M
Məmmədquluzadə-Cavanşir Həmidə xanım Əhməd bəy qızı
Məmmədquluzadə-Cavanşir Həmidə xanım Əhməd bəy qızı (1873-1955) - Azərb.-ın ilk maarifçi qadınlarından biri, C.Məmmədquluzadənin həyat yoldaşı. İndiki Ağcabədi r-nunun Kəhrizli kəndində anadan olmuşdur. Ailə təhsili almış, Azərb. və rus dillərini mükəmməl öyrənmişdi. 80-ci illərdə hərbçi podpolkovnik İbrahim bəy Davatdarova ərə getmiş, ondan 2 uşağı olmuşdu. 1902 ildə İ.Davatdarov vəfat etdikdən sonra uşaqları ilə birlikdə Kəhrizli kəndino qayıdaraq, atasından qalmış təsərrüfatı idarə etməyə başlamışdır. 1905 ildə atası Ə.Cavanşirin uşaqlara məxsus mənzum hekayə və tərcümələrdən ibarət əsərlərinin əlyazmalarını nəşr olunmaq üçün Tiftisdo "Qeyrət" mətbəəsinə təqdim edərkən M. ilə tanış olmuşdur. 1907 il iyunun 15-də Həmidə xanım Mirzə Cəlillə ailə qurmuş və ədibin ömrünün sonunadək çətin və keşməkeşli həyat yollarında həmişə ona mənəvi dayaq olmuşdur.
Həmidə xanım Kəhrizli kəndində tibb məntəqəsi, toxuculuq emalatxanası, 1909 ildə isə M.-nin iştirakı və köməyi ilə 30 oğlan və 10 qızın oxuduğu məktəb açdırmışdır. Həmidə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin (1906-1917) yaradıcılarından idi. 1912 ildə o, Zaqafqaziya pambıqçılarının 13-cü qurultayında çıxış edərək təsərrüfatın bu sahəsinin inkişaf etdirilməsi üçün faydalı təkliflər irəli sürmüşdür.
1911 ildə Həmidə xanım xəstə M.Ə.Sabirin müalicəsi üçün əlindən gələni əsirgəməmişdir. Şair şeirlərinin birində Həmidə xanımın zəhmətini minnətdarlıqla yad edirdi. Sabirə xanım Cavanşirin göstərdiyi qayğını yüksək qiymətləndirən Üzeyir Hacıbəyov "Məlumat” qəzetində yazırdı: "Qoy ədəbiyyat tarixində yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən kişi olmadısa da, bir nəfər arvad (Həmidə xanım nəzərdə tutulur - red.) oldu ki, şairin səhhəti və onun müalicəsi üçün milyonçu kişilərə rəğmən öz varından keçəcək qədər böyük bir həmniyyət göstərdi". "Məlumat" qəzeti, 1911, 7 avqust)".
"Molla Nəsrəddin" jurnalının nəşrində, onun səhifələrində qadın azadlığı məsələlərinin işıqlaındırılmasında M.C.-in böyük xidməti olmuşdur. M.-nin Cənubi Azərb.-a səfəri zamanı da o, ədibin ən yaxın köməkçisi idi.
Sovet hakimiyyətinin ilk illərində Həmidə xanım Kəhrizlidə yaşamış, bəy nəslindən olduğu üçün ciddi çətinliklərlə üzləşmişdi. Onun torpaqları əlindən alınmış və səsvermə hüququndan məhrum edilmişdi. Nəhayət, birdəfəlik Bakıya köçən M.-C, həyatının qalan hissəsini burada yaşamışdır. M.-nin vəfatından sonra, o, böyük ədibin həyat və fəaliyyətinin öyrənilməsi, yaradıcılığının təbliği, ədəbi irsinin tərcüməsi və nəşri məsələləri ilə məşğul olmıışdur. M.-C. atası Əhməd bəy Cavanşir, Mirzə Cəlil və M.Ə.Sabir haqqında xatirələr yazmış, Azərb. yazıçılarının əsərlərini, o cümlədən M.-nin bir sıra hekayələrini ruscaya tərcümə etmişdir. Həmidə xanım ədəbiyyatçı-folklorşünas kimi də fəaliyyət göstərmiş, Azərb. xalq ədəbiyyatı nümunələrinin, tarixi şəxsiyyətlər haqda rəvayətlərin toplanılması sahəsində mühüm işlər görmüşdür.
Bakıda, Fəxri xiyabanda, M.-nin yanında dəfn edilmişdir.