Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Muradxanov Mərdan Əsədulla oğlu

Muradxanov Mərdan Əsədulla oğlu (1909-1979) - pedaqoq-alim. Prof. (1961). Azərb. əməkdar elm xadimi (1973). Bakı Pedaqoji Texnikumunu (1927), APİ-nin pedaqogika fakültəsini (1932) bitirmişdir. Azərb. Elmi Tədqiqat Pedaqogika İn-tunda elmi işlər üzrə direktor müavini (1946-1952), APİ-də pedaqogika (1952-1958) və ibtidai təhsil nəzəriyyəsi və metodikası (1960-1979) kafedralarının müdiri işləmişdir. Azərb. və dünya pedaqoji fikir tarixinin tədqiqi, ailə tərbiyəsi məsələləri, didaktikanın aktual problemləri və s. M.-un elmi tədqiqat dairəsinə daxil olan başlıca problemlərdir. M. Azərb.-da çap olunan "Pedaqogika" (1958-1959, 1964) dərsliklərinin, Moskvada nəşr edilən ikicildlik "Pedaqoji lüğət"in və dördcildlik "Pedaqoji ensiklopediya"nın müəlliflərindəndir.

M. ilk dəfə olaraq Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" əsərinin dərin pedaqoji təhlilini vermişdir ("Azərb. məktəbi"jurnalı, 1966, N12). M. müəllim Həsənov surətini "xalqdan çox uzaq, əhali ilə dil tapmağı bacarmayan bir şəxs kimi" səciyyələndirərək yazır: "Cəlil Məmmədquluzadə çar dövləti tərəfindən açılmış məktəbdə uşaqlara "çəyirtgənin qulağının dizlərində olması" və ya "qarpızın içinin arşınla ölçülməsi" haqqında həyatdan uzaq biliklər verildiyini göstərməklə, bu məktəblərin həyatdan necə ayrı düşdüyünü, müəllimin isə kəndlilərin heyatına və ehtiyacına necə nabələd olmasını göstərib tənqid edir". M. yazır: "Ö (C.Məmmədquluzadə - red.), məktəbin inzibati yolla, xalqın başı üstündən açılmasını qəbul etmir, məktəbin xalq tərəfindən açılmasını, xalqa yaxın olmasını, müəllimin isə xalqa qaynayıb-qarışmasını, xalqın ehtiyacı ilə yaşayıb, uşaqlara da xəlqilik ruhunda təlim-tərbiyə verməsini arzu edirdi".

Tədqiqatçı belə bir nəticəyə gəlir ki, "Danabaş kəndinin məktəbi" kəskin ictimai və pedaqoji məzmun daşıyır və çar hökuməti dairələrinin məktəblərin təşkilinə, onun həyatdan uzaq müəllimlərinə və rəsmiyyətçi, formalist dərslərinə qarşı müəllifin necə kəskin tənqidi münasibət bəslədiyini göstərmək üçün zəngin material verir".