Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

N

Nemanzadə Ömər Faiq

Nemanzadə Ömər Faiq (1872-1937) - publisist, maarifçi, ictimai xadim. Təhsilini doğma kəndində aldıqdan sonra, 1882-1891 illərdə İstanbulun Darüşşəfəq məktəbində oxumuşdur. 1892 ildə vətənə qayıtmış, on ilə qədər Ahısqada, Şəkidə, Şamaxıda, Tiflisdə müəllimlik etmiş, Azərb.-da ilk üsuli-cədid məktəbinin banilərindən olmuşdur. Elə o vaxtdan da publisistik fəaliyyətə başlamış, ilk yazılarını Krımda çap olunan "Tərcüman"da dərc etdirmişdir. XX əsrin əvvəllərində Tiflisdə "Şərqi-Rus" nəşrə başlayır və Ö.F. onun əsas əməkdaşlarından biri olur. Ö.F.-in Mirzə Cəlillə tanışlığı da buradan başlanır. Qəzet bağlanandan sonra Mirzə Cəlil və Ömər Faiq tacir Ələsgər Bağırovun maddi köməkliyi ilə onun mətbəəsini satın alaraq, onu yenidən qurur, adını "Qeyrət" qoyub müxtəlif movzuda kitab nəşr edirlər. 1906 ildə "Molla Nəsrəddin" jurnalı həmin mətbəədə çap olunmağa başlayır.

Ö.F. "Qeyrət" mətbəəsinin və "Molla Nəsrəddin" jurnalının yaradıcılarındandır. 0, jurnalın qeyri-rəsmi ikinci red. hesab olunurdu. M. xəstə Həmidə xanımın təsərrüfat işlərini sahmana salmaq və bir qədər dincəlmək üçün Qarabağa gedərkən, Ö.F. Türkiyədə təhsil aldığına görə Mətbuat Komitəsi jurnalın red.-luğunun ona həvalə olunmasına razılıq vermədiyindən, bu iş müvəqqəti olaraq M. Sidqiyə həvalə olunmuşdu. Amma hər şeydən göründüyü kimi, Mirzə Cəlil olmayanda jurnalın bütün işlərinə Ö.F. rəhbərlik edirdi. 1911 ildə Mirzə Cəlil Qarabağdan Tiflisə, jurnalın müvəqqəti red. Məmmədəli Sidqiyə göndərdiyi məktubda deyirdi: "Bunu sənə qabaqlar da istəyirdim yazam ki, Faiq əfəndi bundan sonra orada sahibi-ixtiyardır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən".

Zəngin publisistık təcrübə qazanmış Ö.F.-in qələmi bu illərdə daha da kəskinləşdi. "Hələ arzularımın mində birini yazmamışdım" deyən Ö.F. yorulmadan yazıb yaradır, "Molla Nəsrəddin"in zülmət səltənətinə, "Zorbazorlar" dünyasına qarşı çevrilmiş mübarizəsini davam edirdi. Jurnal 1907 ildə müvəqqəti bağlanarkən Ö.F. inamla yazırdı: "Bu az maarifımizlə də olsa, içimizdə bir çox mollanəsrəddinçilər var. Bu gün MolIa Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar,... "Molla Nəsrəddin"i meydana gətirən fikirlər bağlanmayacaq".

Ö.F. publisistik fəaliyyətini təkcə "Molla Nəsrəddin"lə məhdudlaşdırmır, dövrünün bütün əsas qəzetlərində açıq və gizli imzalarla (ən çox işlətdiyi "Ümidvar" idi) çıxış edirdi. Bütün mollanəsrəddinçilər kimi Ö.F. də xalqın dilinə, ədəbiyyatına, zəngin mənəviyyatına xüsusi diqqət yetirir və inamla bildirirdi ki, "insanları qara cəhalətdən və istibdaddan xilas edən yalnız və yalnız ədəbiyyatdır".

Cəsarətli çıxışlarına, prinsipial və barışmaz mövqeyinə görə Ö.F. həmişə təqib edilirdi. Dəfələrlə onun evində axtarışlar aparılmış, yazıları müsadirə olunmuş, felyetonları jurnal və qəzet səhifələrindən çıxarılmışdır. O, 1907 ildə həbs edilib Metex qalasına salındı. İctİmaiyyətin tələbi ilə həbsdən azad olandan sonra "Molla Nəsrəddin"in rəssamı O.İ.Şmerlinq Ö.F.-in tənqid və ifşa hədəfləri arasında onun ayağı qandallı portretini çəkmiş, M.Ə.Sabir ona "Soldumu gülzarın, ey Faiqi-Neman nəsər" misrası ilə başlayan bir şeir həsr etmişdi.

1918 ildə Azərb.-da demokratik resp. quruldu. O zaman Ö.F. doğma yurdunda Ahısqa türklərinin azadlıq problemləri ilə məşğul idi. Lakin gürcü menşevikləri və şovinist dairələri ona imkan vermirdilər. 1919 ildə Ö.F. üç dəfə həbs edilmişdi. Gürcü menşevik hökumətinin parlamanı 1919 il fevralın 18-də təcili iclas çağırıb Ö.F.-in məsələsini müzakirə etmiş və həbsdən buraxmağa məcbur olmuşdu. Bundan sonra Ö.F. Bakıya gəlir və Azərb. Xalq Cümhuriyyətinin polis idarəsində nəzarətçi müfəttiş vəzifəsinə təyin olunur.

Azərb. Xalq Cümhuriyyəti bolşeviklərin təzyiqi altında yıxılandan sonra Ö.F. bir nıüddət sovet orqanlarında işlədi, 1921 ildə isə Gürcüstan İnqilab Komitəsinin üzvü seçildi, Gürcüstanda yaşayan soydaşlarımızın taleyi, əmin-amanlığı ona həvalə olunmuşdu. O, burada da çox işlər gördü. Onun müsəlman bölgələrində qeyri-müsəlmanların, xüsusən idarə orqanlarına soxulmuş ermənilərin qərəzli fəaliyyətini ifşa edən məruzələri geniş əks səda oyatmışdı. Lakin onun ciddi tələbləri burada da rəğbətlə qarşılanmadı və 1922 ildə o, hökumətdən uzaqlaşdırıldı. Əvvəlcə Tiflisdəki "Yeni fikir" qəzeti redaksiyasına əməkdaş, sonra isə Gəncə ziraət texnikumuna müdir göndərildi. Ö.F. 1927 ildə təqaüdə çıxmış, 1937 ildə repressiyanın qurbanı olaraq oktyabrın 10-da güllələnmişdir.