Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Mehdi Hüseyn

Mehdi Hüseyn (Mehdi Əli oğlu Hüseynovun təxəllüsü) (1909-1965) - nasir, dramaturq, tənqidçi, ict. xadim. SSRİ Dövlət mükafatı laureatı (1950). Azərb. xalq yazıçısı (1964). ADU-nun tarix fakültəsini (1931) və Moskvada Dövlət Kinematoqrafiya İn-tunun kinossenariçilər kursunu (1938) bitirmişdir. Ədəbi fəaliyyətə 20-ci illərin ortalarında başlamışdır. Azərb.-da yeni tipli ədəbi təşkilatların təşəkkülündə fəal iştirak etmiş, Azərb. Proletar Yazıçılar Cəmiyyətinin, Azərb. Yazıçılar İttifaqının rəhbərlərindən olmuşdur. Povest və romanların ("Kin", "Daşqın", "Abşeron", "Səhər", "Yeraltı çaylar dənizə axır" və s.), tarixi və müasir mövzuda dram əsərlərinin ("İntizar", "Nizami", "Cavanşir", "Alov") müəllifidir.

M.H. tənqid və publisistika sahəsində də fəaliyyət göstərmişdir. Onun klassik ədəbi irsə münasibət məsələsinə, milli ədəbi təcrübəyə və ənənəyə həsr olunmuş məqalələri dərin elmi-nəzəri səviyyəsi ilə seçilir. Azərb. ədəbiyyatının əsas inkişaf qanunauyğunluqlarından danışarkən o, bu prosesdə Məmmədquluzadə yaradıcılığının rolunu, onun ədəbi məktəbinin əhəmiyyətmi göstərmişdir. Hələ 30-cu illərdə, o, "Ədəbi döyüşlər" kitabında (1932) Məmmədquluzadənin yaradıcılığına toxunur, onun ədəbiyyatda demokratik meyillərin inkişafında rolunu qiymətləndirməyə çalışırdı. Lakin o, kitabında marksist tənqidin sosioloji metodologiyasının təsirinə qapılaraq Məmmədquluzadəni "demokratik-xırda burjua ədəbi cərəyanına" mənsub yazıçı adlandırır, əsərlərində "xırda burjua ünsürləri" olduğunu qeyd edirdi.

Buna baxmayaraq o, eyni zamanda Mirzə Cəlilin "Azərbaycan ədəbiyyatında böyük inqilabi rol oynadığını" da göstərirdi. Sonrakı illərdə yazdığı məqalələrdə isə o, Məmmədquluzadə yaradıcılığını daha dərindən və obyektiv qiymətləndirir, onun 20 əsr ədəbiyyatındakı yerini, ədəbiyyatda, milli bədii təfəkkürdə realizmin dərinləşməsində və aparıcı mövqe tutmasında nəsrinin, dramaturgiyasının, publisistikasının rolunu göstərirdi. "Dahi sənətkar" (1941), "Düşündürən sənətkar" (1947) məqalələri bu cəhətdən diqqətə layiqdir.

M.H. məqalələrində ədibin realizminin, xüsusilə, satirasının "böyük ideallara" xidmət etdiyini yazır, dramaturgiyasını "böyük fikirlər, canlı xarakterlər dramaturgiyası" adlandırır, "Ölülər" komediyasını isə "dərin fəlsəfi komediya" kimi səciyyələndirirdi. Məmmədquluzadənin yaradıcılığı ətrafında müzakirələrdə də, bu irsin ideya əsaslarının qiymətləndirilməsi ilə bağlı mübahisələrdə də M.H. yaxından iştirak etmişdir. O, ədibin "inqilabi demokratizmini" şübhə altına alanları kəskin tənqid etmiş, belə meylləri bütövlükdə milli ədəbi irsə yanlış münasibətin ifadəsi saymışdır. M.H. məqalələrində, həmçinin yeni, müasir Azərb. nəsrinin, yeni milli romanın yaranmasında Mirzə Cəlil ənənələrinin misilsiz rolunu da dönə-dönə qeyd etmişdir.

Bu ənənələri qiymətləndirərək o, "biz, Azərbaycan sovet nasirləri, Cəlil Məmmədquluzadənin "Poçt qutusu"ndan çıxmışıq" məşhur aforizmində çox mühüm bir ədəbi həqiqətin ifadə olunduğunu yazırdı. Tənqidçi "Azərbaycan romanı haqqında" adlı məqaləsində müasir nəsrin keçdiyi yolu səciyyələndirərək, Məmmədquluzadə nəsrinin bu prosesdə oynadığı müsbət rolu xüsusi qiymətləndirmişdir.