Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

N

Namiq Kamal

Namiq Kamal (1840-1888) -türk yazıçisı, ictimai və siyasi xadim. Yeni türk ədəbiyyatının ən görkəmli yaradıcılarından biri. İlk yazıları əvvəlcə əməkdaşı, sonra isə red. oiduğu "Təsviri-əfkar" (1865-1867) qəzetində dərc olunmuşdur. Dövrünün qabaqcıl görüşlərinə yiyələnən N.K. hürriyyət carçısı kimi dövlət tərəfindən təzyiqlərə məruz qalmış, mühacirət etməyə məcbur olmuşdur. Vətənə qayıtdıqdan sonra dəfələrlə həbs və sürgün edilmişdir. Londonda "Hürriyyət" (1868-1870) və İstanbulda "İbrət" (1870-1873) qəzetlərinin red. olmuşdur. Pyesləri, nəsr əsərləri, tarixi araşdırmaları, ədəbi, siyasi məqalələri və şeirləri N.K.-ı Türkiyə ədəbiyyatının ən parlaq simalarından biri - "Vətən şairi" kimi tanıtmışdır. Mollanəsrəddinçilər N.K. irsinə tez-tez müraciət etmişlər. M. ədibin yaradıcılığını yüksək qiymətləndirmiş, 1907 ildə onun mollanəsrəddinçi şair-dramaturq M.F.Axundov tərəfindən Azərb. dilinə adabta edilmiş "Röya" pyesini "Qeyrət" mətbəəsində kitabça şəklində çap etmişdi. "Molla Nəsrəddin" jurnalında dərc olunan bir sıra məqalə və felyetonlarda da N.K. əsərlərinə istinad olunur və ifadələrindən istifadə edilir. Q.Şərifzadənin "Qiyamətmi qopar?" felyetonunun sərlövhəsi N.K.-ın "Vətən" dramından əxz olunmuşdur.

Jurnalın 1914 il 5 fevral tarixli sayının üz qabığında verilmiş karikaturanın altında N.K. şeirindən bir beyt verilmişdi:

Ey qüdrətli, yaralı şir, bu qəflət yuxusundan oyan! Gəzdiyin nazlı səhralar zülm köpəklərinə qaldı.

Karikaturada şir simasında əzilən İslam aləmi, itlərin timsalında isə imperialistlər, müstəmləkəçilər nəzərdə tutulurdu.