Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

P

"Poçt qutusu"

"Poçt qutusu" - M.-nin ilk mətbu hekayəsidir. 1903 ildə qələmə almışdır. Əsəri Məhəmməd ağa Şahtaxtlı "Şərqi-Rus" qəzetinin 1904 il 16 və 18 yanvar tarixli saylarında dərc etmişdir. Hələ o vaxt müəllifinə diqqət oyadan bu hekayə həm də milli realizmin tarixində mərhələvi rol oynamış, milli nəsrin intişarına böyük təsir göstərmişdir. Sonralar çağdaş Azərb. nasirlərini nəzərdə tutaraq yazıçı Mir Cəlal obrazlı şəkildə: "Biz "Poçt qutusu"ndan çıxmışıq" deyır.

"Poçt qutusu" hekayəsi ilə M. nəinki nəsrin inkişafında, bütünlükdə milli ədəbiyyatın tarixində yeni dövrü açan yolun başlanğıcını qoyur; Əli Nazimin sözləri ilə desək, "O zamana qədər yüksək, mümtaz siniflərin zövqünə xidmət edən müqəddəs ədəbiyyat kəbəsinə" ilk dəfə və birdəfəlik olaraq milli cəmiyyətin aşağı qatlarını, zümrələrini, insanlarını gətirir. Novruzəlilər birbaşa bədii ədəbiyyatın tədqiq predmetinə çevrilir, mətbu haqlarında söhbət gedir. Hekayədə Mirzə Cəlil başlıca olaraq milli cəmiyyətin zəminini təşkil edən bəy-xan və kəndli münasibətlərinin anatomiyasına varmağa çalışır. Ən kiçik təfərrüatlardan tutmuş süjet həllinə qədər hər yerdə Vəli xanın teleqraflı, məktublu, səfərli dünyası Novruzəlinin ulaqlı, iş-güclü, gün-güzəranlı dünyasına tuş gəlir, bir-birini tamamlayır. Vəli xan üçün əyləncə, nağıl, "qah-qah" olan məktub əhvalatı Novruzəlinin həyat mündəricəsi, qəziyyəsi, faciəsidir... "Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?" - deyən itqapanlı Novruzəli Vəli xanın məktubunu yola salarkən bilməzlikdən dövlət məmuru ilə savaşa girib, üç ay dustaq yatır, həmin üç ay ərzində İrəvanda olan Vəli xan isə bunu eşidib, yalnız "bir qədər fikir" eləməklə kifayətlənir.

Hekayə M. üslubunun səciyyəvi cəhətlərini, nəsrinin poetikasını kamil şəkildə əks etdirir. Qeyri-xətti süjet, metaforik deyim və qurum bu nəsr üçün daha səciyyəvidir. Burada poetik yığcamlıq, az sözlə çox fikir söyləmək, eyham, işarə sistemi polifonik strukturun ozü tərəfindən diktə olunur. Süjetin xətti hissəsində - xanın gedib Novruzəlini zamina götürməsinə qədər olan hissədə Vəli xan və Novruzəli haqqında artıq bütün nominal informasiya vardır. Elə ki, Novruzəli başına gələnləri danışır və Vəli xan onu ləzzətlə dinləyir - bundan o yana daim ümumiləşmə gedir. Novruzəli və xan dünyasının sosial mahiyyəti dərinlərə qədər açılır, obrazlar haqqında məlumat mədəni, psixoloji, sosial-tarixi, mənəvi baxımdan zənginləşir. Müəllif ideyasının daha bir daşıyıcısı - ciddi, satirik və yumorlu intonasiya isə bütün mətnə yayılaraq, vurğuları yerinə qoyur.

"P.q." milli nəsrin klassik nümunəsi kimi M. əsərlərinin nəşrlərinin hamısına salınmış, xarici dillərə tərcümə olunmuş, orta məktəblərdə tədris olunur. Hekayə əsasında "Azərbaycantelefilm" kinostudiyasında qısametrajlı film çəkilmişdir.