P
Peterburq, Sankt-Peterburq
Peterburq, Sankt-Peterburq - Rusiya Federasıyasının ikinci böyük şəhəri, 1918 ilə qədər ölkənin paytaxtı. Mühüm elm və mədəniyyət mərkəzi, muzeylər və memarlıq abidələri şəhəridir. Əsası 1703 ildə Birinci Pyotr tərəfindən qoyulub. 1894 ildə "Avropa Rusiyasının müxtəlif yerlərinə getmək üçün iyunun 10-dan avqustun 25-dək" Nehrəm kənd məktəbindən məzuniyyət götürən M. bir müddət P.-da olmuş, burada irqçi və monarxist baxışları ilə tanınan "Hoвoe вpeмя" qəzetinin red. İ.S.Suvorinlə görüşmüşdür. O, Suvorinə ərəb əlifbasının latın qrafıkası ilə dəyişdirilməsi barədə qəzetdə müzakirə açmağı təklif etmiş, lakin Suvorin hələlik bu məsələnin vaxtı çatmadığını bildirərək M. ilə razılaşmamışdır.
İstər "Molla Nəsrəddin" jurnalında çap edilmiş satirik teleqramlar içərisində, istərsə də yazıçının ayrı-ayrı personajlarının nitqində P. adına (bəzi mənbələrdə "Fitilbörk" şəklində) tez-tez təsadüf olunur. "Peterburq" adlı ayrıca bir felyetonu da vardır. M.-nin böyük oğlu Midhət 1930 ildə bir müddət bu şəhərin yaxınlığındakı Severstroy hidroelektrik stansiyasında təcrübə keçmişdir.