Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

P

Pişnamazzadə Molla Fərəcullah Molla Zeynalabdin oğlu

Pişnamazzadə Molla Fərəcullah Molla Zeynalabdin oğlu (1870-1952) -din xadimi. İlk təhsilini molla məktəbində alan P. kiçik yaşlarından islam dininə böyük maraq göstərmişdir. 1885 ildə İrana, sonra Səudiyyə Ərəbistanına oxumağa göndərilir, ərəb və fars dillərini, "Quranı", ilahiyyat elmlərini, islam tarixini, Şərq klassik ədəbiyyatını yaxşı öyrənir. Təhsili başa vurandan sonra Şəkiyə qayıdıb, din xadimi və ictimai xadim kimi fəaliyyətə başlayır. P. Şəkidə şəhərin yuxarı hissəsinə içməli su çəkdirir, öz hesabına qız məktəbi açdırır, xeyriyyə işlərində çalışır. 1918 ildə o, azərb.-ların erməni hücumlarından qorunmalarına kömək edən Türkiyə ordu hissələri ilə əlaqə saxlayır. P. rus çarizminə düşmən idi.

L.N.Tolstoyla dini məsələlər barədə məktubla məsləhətləşirdi. P. 30-cu illərdə Zaqafqaziya müsəlmanları şeyxülislamının müavini vəzifəsinə təyin olunmuş və ömrünün sonunadək bu vəzifədə çalışmışdır. M. ilə dostluq münasibətində olan P. onunla tez-tez görüşür, məktublaşır, dini və mədəni-maarif məsələlərində məsləhətləşirdi. Qadın təhsili və tərbiyəsi sahəsində P.-nin həyata keçirdiyi tədbirləri M. təqdir etmişdir. Ədib 1922 il 21 noyabr tarixli məktubunda yazırdı: "Sizi mən böyük yadigar hesab edirəm... Qız tərbiyəsi bizim gələcəyimiz üçün əsaslı məsələdir. Bu məsələ dairəsində sizin məqamınız birinci, yəni ən yuxarı mərtəbədə tutulmalıdır". M. "Üləma" felyetonunda P.-nin din, şəriət pərdəsi altında vəhşi mövhumatı, kor fanatizmi yayanlara qarşı cəsarətli mübarizəsini yüksək qiymətləndirmişdir ("Molla Nəsrəddin" jurnalı, 1909, N5).