Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Məmmədquluzadə Ənvər Cəlil oğlu

Məmmədquluzadə Ənvər Cəlil oğlu (1911-1979) - C.Məmmədquluzadənin oğlu. Uşaqlıq illəri Tiflisdə və Kəhrizlidə keçmiş, 1920-1921 illərdə ailə üzvləri ilə birlikdə Təbrizdə yaşamışdır. Sonra Bakıya qayıtmış, təqr. 1939 ildə Azərb. Tibb in-tunu bitirmiş, həmin in-tun əczaçılıq kafedrasında işləmişdir. 1940-1941 illərdə o, həm də poçt müdiri vəzifəsində çalışmışdır. Məhin Hüseyn qızı Dadipurla evlənmiş, 1940 ildə Mehri adlı qızı dünyaya gəlmişdir (hazırda anası ilə birlikdə Parisdə yaşayır). Ənvər və Məhin xanım Böyük Vətən müharibəsi illərində həkim kimi ordu sıralarına çağırılmış və sovet qoşunlarının tərkibində İrana getmişlər. Bir ildən sonra onların nikahı pozulmuş, Ənvər burada ikinci dəfə polyak qızı, onunla bir xəstəxanada işləyən tibb bacısı Zofya Bahrinovskaya (1922-1979) ilə evlənrmişdir. Bu nikahdan övladları - Midhət (d. 1944), Nizhət (d. 1948), Teymur (1949-1994), İren (d. 1951) Cavanşirlər dünyaya gəlmişlər. Fars və alman dillərini öyrənən M. İrandan Vətənə qayıtmamış, Cavanşirin soyadını qəbul edərək Rəştdə, Əhvazda və Tehranda həkim işləmiş, şəxsi klinika sahibi olmuşdur. O, müxtəlif yollarla Bakıya məktublar göndərir, Həmidə xanımın qohumları ilə əlaqə saxlayırdı.

Filol. e.d., prof. İsa Həbibbəyli uzun axtarışdan sonra Mirzə Cəlilin nəslinin davamçılarını tapmış, 1992 il yanvarın 25-də Tehranda ədibin nəvələri ilə görüşmüşdür.