Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Müznib Əlabbas

Müznib Əlabbas (Əlabbas Mütəllib oğlu Əhmədovun təxəllüsü, 1882-1938) - şair, naşir, publisist, tərcüməçi, ədəbiyyatşünas. Ədəbiyyata romantik şeirlərlə gəlmişdir. "Zənbur" (1909-1910), "Hilal" (1910-1911), "Şəhabi-saqib" (1911), "Dirilik" (1914-1916), "Övraqi-nəfisə" (1919) kimi mətbuat orqanlarının naşiri və red. olmuşdur.

Ə.Müznib əsərlərinin köhnə üslubu, ağır, anlaşılmaz dili, qeyri-təbii ifadə tərzi sənətdə millilik və xəlqilik uğrunda mübarizə aparan mollanəsrəddinçiləri razı salmamışdı.

C.Məmmədquluzadə şair-publisistin "Həqiqət" qəzetində dərc olunmuş "Kabusi-əzim" məqaləsini ona görə tənqid edirdi ki, orada xalqın fayda götürə biləcəyi əhəmiyyətli bir mətləb yox idi. Məqalənin ağır dilini, mücərrəd məzmununu rişxənd hədəfinə çevirərək yazırdı; "Vətən övladına tövsiyə edərik ki, türk ədəbiyyatına ən parlaq nümunə olan bu açıq və fəsib yazıları əzbərləsinlər ki, təzdən ədib olmaq yolunu öyrənələr" ("Molla Nəsrəddin" jurnalı, 1910, N5).

C.Məmmədquluzadə Ə.Müznibin "kifsimiş ibarələrdən tərtib olunmuş "qeyri-təbii yazıları"nı tənqid edərək ona üslubunu yeniləşdirməyi, xalqda ədəbiyyata, mətbuata rəğbət yaradan əsərlər yazmağı tövsiyə edirdi. "Sizin bu kifsimiş ibarələriniz, ürək bulandıran bu qeyri-təbii yazılarınız da münhəl və məqbul olacaq... Lakin burasını bilə bilmirik ki, "Həqiqət" ibarəsi yazı qıtlığınamı düşdü ki, bu cür qoxumuş yazıları camaatın burnuna soxub onları qəzetdən ikrah etdirir" (Yenə orada). M. Sovet hakimiyyəti illərində mətbuat orqanlarında və mədəni-maarif idarələrində məsul vəzifələrdə çalışmışdır.