Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Marağayi Zeynalabdin Əli oğlu

Marağayi Zeynalabdin Əli oğlu (1838-1910) - yazıçı, maarifçi. Mədrəsədə təhsil almış, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Gənc yaşlarında Kutaisi və Yaltada yaşamış, rus dilini öyrənmiş, rus və Qərbi Avropa ədəbiyyatı ilə yaxından tanış olmuşdur. M.F.Axundovun elmi, fəlsəfi, ədəbi irsinə dərin rəğbət bəsləmişdir. 3 cildlik "İbrahim bəyin səyahətnaməsi" (farsca; 1897, 1906-09) romanının müəllifidir. Romanda İranın mütləqiyyət rejimi, sosial bərabərsizlik, feodal-patriarxal qayda-qanunları, xan, bəy, məmur zülmü kəskin tənqid olunur.

M. ölkənin iqtisadi asılılıqdan qurtuluş yolunu milli sənayenin yaradılmasında görürdü. Roman Azərb., İran, Türkiyə, Hindistan, Misir və b. ölkələrdə böyük şöhrət qazanmış, İstanbul, Kəlküttə və Qahirədə dəfələrlə nəşr edilmişdir. Azərb. dilində roman ilk dəfə Kərbəlayi Vəli Mikayılovun tərcüməsində (1911) nəşr olunmuşdu. Məmmədquluzadə bu əsəri yüksək qiymətləndirmiş, özünün "İran konsulları", "Həmşəri", "Hansı elmlər lazım", "İran fəhlələrinin pulu hara gedir" və digər felyetonlarında romandan ustalıqla istifadə etmişdir.