Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

O

Ordubadi Məmməd Səid Hacıağa oğlu

Ordubadi Məmməd Səid Hacıağa oğlu. (1872-1950) - yazıçı, şair, dramaturq, publisist, ictimai xadim, şair. H.Fəqirin oğlu. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə görkəmli maarifçi M.T.Sidqinin Ordubadda açdığı "Əxtər" ("Ulduz") məktəbində almışdır. Yaradıcılığa XIX əsrin 90-cı illərində başlayan O.-nin ilk mətbu əsəri 1903 ildə "Şərqi-Rus" qəzetində "Ədəbiyyat" başlığı altında çap olunmuşdur. Ədibin "Qəfəs” (1906), "Vətən və hürriyyət" (1907) adlı ilk kitabları "Qeyrət" mətbəəsində nəşr edilmişdir.

O. ilə Mirzə Cəlil münasibətlarində şəffaf olmayan məqamlar yox deyildir. 1907-ci ildə "Təzə həyat" qəzetinin mühərriri H. Vəzirovla Cəlil Məmmədquluzadə arasında ideya ixtilafları başlananda O. "Molla Nəsrəddin"ə əks mövqe tutmuş, jurnalı "məsuliyyətsizlikdə" ittiham etmişdir. "Molla Nəsrəddin" jurnalı O.-ni "Qanlı sənələr" (1911) kitabına yazdığı "İfadeyi-məram"da erməni-müsəlman qırğınının əsas səbəbkarı rus çarizmini göstərmədiyinə görə tənqid etmişdir. 1906 il-dən nəşrə başlayan "Molla Nəsrəddin'' jurnalının fəal əməkdaşlarından biri də M. ilə hələ Naxçıvandan tanış olan O. idi. Onun jurnalda "Hərdəmxəyal" imzası ilə dərc etdirdiyi satirik şeir və felyetonlar geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. O, eyni zamanda dövrünün digər mətbuat orqanlarında da yaxından iştirak etmişdir. İnqilabdan əvvəl "İki cocuğun Avropaya səyahəti" (1907), "'Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Firəngiməab" (1914) romanlarını, "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" (1914) pyesini və s. yazmışdır.

1906 ilin sonundan Culfada yaşayan 0. İranda Səttarxanın rəhbərliyi ilə başlanan xalq hərəkatına ciddi maraq göstərir və ictimai fəaltyyətini daha da genişləndirir. Ona görə də təqiblərə məruz qalır və hətta 1915 ildə həbsə alınıb bir neçə il sürgündə yaşayır. 1920 ilin may ayında Bakıya qayıdaraq ədəbi yaradıcılığını davam etdirir. Şeir, felyeton və pyeslər, opera və musiqili komediyalar üçün librettolar, publisistik və elmi məqalələr yazır. 30-cu illərdən başlayaraq qələmə aldığı silsilə tarixi romanları ilə O. ədəbiyyatımızda bu janrın əsasını qoymuşdur. "Dumanlı Təbriz" (1933-1948), "Döyüşən şəhər" (1936), "Gizli Bakı" (1940), "Qılınc və qələm" (1947) kimi tarixi romanlar ədibə böyük şöhrət qazandırmışdır.