Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

N

Nizami Gəncəvi

Q.Xalıqov. "Nizami Gəncəvi". 1940 il.

Nizami Gəncəvi (əsl adı İlyas Yusif oğlu) (1141-1209) - dahi şair və mütəfəkkir. Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütaliə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, Yaxın Şərq xalqlarının ədəbiyyatına yaxından bələd olmuşdur. Ömrü boyu Gəncədə yaşamışdır. Yaradıcıhğa lirik şeiriərlə başlamışdır. Dünya ədəbiyyatı tarixinə beş poemadan ibarət "Xəmsə" ilə daxil olmuşdur: "Sirlər xəzinəsi" (1J77), "Xosrov və Şirin" (1180), "Leyli və Məcnun' (1188), "Yeddi gözəl" (1196), "İsgəndərnamə" (təqr. 1203). N.G.-nin yaradıcılığında dövrünün ən humanisi, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Məhz bu mütərəqqi xüsusiyyətlərinə görə, şairin yaradıcılığı hələ sağlığında Azərb., eləcə də bütün Yaxın Şərq ölkələri ədəbiyyatı və elmi fikri üçün nümunə olmuşdur.

Mollanəsrəddinçilər N.G.-nin yaradıcılığının ümumbəşəri və vətəndaşlıq motivlərindən bəhrələnmişlər. "Çalış öz xalqının işinə yara!" deyən N.G.-nin əsərlərindəki vətənpərvərlik və mübarizlik ruhu, ədalətə çağırış meylləri XX əsrin əvvəllərinin zəruri mətləblərini ifadə etməkdə mollanəsrəddinçi sənətkarların köməyinə gəlmişdir. Sovet hakimiyyətinin ilk illərində Nizamiyə heykəl qoymaq məsələsi ətrafında gedən müzakirələrdə M. "Heykəl" (1925) felyetonu ilə iştirak etmişdir. O zaman Nizaminin İran şairi olduğunu, əsərlərini fars dilində yazdığını iddia ediblər. Buna görə də heykəl qoyulmağa layiq olmadığını deyənlərin əksinə olaraq M. şairin ümumbəşəri ideyalarını ön plana çəkərək yazırdı: "O, böyük şair idi. Bəzən göylərə qalxır, bəzən yerlərə enirdi. Göylərə qalxanda insanlıq üçün ağlar, yerlərə enəndə şahlar üçün banlardı. Onu ağladan vicdanı, banladan isə yaşadığı mühit idi. İndi gör, heykəl tikmək olar, ya olmaz" ("Molla Nəsrəddin" jurnalı, 1925, N44).