni tənqid, məzəmmət, ifşa ilə yanaşı, məsləhət verən, yol göstərən bir el ağsaqqalı idi.

C.Məmmədquluzadə ümumən xalqın ictimai-bədii təfəkküründəki mübariz gülüşü və ədəbiyyatdakı tənqidi keyfiyyətləri öz jurnalı vasitəsilə ustalıqla təşkil edərək, onlara inqilabi-demokratik məzmun aşıladı. M. 1905 il inqilabının cəmiyyətdə həlledici mərhələ yaratdığını nəzərə alıb, jurnalın işini bu tarixi şəraitdən doğan vəzifələr əsasında qurmağa başladı. Dövrün başlıca problemləri - Rusiyadakı birinci xalq inqilabının tarixi əhəmiyyətinin təbliği, ölkədəki siyasi və məfkurəvi irticanın ifşası, yeni inqilabi yüksəliş illərində, Birinci Dünya müharibəsi zamanı mürtəce ideoloji axınlara qarşı mübarizə; burjua millətçiliyi və dini təəssübkeşliyin tənqidi, ana dilinin təmizliyi, müstəqilliyi, milli ədəbiyyatın dirçəlişi uğrunda mübarizə M. publisistikasının başlıca problemi oldu.

C.Məmmədquluzadə xalq inqilabının tarixi əhəmiyyətini göstərməyə və ideyalarının təbliğinə xüsusi fikir verirdi. Bununla əlaqədar o, "allaha ibadət və böyüklərə itaət "əleyhinə, yəni çarizm və yerli zülmkarlar, habelə onların söykəndikləri mətbuat və dini ideologiya əleyhinə mübarizəni özünün baş vəzifəsi sayırdı. M. Rusiyada və şərq ölkələrində hökm sürən istibdad üsulunu tənqid edir, məzlum xalqların milli azadlıq hərəkatından danışırdı. O, müxtəlif publisistik üsullarla göstərirdi ki, "İran, Rusiya və Osmanlı hökumətlərinin ovzası" istibdaddır, “Tüqəra qürəbaya" zülm etməkdir. Rusiyada çarizm inqilabçı fəhlələri "kazaklar vasitəsilə ram etməyə" çalışır, lakin bu xalqın coşub-daşan mübarizə əzmini qırmaqda, "hürriyyət və hüquq davasını" yatırmaqda acizdir.

1910-cu illərdən etibarən M. publisistikasında milli-azadlıq ideyaları qüvvətlənib, 1917-ci ildə yüksək ifadəsini tapır.

Bütün dövlət aparatının gündə bir yerdən yırtılan "çürük şalvar" halı aldığını, onun özünün və "qanunları"nın bilmərrə kənara atılmalı olduğunu göstərən ədib yazırdı ki, cəmiyyətdə əsaslı dəyişikliklər aparılması zəruridir: "...neçə yüz il bundan irəli ingilisdə baş verən "məşrutə" Avropa məmləkətlərini dolana-dolana indi gəlib düşüb biz müsəlmanların içinə... İstəyirik biz də buna sahib olaq".

Məşrutə üsulu ilə idarə olunan "məmləkət" haqqında kiçik bir epizod verən C.Məmmədquluzadə guya sözgəlişi işlətdiyi "azad məmləkət" ifadəsi ilə özünün başlıca idealını daha da qabarıqlaşdırırdı.

Ədib dönə-dönə deyirdi ki, vətən qardaşlarımıza "düşmənlərini tanıtmaq" və onları bu düşmənlərlə mübarizəyə hazırlamaq bizim borcumuzdur. Ədibin fikrincə, bəla bundadır ki, "müsəlman qardaşlar"ın böyük bir hissəsi dost-düşmənini tanımaqda çətinlik çəkir, cəmiyyətdə qarşılaşdıqları bütün yaramazlıqları, bütün məhrumiyyət və bəlaları ya "təqdiri-xuda", ya Allahın qəzəbi, ya da "şeytanın işi" kimi başa düşürlər.

C.Məmmədquluzadə çox doğru olaraq ziyalıların, burjua-millətçi ideologiyanın, mətbuatın, həmçinin bu məsələdə tutduqları xətti-hərəkət üzərində xüsusi dayanır: bir yandan vaizlərimiz minbərə çıxıb əvvəl xanlarımıza, qolu çomaqlılarımıza və qoçularımıza rəhmət oxuyub axırda deyirlər: "Allah şeytana lənət eləsin!", o biri yandan da "hər bir müsəlman qəzetini alırsan əlinə görürsən ki, yazılıb: "Maşallah, filan milyonçu, maşallah, filan millətpərəst, maşallah filan xan, filan bəy, filan hacı, filan kərtənkələ...". Amma heç kəs yazmır ki, bir yandan minlərcə müsəlmanlar acından ağlaşır və bir yandan da min-min manatlar xərclənir qonaqlıqlara, şöhrət ehsanlarına, qara neftə, püstə-badama, barişna və madama, sözü bir dəfə deyərlər adama". M. sinfi ziddiyyətləri yatırmaq və sinfi sülh yaratmaq istəyənlərin canfəşanlğını tənqid edərək göstərirdi ki, hər hansı zalım müsəlman da olsa, ondan xalqa imdad yoxdur, biz onu "özümüzünkü" saya bilmərik.

1906 ilin yayında C.Məmmədquluzadə jurnalda yazırdı ki, İran şahzadəsi Bəhmən Mirzə Şuşa qalasında öləndən sonra oğlanları bir-bir Rusiyaya köçüb; təkcə şahzadə Seyfulla qalmışdı ki, bir az əvvəl o da Vladiqafqaza getdi. Şahzadə "TИФЛИССКИЙ ЛИCTOK" qəzetində lovğalıqla yazır ki, artıq Şuşada elə bir ləzzət yoxdur ki, adam orada qalsın. İndi Şuşa guya ən ürək sıxan yerdir. Bu sözlər Şuşanın özünə, təbiətinə, əhalisinə çox yaxşı bələd olan Mirzə Cəlilin ürəyinə güllə təki dəymişdi. O, "Molla Nəsrəddin"də "Vətən məhəbbəti" başlığı ilə yazırdı ki, gürcü milləti çar hökuməti qarşısında məsələ qaldırıb ki, "biz istəmirik ruhani rəisimizi Rusiya hökuməti təyin eləsin" (o vaxt bu barədə imperator özü fərman imzalayırdı - red,). Ədib istehza ilə deyirdi ki, "vaqeən gürcü milləti çox sırtıq millətdi", padşahla razılaşmır; əslində, bu "sırtıqlıq" məziyyətdir, gözəl sifətdir. Bu, öz milli qürurunu, heysiyyətini qorumaq deməkdir, vətən məhəbbətinin əla təzahürlərindən biridir.

Jurnalın səhifələrində Şuşa haqqında, Qafqaz şeyxülislamının müsəlman məktəblərinə rəğbətinin artması, çadra, "Hicab" (qadınların örtünmələri), ana dilinin təmizliyi və başqa bu kimi mövzularda yazıları oxuyan Həmidə xanım ona valeh olmuşdu. Atası Əhməd bəy Cavanşirin ölümündən sonra onun əlyazmalarını nəşr etdirmək istəyən Həmidə xanım Tiflisə, rəfiqəsi Sofya xanım Şahtaxtinskayanın yanına gəlir. Onunla bu barədə danışmaq üçün S.Şahtaxtinskaya Mirzə Cəlili Ömər Faiqlə birlikdə evinə dəvət edir. Bu onların ilk tanışlığı idi. İşgüzar söhbətlə nəşr haqqında razılığa gəlirlər. Həmidə xanım əsərləri C.Məmmədquluzadəyə verir. Sonradan bu tanışlıq daha da möhkəmlənir və 1907 il iyunun 15-də Həmidə xanım Mirzə Cəlilə ərə gedir.

Bu dövrdə ədib Tiflisin ictimai-mədəni həyatında da mümkün qədər fəal iştirak edirdi. "3aкaвкaзьe" qəzeti 1907 ilin aprelində yazırdı ki, şəhərimizin Zubalov ad. klubunda xalq konserti zamanı "məşhur jurnalist Cəlil Məmmədquluzadənin səhnədə görünməsi müsəlmanlar arasında xüsusi bir şadlıq və şənlik yaratdı. O, gurultulu alqışlar altında müsəlman dilində Şərq əfsanəsini oxudu. Sonra mühazirəçi dinləyiciləri rus dilində əfsanənin məzmunu ilə tanış etdi. Mühazirəçini sürəkli alqışlarla qarşıladılar".

Kəhrizli k.-də təsərrüfata rəhbərlik lazım gəldiyi üçün Mirzə Cəlil vaxtaşırı Həmidə xanımla kənddə qalmalı olurdu. C.Məmmədquluzadə yazmışdı: "Mən ancaq burada, təbiətin bu sakit guşəsində özümü xoşbəxt hiss edirəm. [...] Bu yerlərin gözəl baharı [...] yorğun əsəblərimi sakitləşdirib fikirlərimə qol-qanad verir. Mən jurnalın qarşisında öz borcumu yerinə yetirdikdən sonra ömrümün son illərini bu sakit guşədə keçirmək istərdim".

Mirzə Cəlili Qarabağa bağlayan səbəblərdən biri təbiətin gözəllikləri qoynunda valehedici tərzdə axıb ətrafa sərinlik yayan çay idi. Belə sularda üzə-üzə çimməyi çox xoşlayan ədib bir dəfə çayın coşğun vaxtında az qala batacaqdı. Onu qarabağlı tanış cavanlardan olan Qəhrəman Şirinbəyov xilas eləmişdi. Ailə-məişət qayğıları ilə bağlı olaraq C.Məmmədquluzadə bu illərdə tez-tez Kəhrizlidə qalır, 1910-cu ilin ortalarında dostu M.T.Sidqinin oğlu M.Ə.Sidqiyə məktub göndərib oradan Tiflisə gəlib "Molla Nəsrəddin”in "müdiri-məhsulluğunu" öhdəsinə götürməyi və redaksiyanı idarə etməyi xahiş edir. O, 1910-cu ilin 13 noyabrından 1911-ci ilin 19 martına qədər jurnalda redaktor köməkçisi işləyir. C.Məmmədquluzadə Qarabağdan jurnala yazılar, məsləhətlər, mövzular, rəsmlər, pul göndərirdi. "Molla Nəsrəddin"in vəziyyəti isə çox ağır və mürəkkəb idi, ona münasibət də, onun özünün adamlara, hadisələrə, məsələlərə münasibəti də bundan çox fərqlənmirdi. Ümumiyyətlə, ailəsinə, maddi qayğılara, jurnalın materiallarının hazırlanmasına çox vaxt, böyük əmək sərf edən ədib yaradıcılığa da, jurnalın düşmənlərinə layiqincə cavab verməyə də xüsusi diqqət yetirirdi. M.F.Axundov, M.Ə.Sabir, M.Ə.Möcüz, Z.Marağayi və b. realist satiriklər kimi, C.Məmmədquluzadə üçün də sənətdə nəsihətçilikdən daha artıq canlı, həyati, mübariz, ifşaçı üslub səciyyəvi idi.

Jurnalı hörmətdən salmaq, hətta bağlatdırmaq üçün çalışanlar çox idi: çar hakim dairələri, Qafqaz canişinliyi, İran və Türkiyə mühafizəkarları, "Molla Nəsrəddin"in tənqid etdiyi ruhanilər, xanlar, bəylər və b. A.Şaiq yazır ki, Mirzə Səməndər M. haqqında həcvini Bakı dövlətliləri arasında yayıb, onlardan "bəxşiş" pul qoparırdı. Təbriz irticaçıları "Molla Nəsrəddin"ə "cavab" vermək üçün 1908 ilin martında Səd Sultanın red.-luğu ilə hətta "Molla" adlı rəsmli satirik jurnal çıxarmağa başlamışdılar. Bir ay sonra yenə Təbrizdə cəmisi 10 nömrəsi çıxmış "Həşəratül-ərz" jurnalı buraxılmışdı.

Qafqaz general-qubernatoru və qeyri vəzifə sahibləri "Molla Nəsrəddin" barədə məhkəmə işi qaldırmışdılar. Jurnalın bir sıra nömrəlrinin mətni ruscaya çevrilib "xəbərdarlıq", "ayıq olmaq" məsləhəti ilə hakim dairələrə göndərilirdi.

C.Məmmədquluzadə oğlanları Midhət və Ənvərlə.

Əlbəttə, mollanəsrəddinçilərin dostları, xeyirxahları belələrindən qat-qat çox idi. Onların arasında ədibə hətta Kəhrizlidə də günlərlə qonaq olan S.Ağamalıoğlu, Ü.Hacıbəyov və b. vardı. Dostları ədibin siyasi və mədəni maraq dairəsi itə tanışlıqdan valeh olur, yeni mövzularını bəyənirdilər. Məs., Dövlət Dumasının iclasına yola düşən deputatlara müraciətlə yazdığı felyetonda ədib deyirdi ki, "Sizədir bizim ümidimiz... ey millət vəkilləri... Gediniz, Allah sizə yaxşı yol versin... Amma bunu hər dəqiqə yadınızda saxlayın ki, sizin boynunuzda ağır təkliflər var ki, onları əmələ gətirməyi millətimiz sizdən tələb edəcək... Tələb ediniz ki, Rusiya hökumətinin yolunda canidillə xidmət edən müsəlmanlara layiqincə vəzifə və ənam verilsin və bununla belə Rusiyanın müstəbid idarəsinin tərəfdarı olmayan müsəlmanlar Saxalin cəzirəsinə göndərilsinlər". Dərin istehzalı, əks mənalı bu "məsləhət" və "xahiş"də, şübhəsiz ki, çarizmin müsəlmanlara qarşı siyasətinə, zülmünə qarşı çox kəsərli etiraz var idi.

Məşhur "Olülər" pyesi üzərində işləməyə də ədib "bu sakit guşədə" başlamışdı. İlk çağlar yazı işi yaxşı gedirdi. Amma kənddəki ixtilaflar, yerli qaragüruhun Kəhrizli kəndi və Həmidə xanım ətrafında törətdiyi narazı əhval-ruhiyyə, qardaşı Ələkbərin Təbrizdə həbs olunması və b. səbəblər ədibin vəziyyətini ağırlaşdırırdı. Vəziyyəti normal hala salmaq, xüsusilə qardaşına qahmar çıxmaq üçün ona pul da lazım idi. C.Məmmədquluzadə dostu Q.Şərifzadəyə, Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəliyə müraciət edir. O da birincisi C.Məmmədquluzadənin veksellə bankdan borc almasına, ikincisi redaksiyanın işlərində kömək edir.

Məmmədəli Sidqi (Səfərov) Bakıya gedəndən sonra jurnalın işləri gündən-günə xarablaşırdı. C.Məmmədquluzadə hərdən Tiflisə gəlib jurnala bilavasitə rəhbərlik etsə də, Kəhrizlidəki işlər onu kəndə qayıtmağa vadar eləyirdi. O, 1912 il martın 7-də Bakıya Məmmədəli Sidqiyə yenidən məktub yazaraq, ondan jurnal üçün məqalələr istəyir, onu jurnalı dolandırmaq üçün Tiflisə çağırırdı.

Bir gün sonra, martın 8-də C.Məmmədquluzadə Tiflis qubernatoruna ərizəsində "Molla Nəsrəddin”in şəkillərini Bıxov litoqrafiyasında çap etdirməyə icazə istəyir, ona icazə verilir ki, jurnalı bu litoqrafiyada (Qubernski küç. N34) və Muxranski küçəsindəki Kiladze mətbəəsində çap etdirsin. Lakin 9-cu nömrəsindən (8 mart 1912) sonra jurnal çıxmır. Doqquz aylıq fasilə zamanı Bakı, Naxçıvan, Baxçasaray, Tiflis, Daşkənd və b. şəhərlərin mətbuatı "Molla Nəsrəddin"in dayanması və nə zaman çıxacağı barədə cürbəcür ehtimal, şayiə və s. çap edir.

1913 il yanvarın 13-də çıxan birinci nömrədə "İdarədən" qeydində deyilir: "Gələcəkdə hökumətdən izn hasil olandan sonra məcmuəmiz irəliki baş mühərririmizdən savayı dəxi qələm yoldaşımız Əliqulu Nəcəfov imzası ilə çıxacaqdır". Fevralın 20-d çıxan 6-cı nömrə "müdir və baş mühərrirlər Cəlil Məmmədquluzadə, Əliqulu Nəcəfov" tərəfindən imzalanır. Həmidə xanım yazır ki, aprelin axırında jandarm Mirzə Cəlilin Tiflisdəki evini axtarıb, bəzi kağızları müsadirə etmişdi.

Redaksiyanın qayğıları yenə başdan aşırdı. 15 mart sayında bir cücənin xoruza ərizə verdiyi və canavarlar tərəfindən əhatə edildiyi təsvir olunan şəklin, 30 dekabr sayında birinci səhifədəki şəklin üzərinə qara rəng çəkilib pozulmuşdu. M.Ə.Sabirin xəstəliyi davam edib şiddətlənirdi. Ömər Faiq xəstələnib həkimlərin məsləhətilə Tiflisi tərk etmişdi. "İşıq" jurnalının naşiri M. Əlibəyov "Molla Nəsrəddin" haqqında qərəzli yazı və şəkil verirdi. Həmidə xanımın oğlu Ənvərin vaxtından qabaq, iki cərrahiyyə əməliyyatı ilə dünyaya gəlməsi ailənin qayğılarını artırmışdı. Məhkəmə Ələkbər Məmmədquluzadəyə il yarım həbs cəzası kəsmiş, C.Məmmədquluzadə onu müvəqqəti Kəhrizliyə gətirmişdi.

"Müsəlman qardaşları"nın dostu, pənahı, müdafiəçisi, öndəri olan C.Məmmədquluzadə jurnalda işini mətanətlə davam etdirir, öz ürək sözlərini Qafqaz müsəlmanları kimi, Rusiya, İran, Türkiyə, Tatarıstan, Sibir, Orta Asiya, Çin və Yaponiyanın, habelə Misir, Bolqarıstan, Pribaltikanın türk xalqları haqqında da yazırdı; qayğıkeş, səmimi, narahat, bəzən də açıq yolgöstərici sözlər yazırdı.

1905-1911 illər İran inqilabı, onun rəhbərləri Səttarxan və Bağırxan "Molla Nəsrəddin" jurnalının, xüsusilə C.Məmmədquluzadənin ən əsas mövzular sırasında idi. Ədib bu inqilabın vəzifə və qayəsini belə müəyyənləşdirmişdi: "Bu günlərclə İranda istibdad ilə ədalət bərk çarpışır. Yekə bir millətin dini, namusu, hüququ, vətəni təhlükədədir... Bu gün Kərbəla meydanı - Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır!,. Bu gün ən boyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir... Bu gün Kərbala meydanı - Azərbaycan meydanıdır".

1906 ilin dekabrında Tehran Milli Ən-cüməni sədrinin teleqramına əsasən çar I hakim dairələri "Molla Nəsrəddin" jurnlının İrana buraxılmasını qadağan etdiyi zaman, buna etiraz edən xadimlər və ziyalılar arasında o zaman Gəncədə olan Ə.Ağayev də vardı. O, "İrşad" qəzetində yazmışdı ki, "Mərhəba bu barədə "Molla Nəsrəddin" jurnalına. Doğrudur, İran sərhəddində onu yandırdılar. Amma jurnala adı qoyulan molla sağ olsaydı, deyərdi: "Qoy yandırsınlar, onu yandıranların özünü yandırarlar. Biz gərək xəcalət çəkək" ("İrşad", 1906.28.12).

C.Məmmədquluzadə bütün həyatını Vətənə həsr etmişdir. Onun bütün yaradıcılığının baş mövzusu, məhvər oxu, cam - Vətəndir, xalqdır, onların səadətidir. Bu ideala xidmət edənləri o, xalqın dostu, xəyanət edənləri isə düşməni sayırdı.

M.Ə.Sabir, M.Ə.Sidqi, F.Köçərli, Ömər Faiq, Qəmküsar, Əli Nəzmi, Həmidə xanım, Ə.Haqverdiyev, C.Zeynalov, S.Mümtaz və b. müxtəlif yollarla jurnala, C.Məmmədquluzadəyə kömək edir, redaksiyaya məktublarında yaxşı məsləhətlər verir, bədxahların qəsdini pisləyirdilər.

1909 il C.Məmmədquluzadə və "Molla Nəsrəddin" üçün onlara qarşı hücumçu yazılarla başlandı. Bu yazılardan çoxunun nəşrinə "Səda" qəzetinin red., mollanəsrəddinçilərin bir az əvvəl tənqid etdikləri yazıçı, jurnalist Haşım bəy Vəzirov başçılıq edirdi. C.Məmmədquluzadə o vaxt Sidqiyə məktubunda onu qınayıb yazırdı: "Mən sizə demədimmi Haşım bəyə sataşmayın?".

İsmayıl Həqqi yazır ki, Həmidə xanımın qızı Minanın toyu Mirzə Cəlilə bu hadisələri azacıq unutdurub, onun üçün camaatla ünsiyyət cəhətdən də fərəhverici vəsilə oldu. "Məclisdəkilərin çoxu əyan-əşrəf idi. Mirzə zarafata salıb dedi ki, bizimlə sizinki tutmaz, yolumuz ayrıdır. Siz ağ adamlarsınız, biz qara adamlarıq. Onun üçün iki cəbhəyə ayrılırıq". Ədibin bu halını bəyənən Həmidə xanım bir neçə gün sonra "Molla Nəsrəddin"in beşilliyi tamam olanda bir divar saatı alıb, hədiyyə olaraq Mirzə Cəlilin kabinetindən asmışdı.

Qardaşdan, dostdan artıq sevdiyi M.Ə.Sabirin ağır xəstəliyi, 1911 ildə vaxtsız ölümü C.Məmmədquluzadə üçün hədsiz bir itki oldu. O və Həmidə xanım Sabirə, ailəsinə müntəzəm maddi yardımdan qalmırdılar. Ailəsi ildən-ilə artıb böyüyən ədib maddi cəhətdən də ehtiyac içində olduğundan vəziyyətini dostu Q. Şərifzadədən aldığı borcla düzəldirdi. "Molla Nəsrəddin"in "Hophop"unu isə aydındır ki, heç kəs, heç nə əvəz edə bilmirdi, bilməzdi də.

1913 il avqustun 19-da Qurbanəli Şərifzadəyə məktubunda ədib yazırdı ki, "Qardaşım, sən mənə altı ay vaxt vermişdin ki, altı aydan irəli kağız yazmayım [...] Bilmirəm, altı ay keçib, ya yox, amma [...] bu dəfəliyə günahımdan keç; bundan sonra istəyirsən bir il vaxt qoy!".

Müharibə zamanı, məsələn, 1914 ildə "Molla Nəsrəddin" böyük çətinliklə hazırlanır və çap olunurdu (1914 ildə cəmi 25 nömrə çıxmışdır). Həmin ilin 7 oktyabrında C.Məmmədquluzadə jurnalın nəşrini "naməlum vaxta kimi dayandırdığım" Mətbuat Komitəsinə bildirir. Bu hadisə müxtəlif dilli mətbuatda təəssüflə qarşılanır, cürbəcür rəylər çap olunur. 1915 ilin oktyabrında ədib "Molla Nəsrəddin"in çapını davam etdirmək imkanı" olduğunu bildirib icazə istəyirsə də, məqsədinə çatmır. "Molla Nəsrəddin" barədə yenə müxtəlif fikirlər yayılır.

C.Məmmədquluzadə 1916 ilin əvvəlində M.Ə.Sidqiyə yazır: "Tiflisə gəldim ki, jurnalı yenə başlayıb, dostların köməkliyi ilə yeridəm. Amma işlər özgə bir surətdədir. Əvvəla Tiflisdə kağız yoxdur [...] mənzillər yenə birə üç bahalaşıb [...] Deyirlər Bakıda kağız var, amma orada "Molla Nəsrəddin" yazmaq olmaz". Jurnalın Bakıda nəşrini mümkün saymayanda C.Məmmədquluzadə bir neçə il əvvəl bu şəhərdəki bəzi qüvvələrin jurnaldakı tənqidə görə onu öldürmək istədiklərini, əleyhinə hər yerdə cinayətkar təbliğat apardıqlarını nəzərdə tuturdu.

Bütün çətinliklərə mətanətlə sinə gərən ədibin fikri-zikri neçə ildən bəri yazdığı, amma hələ heç bir teatra vermədiyi "Ölülər" pyesinin tamaşaya qoyulmasına nail olmaq idi. Bu arzusuna o, 1916 ildə çatır. Aprelin 29-da "Ölülər'in Bakıda, H.Z.Tağıyev teatrında ilk tamaşası çox uğurlu keçir. Tamaşaçılar müəllifin özünün "faciə" adlandırdığı "Ölülər"i xalqın dərdləri, zülmə, yekəbaşlığa nahaq dözümü barədə ittihamçı, kədərli bir əsər kimi qiymətləndirirlər. Qəzetlərdə N.Vəzirov, S.M.Qənizadə, N.Nərimanov, Ü.Hacıbəyov, H.Cavid, M.Ə.Rəsulzadə, S.Hüseyn və b.-nın tamaşa haqqında təəssüratları və məqalələri çap olunur. "Açıq söz" qəzeti yazmışdı: "Cümə günü Tağıyev teatrı bir ədəbiyyat bayramı keçirirdi. Molla Nəsrəddinin əsəri [...] "Ölülər" draması tamaşa edilirdi". Müəllimə Ş.Əfəndizadə lojada oturmuş bir azərb. qadının sözlərini misal gətirmişdt: "Mənim ixtiyarım öz əlimdə olsaydı, bu teatrı yazanı tapıb onun barmaqlarından öpərdim". Bu bayram əhval-ruhiyyəsinin əksinə, tanınmış jurnalist O. Orucov İsgəndər surətinə etirazını bildirir, pyes barədə tərifləri "gülünc" sayırdı. "Bəsirət" qəzetinin red. H.İ.Qasımovun ona cavabında deyilir: "Alqışçılar Mirzə Cəlil əfəndini bu pyeslə deyil, onun [...] nəşr etməkdə olduğu "Molla Nəsrəddin" ilə tanıyırdılar [...] Yaşasın Molla Nəsrəddinimiz!".

Pyesi Orta Asiyada tamaşaya qoymaq üçün Bakıdan Krasnovodska yola düşən C.Məmmədquluzadə və Qəmküsarı Aşqabad vağzalında azərb. ziyalılar qarşılayırlar. Lakin şəhərin Mirzə Cəlili, onun əsərlərini, jurnalını; dostu Qəmküsarı görməyə gözü olmayan bəhayilərdən ibarət mühafizəkarları, əksinə, qonaqları Aşqabaddan çıxartdırırlar. C.Məmmədquluzadə və Qəmküsar Daşkəndə gedir, orada "Ölülər"i cəmisi bir dəfə göstərib qayıdırlar.

1914 il oktyabrın 18-də C.Məmmədquluzadə böyük çətinliklə "Molla Nəsrəddin”in 25-ci sayını nəşr edəndən sonra, jurnalı iki il yarım çap etmək mümkün və məsləhət olmur. "Mümkün olmur" ona görə ki, kağız, mətbəə çox bahalaşmış, digər xərclər artmışdı; ona görə "məsləhət olmur" ki, bütün Avropa və Rusiya kimi, Azərb. və Gürcüstanda da şərait hələ sabitləşməkdən uzaq idi; müxtəlif silk və siniflərdən olan şəxslər xalqı hərə bir yola çəkir, çox vaxt buna müvəffəq də olurdular.

C.Məmmədquluzadənin 1917 il fevralın 16-da yazdığı kimi, "hökumətlərin bir neçəsi [...] özlərini bitərəf” saxlamışdılar. Bu şəraitdə ədib onu çoxdan düşündürən milli məsələ və ana dilinin taleyi ilə ciddi məşğul olur: "...bu zəhrimar dava başlanandan bir para zəif millətlər polyakların azad olmağını ünvan eləyib, istəyirlər baş qalxızsınlar ki, yəni biz də varıq; ...keçən ay Tiflisdə şəhər duması vəkilləri bir səslə qərar qoydular ki, hökumətin orta məktəblərində ana dilinin qeyri dərslər dərəcəsində oxunmağını tələb etsinlər". Duma məclisində müsəlmanlardan "tək bir nəfər şəxs var imiş ki, o da durub belə fərmayiş edib: - Ağalar [...] əgər biz duraq özgə elmləri də və özgə dilləri də oxuyaq və öz ana dilimizi oxuyaq, - bu, bir çətin işdir. Əgər biz ana dilimizə də qeyri millətlər kimi əhəmiyyət verək və öz aramızda ana dilimizdə danışaq, onda deməli gərək hər bir cəmiyyətimiz pozula; səbəb budur ki, [...] nə qədər ki, milli cəmiyyətlərimiz var, [...] üzvləri rusca danışırlar və çoxusu heç öz ana dilini bilmir".

Ana dilini hər bir xalqın milli müstəqilliyi və milli mədəniyyəti üçün çox vacib sayan C.Məmmədquluzadə bu fikrin tərəfdarlarını hörmətlə yad edib, Rusiyada, Gürcüstanda, İranda olan belə xadimlər haqqında yüksək ehtiramla yazırdı. Görkəmli İran alimi M. Tərbiyətin "Məşrutiyyət dövrü satirik mətbuatı" kitabında "Suri-İsrafil", "Həşəratul-ərz", "Bəhlul" və b. satirik mətbuat orqanlarına böyük qiymət verməsi də, şübhəsiz, M. üçün çox əhəmiyyətli idi, M. Tərbiyət yazırdı: "Azərbaycan türkcəsi ilə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı [...] satirik və yumorist orqanların ən yaxşısı) və faydalılarından biri idi. Şərq ölkələrində, doğrudan da, misli olmayan bu jurnal İran həyatına aid məsələlərdən də bəhs edirdi. İranın... "Suri-İsrafil"in "Çərənd-pərənd" sütunları başdan-başa "Molla Nəsrəddin"dən ilham alır, onun şivə, üslub və təsiri altında yazırdı" (Q.Məmmədli. Molla Nəsrəddin. (Salnamə). B., 1984, s. 235-236).

C.Məmmədquluzadənin qələmindən çıxmış "Bayramlar", "Qorxmayanlar", "Rus məxrəci", "Millətlər", "Azadiyi-vicdan", "Qondarma bəylər" kimi felyeton və məqalələri, xüsusilə, çox məşhurlaşan "Azərbaycan" publisist əsəri də ədibin fəaliyyətinin leytmotivlərinə aiddir. "Bayramlar" "müqəddəs İvan"ın "qətlə" yetirildiyi, "müqəddəs Marqosun ad günü", "müqəddəs Silvestrin" dişinin laxladığı vaxtı, "Qriqorinin başına soyuq" dəyməsini və bir çox belə "tarixi hadisələrin" qeyd olunmasının ölkə üçün, xalq üçün, məişət üçün törətdikləri çətinlik haqqında idi. Ədib yazırdı: "Əgər bundan sonra da müsəlmanların üzünə hökumət idarələri müqəddəs Afanasi adı ilə "prazdnik" deyilib bağlanacaq - dəxi nə azadlıqbazlıqdır?!".

"Qorxmayanlar" felyetonu özünü ruhanilərdən aşağı pillədə, çox aciz, hətta qul vəziyyətində görən rus təhsilli "müsəlman intelligentləri"nə qarşı çevrilmişdi. "Rus məxrəci" daha kəsərli felyeton idi: "...Bu saat Qafqaz müsəlmanlarını idarə edən şəxslərin heç birisi müsəlmanca yazıb-oxumaq bacarmır, ...bəlkə hələ fəxr eləyir ki, bacarmır". Ədib bundan belə bir nəticə çıxarır: "Bizim işimiz qurtarıb gedibdir. Elə rus missionerləri buna çalışırdılar"; Levitski, Ostroumov, Miropyev kimi ruslaşdırma siyasəiçiləri "çalışırdılar ki, bizləri ruslaşdırıb, dilimizdən və vətənimizdən bizi bilmərrə ayıralar". Nəhayət: "İndi biz görürük ki, camaatımız içində hörmət sahibi rusca danışanlardır".

Fevral inqilabını alqışlayan C.Məmmədquluzadədə bir müddət zəhmətkeş kütlələrini zülm və haqsızlıqlardan qurtarıb, demokratik inkişaf yoluna çıxacağına ümid yaranmışdı. O, nikbinliklə yazırdı ki, "...neçə müddətdən bəri bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib, minmişdilər camaatın boynuna. [...] Məzlumların ahu-naləsi ərşə qalxırdı. Bəli, zəmanə dolandı və [.,.] padşahı taxtdan saldılar", "indiki inqilab bir böyük novruzdur" ("Mübarək-Miq", 7.3.1917). Çox keçmədən ədib müvəqqəti hökumətin beynəlxalq militarist siyasətinin inqilabın qarşıya qoyduğu vəzifələrə, proqramlara zidd olduğunu başa düşüb, onun irticaçı mahiyyətini belə aşkarlayırdı: Dünya müharibəsinə səbəbkar qan tökən [...] köhnə rus hökumətidir". Yenə "hərbzədələr acından ağlayır", "Təzə hökumətimizin xariciyyə vəziri Milyukov [...] deyir ki, gərək İstanbuldan türkləri yerli-dibli qovaq. [...] A balam, get işinə-gücünə!".

Ədibin əvvəlki əhvalı get-gedə "Ağlaram ağlar kimi, Dərdim var dağlar kimi" fəryadı ilə, "Zənciri - müqəddəs" felyetonunda verdiyi bu ağır suallarla əvəz olunurdu: "Bəlkə bizdən sual elədilər ki, ey müsəlman yoldaşlar, siz hələ nə istəyirsiniz? Siz hara, azadlıq hara? Siz hara, musavat hara? Qorxuram onda xəcalət çəkək. Çox qorxuram".

Hadisələrin sonrakı inkişafi, ölkədə, özünün fəaliyyəti və şəxsi həyatında yaranan çox mürəkkəb vəziyyət C.Məmmədquluzadəni, onun jurnalını və qələm dostlarını yeni çətinliklərlə üzləşdirdi.

Mart-aprel aylarından başlayaraq M. ölkədəki vəziyyət, siyasi hadisələr, sosial qüvvələrin çarpışması, "Molla Nəsrəddin"in bu mürəkkəb şəraitdə vəzifəsi haqqında düşünüb, həm müasirləri, həm bədii-publisist yaradıcılığı, həm də ailəsi üçün "nə etməli?" sualına cavab axtarıb tapmalı oldu.

C.Məmmədquluzadəni düşündürən məsələlərin ciddiyyəti birə-on artmışdı. O məsələlər bunlar idi: Vilsonlar beynəlxalq aləmdə acgözlüklə hərbçi siyasət yeridirlər; indi yeni-yeni vuruş cəbhələri açmağa plan tökülür. Əksinə, xalqlar bunu görüb vətən müdafiəsinə həmişəkindən artıq hazırlığa başlamışdır ki, bu da onların həyatına, məişətinə mənfi təsirini göstərməkdədir. Xalqların özünüdərki qüvvətləndikcə milli şüuru da inkişaf edir; bu prosesdə ana dilinin müstəqilliyi, inkişafı, təmizliyi məsələlərinin də ortaya çıxması tamamilə labüddür, təbiidir. Çox təəssüf ki, avam, siyasi şüuru zəif müsəlmanlar bu məsələləri anlamadıqlarından onların fikrinə başqa-başqa "dərdlər" hakim kəsilir: "Son orta məktəblərdə ana dili söhbəti salırsan. Amma mən də sənə deyirəm ki, axır ana dili-zad qanmıram". Orta məktəblərdə və xeyriyyə cəmiyyətlərində ana dilinə hörmətsizlik, müsəlman qazılarını millətə başçılıq etmədikləri kimi məsələləri jurnal döno-dönə qaldırmışdı.

Bir tərəfdən Arazın o tayından gələn acgöz mərsiyəxanlar, Ağa Hacı Mirzə Məhəmmədhəsən ağalar "Allah rəhmətinə gedən" şəhidlər barədə şivənləri ilə, cəfəng sözlərlə dolu risalələri ilə camaatı ağladır, o biri tərəfdənsə matəmə şadlıq qarışır: camaat Novruz bayramına hazırlığa başlayır; "akülə düyüsü", "plov qazanı", "inək yağı", "şirniyyat" söhbətləri, "dərdləri" aləmi bürüyür...

C.Məmmədquluzadə yazırdı ki, bunlar azmış kimi, mömün müsəlman üçün "böyük dərd" və "təklif”lərdən biri Kərbəla və Xorasan ziyarəti idi; çünki onun əqidəsincə "ziyarətə on iki dəfə də getmək yaraşar, yüz on iki dəfə də yaraşar".

C.Məmmədquluzadə dövrünün mübariz siyasi xadimlərindən idi. Onun irəli sürdüyü vətənpərvər, xəlqi ideya və arzular haqqında elmi ədəbiyyatda çox yazılmışdır (Ə.Şərif, Mir Cəlal, Ə.Mirəhmədov, F.Köçərli, Z.Göyüşov və b.) C.Məmmədquluzadənin üçcildlik "Əsərləri"nin 2-ci cildində ilk növbədə bu məsələ tədqiqatçının diqqətini cəlb edir: "Kukureku" jurnalı çarın başını xoruz başı kimi verib yazmışdır: "Padşahı da mümkün imiş lağa qoymaq? [...] Burada əsrin allahını şəkillərdə çəkirlər, onu xoruza oxşadırlar, amma bizi indiyədək qoymayıblar ki, [...] çürüməkdə olan milyonlarca müfsid həşəratların eyiblərini açıb camaatı xəbərdar edək" (Əsərləri, 2 cild, s. 502). Başqa bir məqaləsində ədib çar və mövcud quruluş barədə yazır: "Ax, Nikolay! Gör bəxtin necə yatıb ki, səni iranlılar da müstəbid hesab eyləyirlər" (Əsərləri, 3 cild, s. 251).

Jurnal İran dövlət idarələrindəki ədalətsizlik, məhkəmə və s. cəza orqanlarındakı özbaşınalıqlarla bərabər, çar hakimlərinin cinayətkarlığını, çarizm ədliyyə sistemini də satira atəşinə tuturdu. M. yazırdı: "Mən... heç kəsdən qorxmuram... Bircə qaradovoydan qorxuram. Qaradovoy görəndə gözlərim qaralır, ayaqlarım titrəyir, başım gicəlir, rəngim qaçır, dilim tutulur və az qalıram özümdən gedəm" ("Molla Nəsrəddin", 1906, N18). Jurnal çar ailəsini təsiri altında saxlayan Rasputin kimi "cüvəllağı" "...Nikolayın bir böyük eybi var idi... Rasputin adında bir lotunu oturtmuşdu öz yanında... Cüvəllağı Rasputin korazehin padşahı elə təsxir etmişdi ki, bir övqat "Rusiya məmləkətinin padşahını Rasputin bilirdilər" (Əsərləri, 3 cild, s. 484). M. məharətlə bildirirdi ki, Danabaş kəndində "katdalıq eləyən çavuş Xudayar bəy fırıldaqları, əxlaqsızlığı, mənsəb üçün hər cinayətə əl atması ilə çar qlavalarından əsla geri qalmır". ("Danabaş kəndinin əhvalatları").

Rusiyadakı dövlət dumalarınn mahiyyətini açıb göstərmək də "Molla Nəsrəddin"in mübarizə planında az yer tutmurdu. "Üzv - yəni bir-birinin boğazını üzmək. Bəzi məmləkətlərdə millət məclisi yapışıb hökurmətin boğazını üzər, bəzi yerlərdə hökumət yapışıb millət məclisinin boğazını üzər..." (“Molla Nəsrəddin", 1907, N5).

C.Məmmədquluzadə dövlət dumasının sinfi mahiyyətini göstərib aydın yazırdı ki, duma üzvləri istismarçı zümrədən olduqlarına görə heç bir zaman xalqı müdafiə etmirlər, etməzlər.

Ədibin fikrincə "indiyədək hər hansi bir işdə, hansı bir xidmətdə (hərbi xidmət nəzərdə tutulur - red.), hansı bir idarədə və divanxanada, [...] hər yanda biz müsəlmanların ixtiyarı qeyri millətlərə nisbətən yarımçıq və bəlkə yox olubdur!" (Əsərləri, 3 cild, s. 436). 1906 ildə "Görpüsü pozuq kəndindən" başlıqlı bir yazıda "seçilən yüzbaşının sifətləri" sırasında bunlar göstərilmişdi: "1. Starşina ilə [bərabər] rüşvət yeməyi bacara; 2. Yumruğu böyük, beyni kiçik ola; 3. Təzə üsul və qaydaların candan düşməni ola; 4. Fəqir camaatın üstünə artıq "xərcü və bideh" (borc, vergi - red.) yazdırmaqda məharəti ola; 5. Camaatın xeyirli ittifaqlarını dağıtmaqda ixtiyar sahibi ola; 6. Hürriyyət və ədalət istəyənlərə nəfəs aldıqca lənət oxuya və bacardıqca onlara bihörmətlik göstərə; 7. Təzə rüşvət yerlərinin tədbirlərini çəkə" ("Molla Nəsrəddin", 1906, N4).

C.Məmmədquluzadə dövrünün ictimai-siyasi quruluşunu ifşa etməklə bərabər, yeni cəmiyyət haqqında, yeni dövlət hakimiyyəti və ictimai quruluş haqqında bir stra dəyərli fikirlər söyləmişdir. Onun bu görüşləri əsas etibarilə 1917 ilin yazında yazılmış "Cümhuriyyət" məqaləsində ifadə olunmuşdur. Ədib əsərlərində beynəlxalq münasibətlər məsələsinə dair fikirlərini də açıqlamışdır. O, beynəlxalq hüquq və dövlətlərin əməkdaşlıqlarından, qonşu dövlətlərin qarşılıqlı münasibətlərinin qaydaya salınmasından vacib iş kimi bəhs edərək göstərirdi ki, böyük və kiçikliyindən asılı olmayaraq bütün dövlətlər bir-birilə əməkdaşlıq etməlidirlər. Beynəlxalq əməkdaşlıq müstəmləkəçiliyə, iqtisadi və siyasi əsarətə əsaslanmamalıdır.

Oktyabr inqilabından sonra imperiyada yenə çox mürəkkəb, hətta dözülməz şərait yarandı. Cənubi Qafqazda müstəqil dövlətlər yarandıqdan sonra bir müddət jurnalı çıxarmaq mümkün olmadı. Ədib ailəsi ilə Kəhrizlidə məskunlaşdı. Lakin Qarabağda mühafizəkar qüvvələr, köhnəpərəstlər, "Molla Nəsrəddin”də tənqid edilmiş şəxslər böyük ədibə və onun ailəsinə ciddi başağrısı verməkdə idilər. Qardaşı Ələkbər onlara Təbrizə köçməyi məsləhət gördü.

C.Məmmədquluzadənin fəaliyyəti və şəxsi həyatı kimi, ədəbi yaradıcılığında, publisistikasında da nəzərə çarpan nikbinlik və irəliləyiş azalmaqda idi; ədib özü, jurnalı, qələm yoldaşları yeni çətinliklərlə üzləşirdilər. M. nəsri və dramaturgiyasında da estetik-fəlsəfi bədbinlik çalarları görünürdü. "Anamın kitabı" pyesini o belə bir şəraitdə, 1918 ilin dekabrında yazmağa başlayıb, təxminən üç aya, 1919 il fevral ayının sonunda başa vurdu. Təzə əsərini yazıçı ən əvvəl evdə oxudu. Onun ilk dinləyicisi Həmidə xanım yazır: "Əsər məni elə tutmuşdu ki, aludəliklə dinləyir, pyesdə cərəyan edən hadisələrlə yaşayırdım. Mirzə Cəlil pyesi oxuyub qurtardıqdan sonra gözlərim yaşardı və bir neçə dəqiqə fikrə gedib danışa bilmədim. Mirzə Cəlili təbrik elədim. [...] Uşaqlarımızın müəllimi Mirzə Xosrov "Ölülər" və "Anamın kitabı" pyeslərinin surətini çıxartdı" (Məmmədquluzadə H. "Mirzə Cəlil haqqında xatirələrim". B., 1967, s, 86).

"Molla Nəsrəddin"in sonrakı nömrələrində də İran gerçəkliyinin nöqsan və eyiblərinə dair yazılar, karikaturalar və s. dərc edilirdi. Rəsmləri İranın tanınmış rəssamı, İtaliyada təhsil almış Behzad çəkirdi. İranda çox yayılan "Ettelaaf qəzeti ", 28000 gün İran və dünya tarixi" adı ilə qəzetə əlavə olaraq silsilə məqalələr çap etmişdir. Həmin əlavələrin bir hissəsi İran məşrutə inqilabına (1905-1911) aiddir. İnqilabın məşhur xadimləri Səttarxan, Mələkül-Mütəkəllimin, Mirzə Cahangir xan və başqaları ilə yanaşı, M.Ə.Sabir, böyük ədib C.Məmmədquluzadənin də yaradıcılığına və onların İran məşrutə inqilabında roluna geniş yer verilmişdir.

C.Məmmədquluzadə və ailəsinin Təbrizdə qorxu içində yaşadığı, dolanacaq üçün qiymətli əşyalarını satdığı günlər də olmuşdu. Hörmət-izzətlə keçən vaxtları, Novruz bayramında şənlikiəri, qonaq gedib, qonaq qəbul elədikləri məqamlar da az deyildi.

Ailə Təbrizə gələndən bir ay sonra hakim dairə qardaşı qardaşından ayırmaq, onları guya əlbir "xatakarlıq" etməyə qoymamaq üçün Ələkbəri həbsə alıb, Marağa vilayət rəisi Sərdar Nəsirin evinə "fəxri sürgünə" göndərmişdi. Vəziyyətin ağırlığını görən və qardaşının öldürüldüyünü güman edən M. ailəsi üçün yeni bir mənzil alıb, özü gizlicə Bakıya yola düşmək, orada dostlarının köməyini xahiş etmək istəyirdi ki, Ələkbər gəlib çıxır.

Bakıdan rəsmi dəvət teleqramı alındıqda C.Məmmədquluzadə onu məmnuniyyətlə qəbul etdi. Təbriz-Culfa dəmir yolunun rəisi Treskinski onları rahat yola saldı.

1921 il iyunun 24-də Bakıya çatan ailə böyük ehtiramla qarşılanır. Hökumət başçılarından N.Nərimanov, D.Bünyadzadə, Ə.Qarayev ədibin görüşünə gəliriər. Ev, mükəlləfat məsələləri bir təhər düzəlməsinə ciddi başağrısı verməkdə idilər. Qardaşı Ələkbər onlara Təbrizə köçməyi məsləhət gördü.

C.Məmmədquluzadənin fəaliyyəti və şəxsi həyatı kimi, ədəbi yaradıcılığında, publisistikasında da nəzərə çarpan nikbinlik və irəliləyiş azalmaqda idi; ədib özü, jurnalı, qələm yoldaşları yeni çətinliklərlə üzləşirdilər. C.Məmmədquluzadə nəsri və dramaturgiyasında da estetik-fəlsəfi bədbinlik çalarları görünürdü. "Anamın kitabı" pyesini o belə bir şəraitdə, 1918 ilin dekabrında yazmağa başlayıb, təxminən üç aya, 1919 il fevral aymın so-nunda başa vurdu. Təzə əsərini yazıçı ən əvvəl evdə oxudu. Onun ilk dinləyicisi Həmidə xanım yazır: "Əsər məni elə tutmuşdu ki, aludəliklə dinləyir, pyesdə cərəyan edən hadisələrlə yaşayırdım. Mirzə Cəlil pyesi oxuyub qurtardıqdan sonra gözlərim yaşardı və bir neçə dəqiqə fikrə gedib danışa bilmədim. Mirzə Cəlili təbrik elədim. [...] Uşaqlarımızın müəllimi Mirzə Xosrov "Ölülər" və "Anamın kitabı" pyeslərinin surətini çıxartdı" (Məmmədquluzadə H. "Mirzə Cəlil haqqında xatirələrim". B., 1967, s, 86).

Həmidə xanımın xatirələrində 1918-1920 illərdə Qarabağda baş verən və onun özünün şahidi olduğu bəzi mühüm əhvalatlar haqqında da məlumat verilir: cəllad erməni sərkərdəsı Andronikin ingilis işğalçıları ilə əlbirliyi, erməni xeyriyyə cəmiyyətinin azərb. ziyalıları ələ almaq cəhdləri və s. Faşistləşmiş daşnak ermənilər Qarabağdan əlavə, ölkənin digər bölgələrində də vəhşiliklərə başlayanda Mirzə Cəlil ailəsini Təbrizə köçürməyə vadar oldu. 10 nəfərlik bu müsafir dəstəsinə M., həyat yoldaşı, övladları, başqa qohumları və köməkçiləri daxil idi. Fayton və atlar onları Xudafərin körpüsündən Arazın o tayındakı Qaradağ, Hüseynbəyli, Larcan, Əliabad, Əhər və s. yerlərdən keçirib aparır, müsafirləri yaxın dostları, qohumları, ziyalı tanışları, "Molla Nəsrəddin”in müxbirləri qarşılayır, gecələmək şərtilə qonaq saxlayırdılar. Əhərdə müsafirlər vaxtilə Rusiyada təhsil almış Mirzə Həbibdən xüsusi hörmət görürlər.

Lakin Təbrizin hökumət orqanları C.Məmmədquluzadəni bolşevik hesab edib, ailənin hər addımını dördgöz izləyirdilər. Təbrizli ziyalılardan Əbülfət Ələvi, İsgəndər xan Qaffari, Mehdi xan və b. M. ilə dostcasına görüşür, şəhər hakimləri ilə əlaqə saxlamasına kömək göstərirdilər. Hakimlərdən birinin "Molla Nəsrəddin"i fars dilində çıxarmağı təklif etməsi ədib üçün lap gözlənilməz olur. Böyük mübahisədən sonra jurnalın türkcə nəşrinə icazə verilsə də, 1921 il fevralın 19-da çıxan birinci nömrəsində Təbriz kargüzarxanasındakı bikarlara, xüsusilə, şəhərdəki fahişəxanalara kəskin satira atəşi açması rəsmi dairələrdə və şəhərdə böyük təlatümə, çaxnaşmaya səbəb oldu. Hökumət başqa milliyyətdən olan 600 əxlaqsız qadını altı günə sürgün edib şəhəri təmizlədi.

"Molla Nəsrəddin"in sonrakı nömrələrində də İran gerçəkliyinin nöqsan və eyiblərinə dair yazılar, karikaturalar və s. dərc edilirdi. Rəsmləri İranın tanınmış rəssamı, İtaliyada təhsil almış Behzad çəkirdi. İranda çox yayılan "Ettelaaf qəzeti "28000 gün İran və dünya tarixi" adı ilə qəzetə əlavə olaraq silsilə məqalələr çap etmişdir. Həmin əlavələrin bir hissəsi İran məşrutə inqilabına (1905-1911) aiddir. İnqilabın məşhur xadimləri Səttarxan, Mələkül-Mütəkəllimin, Mirzə Cahangir xan və başqaları ilə yanaşı, M.Ə.Sabir, böyük ədib C.Məmmədquluzadənin də yaradıcılığına və onların İran məşrutə inqilabında roluna geniş yer verilmişdir.

M. və ailəsinin Təbrizdə qorxu içində yaşadığı, dolanacaq üçün qiymətli əşyalarını satdığı günlər də olmuşdu. Hörmət-izzətlə keçən vaxtları, Novruz bayramında şənlikləri, qonaq gedib, qonaq qəbul elədikləri məqamlar da az deyildi.

1921 il iyunun 24-də Bakıya çatan ailə böyük ehtiramla qarşılanır. Hökumət başçılarından N.Nərimanov, D.Bünyadzadə, Ə.Qarayev ədibin görüşünə gəlirlər. Ev, mükəlləfat məsələləri bir təhər düzəlsə də, jurnalın nəşri uzanırdı. İki oğlu ilə Kəhrizliyə gedən Həmidə xanım orada dəyirmanı da, təsərrüfatı da dağınıq halda görür. Xəstə Ələkbər bir az sağalan kimi qulluğa girib, tez-tez rayonlara ezamiyyətə gedirdi. 1922 il martın ortalarında M. onu ağır xəstə balda Kəhrizliyə gətirir; O, Həmidə xanımın yazdığı kimi, "gündən-günə şam kimi əriyir", mayın 22-də vəfat edir və Kəhrizli qobiristanlığında dəfn olunur. "Molla Nəsrəddin"in keçmiş müəllifləri və dostlarından bir neçəsi artıq respublikanın rəhbərlərindən idi. Onların yaxından iştirakı ilə Azərb. K(b)P-nin Rəyasət Heyəti jurnalın fəaliyyəti üçün zəruri məsələlər haqqında qərar çıxardı. R.Axundov və S.Ağamalıoğlu qərarın yerinə yetirilməsmə kömək etdilər, Bakıda uzun-uzadı səylərdən sonra. "Molla Nəsrəddin"in birinci nömrəsi nəhayət, 1922 il noyabrın 2-də, yəni ədibin Şura Azərb.-ına qayıdışından 1 il 4 ay sonra çap olundu. Jurnalın mövzu, üslub, dil və orfoqrafiyası kimi, ənənəvi rəsm sənətkarlığını da layiqincə davam etdirən M, redaksiyaya məşhur xalq rəssamı Ə.Əzimzadəni, fırça ustası Beno Telinqateri cəlb etdi.

Birinci və sonrakı bir neçə nömrənin, demək olar, bütün mətnini ədib özü yazmışdı. Çox çəkmədən o, əvvəlki kimi, yenə ətrafına Ə.Haqverdiyev, Ömər Faiq, Ə.Nəzmi, M.S.Ordubadi və başqa mollanəsrəddinçiləri, babelə jurnalist və yazıçılardan C.Cabbarlı, B.Talıblı, Ə.Vahid və b. toplaya bildi. Rəssamların yeni nəslindən Ə.Hacıyev, Q.Xalıqov, İ.Axundov və b. da həvəslə işə qoşuldular.

"Molla Nəsrəddin”in qarşısında duran vəzifələri C.Məmmədquluzadə "Məsləkimiz" məqaləsində aydınlaşdırmışdı: İndiki "Molla Nəsrəddin"lə keçmişdəkinin təfavütü çox idi; əvvəllər juınal "istismarçı sinfi ifşa edirdi", İndi həmin sinif ləğv edilmişdir. Lakin "qalıqları tamamilə məhv edilməmişdir", yeni "Molla Nəsrəddin" bu yolda "öz satira qələmini işlətməkdən çəkinməyəcəkdir". Həqiqətən, cəmiyyətdəki eybəcər hallara - siyasət, iqtisadiyyat, mədəniyyət, əxlaq, adət-ənənə və s. sahələrdə xalq mənafeyinə zidd hər nə, hər kim varsa, "Molla Nəsrəddin" onlara gülür, oxucusunu onlarla mübarizəyə səfərbər etməyə çalışırdı. M.-nin yeni nəşr olunmuş "Ölülər", "Bəlkə də qaytardılar", "Molla Fəzləli", "Sirkə", "Şeir bülbülləri" kitabları da bu məqsədlərə xidmət edirdi.

1922 ildə "Yeni yol" qəzetinə məsul red. təyin edilən ədib bu işdə ilk vəzifəsini çoxdan arzusunda olduğu yeni əlifba uğrunda təbliğat və mübarizədən başladı, Qəzetin birinci nömrəsindəki "Təbrik" adlı məqaləsində o yazırdı ki, "biz bu yola qədəm qoyuruq. Və həmən qədəmimiz biçarə millət naminədir".

Latın əlifbasının ittifaq miqyasında təbliğ və tətbiqinə Azərb. MİK sədri S.Ağamalıoğlunun başçılığı ilə Mirzə Cəlil, Vəli Xuluflu, Xalid Səid və Bəkir Çobanzadədən ibarət heyət rəhbərlik edirdi. Heyət 1924 ilin payızında Krım, Tatarıstan və Orta Asiyada olub, bu işin əsasını qoydu. Azərbaycanda bir çox qəzet. jurnal və nəşriyyatlar yeni əlifba ilə çapa başladı. O illərdə M. Azərb.-dan əlavə Tiflis və İrəvanda keçirilən təntənəli tədbirlərin, yubileylərin möhtərəm qonağı olur, lakin elə düşünmək düzgün olmazdı ki, M. müqavimətlə, çətinliklərlə qarşılaşmırdı, əksinə, əvvəlki illərdəki kimi yenə də çətinliklər başdan aşırdı. Məişətdə, ədəbiyyat və mətbuatda təkcə ifşa, inkar, vurub dağıtmaq yolu ilə getməyən M. həmişəki kimi, yeni dövrdə də şairlik, müəllimlik, xoşbəxt, saf ailə münasibətləri, uşaq tərbiyəsi, geyim, rəftar və s. mövzularda da onlarca yeni, müsbət məzmunlu hekayə, felyeton yazmağı özünə borc bilmişdi: "Zırrama", "Saqqallı uşaq", "Şərq fakültəsi", "Hamballar", "Taxıl həkimi", "Şəhər və kənd", "'Qoşa balınc"...

Yeni əsərlər arasında 1929 il fevralın 22-də yazılmış "Proletar şairi" oçerki müəllif dilindən nağıl olunan çox maraqlı əsərdir. Epik nəsrdə bu, ən kiçik, lakonik həcm sayıla bılər. C.Məmmədquluzadənin pıublisistikası üçün adi, səciyyəvi olsa da, ədibin nəsrində həmin novün səciyyəvi təzahürü məhz bu oçerkdir. 20-ci illər Azərb.-ın sosial-etik həyatındakı, adamların zahiri portretindəki dəyişikliyi ən qısa bir süjetdə, bir neçə koloritli, həyati təfərrüatla vermək artıq C.Məmmədquluzadənin yenilik cəhdlərindən biri olmuşdu. Günlər, aylar keçdikcə ədib aşkar hiss edir ki, Sovet İttifaqındakı siyasi şərait, vulqar-sosioloji təmayül, respublikadakı bir çox başabəla xadimlər gec-tez onu və ailəsinı əvvəlki təsərrüfat və mülki imtiyazlardan məhrum edəcəklər. Belə meyllərə və təqiblərə bəzi ziyalılar da rəvac verirdilər. Gənc yazıçı Ə.Vəliyev və müəllim Ə.Qarabağlının "Molla Nəsrəddin" və C.Məmmədquluzadə əleyhinə məqalələri inkarçı çıxışları aşkar öcəşmə və ifşa məqsədi daşıyırdı. Resp. Xalq Maarif Komissarlığının rahbərlərindən İ.Bukşpanın "Molla Nəsrəddin" jurnalının vəziyyəti və "yaradıcılıq yolu" haqqında "məlumat vərəqəsi"ndə (onu Baş Mətbuat Müvəkkilliyinin əməkdaşı İ.Əliyev də imzalamışdı) tamamilə əndazədən kənara çıxıb, "Molla Nəsrəddin"in red. və əməkdaşları guya “siyasi cəhətdən geri qabmış, bisavad və siyasətlə maraqlanmayan adamlar", Ə.Əzimzadə "İstedadsız rəssam" adlandırılmışdı. C.Məmmədquluzadənin Azərb. MİK katibliyinə bu məsələlər və "Molla Nəsrəddin”in həqiqi siması haqqında yazdığı məktub nəticəsiz qalmışdı.

1922 il noyabrın 7-də Bakıda M.Ə.Sabirin heykəlinin açılışı mərasiminə C.Məmmədquluzadənin dəvət edilməməsi ədibə bərk təsir etmişdi. Bu gözlənilməz "təsadüf” haqqında gileygüzarını o, belə ifadə etmişdi: "Bu yığıncaqda gözə çarpınan bircə əskiklik var idi. O da bu idi ki, Sabirin təbinin atının iti qaçışına gözəl və geniş meydan hazırlayan Molla Nəsrəddin orada görsərmirdi. Çünki bu açılışın nə vaxt olması xəbərini ona heç bildirməmişdilər" (C.Məmmədquluzadə. Heykəl açılışı. "Yeni yol" qəzeti. 1922, 24 noyabr N11).

Böyük ədibə rəsmi dairələrin diqqətsizliyi və hörmətsiz münasibəti sonrakı illərdə də dəfələrlə təkrar olunduğuna görə Mirzə Cəlil öz təmkinini itirməməyi daha münasib bilmiş, bütün bunları ürəyinə salmışdı. O öz etirazını yalnız bircə dəfə, o da böyük ehtiyatla yazmışdı. Buna "Molla Nəsrəddin"in İran hökumətinə 1926 ildəki etirazı səbəb olmuşdu. Hətta ümumittifaq yığıncaqlarından birində SSRİ Xalq Xarici İşlər komissarı G.V.Çiçerin jurnalın İran haqqında tənqidini "İranla dostluğumuzu pozmaq" səyi hesab etmişdi. Çiçerinin münasibətinə Ruhulla Axundov mötəbər yığıncaqların birində etirazını bildirmişdi.

1922-1928 illərdə "Molla Nəsrəddin" jurnalı mövcud cəmiyyətin açıq tənqidi deyil, sadəcə, təmiri yolunda çalışmış və onun bu fəaliyyəti məqbul sayılmışdır. Jurnalın təsir və əhatə dairəsi xeyli genişlənmişdir. "Molla Nəsrəddin" Azərb.-dan, Qafqazdan əlavə, İranda, Şərqi Türküstanda, Tatarıstanda, Başqarıstanda, Qazaxıstanda, Dağıstanda və Krımda yayılmışdı. 1929 ildən "Molla Nəsrəddin"in ikinci dövrü - "şübhə və təqib" dovrü başlandı. Jurnalın, xüsusilə, Mirzə Cəlilin özünün tənqid və satirası çox vaxt yuxarı dairələrdə və bədxahlar arasında iqtidara sataşmaq, millətə böhtan atmaq kimi yozulmuşdur. Odur kt, "Molla Nəsrəddin"ə və ilk növbədə Mirzə Cəlilin özünə və işinə maneçilik törədilmişdir. Jurnal üçün ayrılan dotasiya da qəsdən azaldılmışdı.

Kəhrizli malikanəsindən əl çəkmək vaxtı çatdığını ədib çoxdan başa düşürdü. Nəhayət, Həmidə xanıma yığışıb Bakıya köçməyi məsləhət görür. O, köçüb gəlir. Az sonra Müzəffər də Kürdəmirdən glib Bakıda işə girir və sonra yenidən evlənir. Münəvvər Nehrəmə gedib şəfqət bacısı işləyir. Midhət ali məktəb qurtarıb mühəndis, Ənvər həkim olmuşdu.

1928-1929 illərdə qan təzyiqi artan ədib Şuşaya, Kislovodska, Borjomiyə müalicəyə gedirsə də, ona çox az xeyri olur. 1931 ildə "Molla Nəsrəddin" jurnalının 25 illiyinin Bakıda başdansovdu keçirilməsi C.Məmmədquluzadənin səhhətini daha da pisləşdirir. Böyük ədibə mənəvi zərbələrdən ən böyüyü 1931 ildə "Molla Nəsrəddin" jurnalının "Allahsız" adı altında nəşrə başlaması olur. 1932-ci il yanvarın 2-də ədib evdə özündən gedir. Can üstə olduğunu başa düşüb, güc-bəla deyir: "Midhəti çağırın". Amma oğlunu son dəfə görmək Mirzə Cəlilə qismət olmur. Ədib gözlərini həmişəlik yumur.

C.Məmmədquluzadənin vəfatı münasibətilə qəzetlərdə quru sözlərdən ibarət çox müxtəsər, imzasız nekroloq nəşr edilmişdi. Cənazəni qəbiristanlığa kiçik bir dəstə apardı. İstəkli dostu, yazıçı Eynəli Sultanov həmin gün Tiflisdən gəldi. Dəfn mərasimində Ə.Haqverdiyev, Ömər Faiq və ədibin bir neçə başqa qələm dostu iştirak etmişdi. M. Bakıda, Fəxri Xiyabanda dəfn olunmuşdur.

C.Məmmədquluzadə irsinin təxminən 23-ü 1906-1931 illərdə "Molla Nəsrəddin" jurnalında nəşr edilmişdir. Bu əsərlərdən çoxunun müxtəlif gizli imzalar və kriptonimlərlə, bəzilərinin isə imzasız nəşri onların xeyli hissəsinin bir müddət C.Məmmədquluzadəyə aid kitablardan kənarda qalmasına səbəb olmuşdu. Bunun gələcəkdə böyük çətinlik törədəcəyini hiss edən ədib yaşa dolduqca, xüsusilə, memuarını yazdıqda əsərlərinin taleyi haqqında qayğılanıb düşünməyə başlamış, vaxtilə işlətdiyi müxtəlif imzaların siyahısını müəyyənləşdirməyə çalışmışdır; təəssüf ki, xəstəliyi üzündən o, memuarı kimi, belə bir vacib işi də başa çatdıra bilməmişdir. Bu, tədqiqatçı, naşir və red.-ların bir neçə nəslinin öhdəsinə düşmüş, onlar hənıin istiqamətdə səmərəli fəaliyyət göstərmişlər. Elmi və ədəbi-tarixi məxəzləri, ədibin avtobioqrafiyasını, xatiratını, məktublarını, arvadı Həmidə xanımın və müa-sirlərinin müxtəlif yazılarının, digər köməkçi materialları tədqiq etmək, ideya-bədii, dil və üslub təhlilləri aparmaq yolu ilə yarım əsr mürəkkəb, çoxcəhətli atribusiya işi getmişdir.

C.Məmmədquluzadə tədqiqatçılarından Ə.Şərif, Ə.Nazim, H.Səmədzadə, Mir Cəlal, Ə.Mirəhmədov, Q.Məmmədli, T.Həsənzadə, M.Paşayeva, E.Qasımova, F.Bayramov və b. bu sahədə gördükləri işin ilk mühüm, müsbət nəticəsi ədibin "Əsərləri"nin hələ 1936-1947-ci illərdə H.Səmədzadə və Ə.Mirəhmədovun tərtibində çapdan buraxılmış üçcildliyində əksini tapmışdır. Üçcildlik C.Məmmədquluzadənin sağlığında Tiflis, Bakı, İrəvan və Peterburqdakı dövri mətbuatda, ayrı-ayrı kitab, məcmuə, jurnal və s.-də getmiş, çox öyrənilmtş, çox tanınmış əsərlərini əhatə edirdi. Sonralar Azərb. ədəbiyyatı və jurnalistikası tarixi, biblioqrafiya və mətnşünaslıq sahələrində tədqiqatın genişlənib dərinləşməsi, kitab nəşrinin ildən-ilə təkmilləşməsi "Molla Nəsrəddin" jurnalı səhifələrində qalmış onlarca felyeton, məqalə, satirik miniatür və s. yazını da üzə çıxarıb C.Məmmədquluzadənin "Əsərləri"nin yeni nəşrlərinə əlavə etmək imkanı verdi. Əlavələr C.Məmmədquluzadənin öz qələm dostları, əməkdaşları M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, M.S.Ordubadi, Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Ağaoğlu, M.Rəsulzadə, S.Mümtaz və başqalarının bioqrafiyasınin, ədəbi mühitinin, çox qiymətli irsinin öyrənilməsinə, nəşrinə də xeyli kömək etdi.

C.Məmmədquluzadə əsərlərinin boyük bir hissəsinin rus dilinə tərcümə edilib müqəddimə və jzahlarla nəşr olunması sahəsındə onun həyatı və yaradıcılığının tədqiqatçılarından prof. Əziz Şərifin xidməti xüsusi qeyd edilməlidir. Ədibin irsinin böyük bir hissəsi Ə.Şərifin əməyi sayəsində əlli ildən artıq müddət ərzində Moskva, Tbilisi və Bakı nəşriyyatlarında çap olunmuşdur. Söz yox ki, bu nəşrlər C.Məmmədquluzadənin dünya miqyasına çıxmasında az iş görməmişdir.

C.Məmmədquluzadə irsi üzərində gedən atribusiya və attateza işi bu günün özündə də hələ zəifdir, bir çox "düyünlər"in açılması vəzifə kimi qarşıda durmaqdadır. Bu istiqamətdə tədqiqatın vacibliyi həm də C.Məmmədquluzadənin yüzilliyi ərəfəsinda və sonra bəzi ədəbiyyatşünasların vaxtilə "Şərqi-Rus" qəzetində və "Molla Nəsrəddin" jurnalında çıxraış yazılardan bir qismıni böyük ədibin adına əsassız yazmalarından irəli gəlmişdir. Belə hallara məşhur bioqraf, biblioqraf, tədqiqatçı Q.Məmmədlinin ilk dəfə Ə.Mirəhmədovun redaktəsi ilə (B., Azərnəşr, 1966, 1984) çap olunmuş "Molla Nəsrəddin" salnaməsində, mətbuatşünaslıq və biblioqrafiya sahələrində faydalı işlər görmüş F.Bayramovun "Cəlil Məmmədquluzadə" biblioqrafıyasında (B., 1967), habelə İ.Ağayev, Ş.Novruzov və başqa müəlliflərin məqalələrində təsadüf olunur.

40-50-ci illərdə oxucuya C.Məmmədquluzadə irsi kimi təqdim olunan məcmuə və külliyyatların mündəricatında nisbi sabitlik yaransa da, sonralar hər yeni dövr orada bu və ya başqa dəyişiklik, ixtisar və daha artıq - əlavə lüzumu yaratmışdır. Məsələn, yubiley nəşrinin (Azərnəşr, 1966-1967) təkcə ikinci cildində 16 felyeton C.Məmmədquluzadə külliyyatına ilk dəfə düşmüşdür. Düzdür, mətnşünaslığın çox mühüm amili olan bu işdə "absolyut həqiqət" kateqoriyasından danışmaq artıqdır; bununla bərabər, hər halda M. irsini tam, elmi şəkildə tərtib və nəşr etməyi müasir ədəbi, mədəni ideallardan biri sayıb, ona nail olmaq üçün var qüvvə ilə çalışmaq çox şərəfli xidmət olacaqdır. Hər iki külliyyatın (üçcildlik və altıcildlik - red.) felyetonlarının çoxu 1967 ildə, ədibin 100 illiyi münasibətilə buraxılan üçcildlik "Əsərlər"ində (tərtib edənlər Ə.Mirəhmədov, T.Həsənzadə, redaktoru M.İbrahimov) nəşr edilmişdi. Birinci cildə M.İbrahimovun müqəddiməsi, Ə.Mirəhmədovun C.Məmmədquluzadə irsinin nəşri məsələlərinə dair məqaləsi də daxildir. Altıcildliyin (1984-1985) dördüncü və beşinci cildlərində əvvəlki yubiley nəşrinə düşməmiş bir sıra felyetonlar da verilmişdir. Belə felyetonların

əksəriyyəti "Molla Nəsrəddin" jurnalında C.Məmmədquluzadənin illər boyu işlətdiyi "Dəli", "Cırcırama", "Lağlağı" və s. kimi imzalarla getmişdi. Əlavə olunmuş felyeton və məqalələrin başqa bir qisminin altında isə bəlkə də, ilk illərdə "Molla Nəsrəddin"in redaktoru tərəfindən işlənib, sonralar onun qələm yoldaşlarının müştərək imza kimi istifadə etdikləri, hətta olsun ki, C.Məmmədquluzadənin razılığı, ya təşəbbüsü ilə büsbütün "mənimsədikləri" "Hərdəmxəyal", "Mozalan", "Qızdırmalı", "Bir tiflisli", "Dəhri" kimi imzalar var. Hər iki tipli əlavə, söz yox, son illər mütəxəssisiərin C.Məmmədquluzadə ətrafında tədqiqatına, xüsusilə onun ədəbi-jurnalist irsinin optimal surətdə öyrənilməsinə əsaslanmaqdadır.

Atribusiya işində Q. Məmmədli kimi qocaman tədqiqatçı ilə yanaşı, dərin, diqqətli işdən sonra "Cəlil Məmmədquluzadənin gizli imzaları" adlı namizədlik dissertasiyası yazmış ədəəbiyyatşünas E.Qasımova, "Molla Nəsrəddin”in poetikası" (Bakı, 1985) əsərinin müəllifi İ.Ağayev və b. iştirak etmişlər.

C.Məmmədquluzadənin həyatı, yaradıcılğı, "Molla Nəsrəddin" jurnalında fəaliyyəti, realizmi, satirası, dili, üslubu, sosioloji fikrin, teatr sənətinin, milli poliqrafiyanın, nəşriyyat işinin inkişafında rolu, müasirləri ilə münasibətləri və s. məsələlər haqqında Azərb., İran, Türkiyə, Rusiya, Qərbi Avropa və ABŞ-da zəngin elmi, tənqidi, publisist, kütləvi, biblioqrafik ədəbiyyat nəşr edilmiş, pyes, film, musiqi, təsviri sənət, heykəltəraşlıq əsərləri, televiziya verilişləri yaranmışdır. Bu çoxcəhətli mövzular üzərində dövlət xadimlərindən N.Nərimanov, S.Ağamalıoğlu, H.Əliyev, alimlərdən Ə.Nazim, M.Arif, Ə.Şərif, M.Cəfər, Mir Cəlal, M.Rəfili, Ə.Sultanlı, C.X.Hacıyev, Ə.Mirəhmədov, İ.Həbibbəyli, K.Talıbzadə, M.Qasımov, M.Əlioğlu, F.Hüseynov, X.Əlimirzəyev, N.Babayev, H.İsrafilov, Ə.Hüseynov, T.Həsənzadə, S.Əmirov, İ.Ağayev, E.Qasımova, yazıçılardan E.Sultanov, Ə.Nəzmi, M.İbrahimov, Həmidə xanım, Q.Məmmədli, Mehdi H., Anar, B.Vahabzadə, S.Dağlı, Ş.Qurbanov, sənətşünaslardan M.Məmmədov, İ.Axundov, Ə.Hacıyev, A.İsgəndərov, R.Təhmasib, xarici müəlliflərdən A.Benniqsen, H.Brandes, M.Tərbiyət və b. çalışmışlar.

Azərb.-da bir sıra mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına), Naxçıvan MR Ədəbiyyat muzeyinə, Bakıda küçəyə C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxanbazar rayonu və şəhəri 1967 ildən onun şərəfinə Cəlilabad adlandırılmışdır. Bakıda, Naxçıvanda və Cəlilabadda ədibin heykəli qoyulmuşdur.