Q
Qasprinski İsmayıl bəy Mustafa ağa oğlu
Qasprinski İsmayıl bəy Mustafa ağa oğlu (1851-1914) - Krım tatarlarının ictimai xadimi, maarif islahatçısı, naşir, alim, nasir, publisist, mütərcim. İlk təhsilini evdə xüsusi müəllimlərdən almış, Simferopol gimnaziyasında, Voronej ibtidai hərbi, Moskva orta hərbi məktəbində, Paris Şərq dilləri məktəbində oxumuşdur. Bağçasarayda Zəncirli mədrəsəsində, Yaltanın Dərəkay kənd məktəbində rus dili müəllimi (1867-1871), Parisdə "Aşey" reklam agentliyində məmur, İ.A.Turgenevin katibi (1871-1875), Bağçasaray şəhər bələdiyyə idarəsinin rəisi (1878-1883) işləmişdir. 1883 ildən "Tərcüman" qəzetinin nəşrinə icazə almış və ömrünün sonunadək naşir və red. kimi orada fəaliyyət göstərmişdir. Rusiya müsəlmanlarının birliyini təmin edən "'dildə, fıkirdə, işdə birlik" ideyasını təbliğ etmiş, "Rusiya müsəlmanlığı" (1881), "Xoceyi-sibyan" (1884), "İslamlara dair nizamlar və imtiyazlar" (1885), "Məişət müharibəsi" (1886), "Qiriəti-türki" (1894), "Mirati-cədid" (1901), "Dariil Rahat müsəlmanlar" (1906) və s. əsərlərini yazmışdir.
M. ilə Q.-nin əlaqələri zəngin və rəngarəng olmuşdur. Bütün azərb. ziyalıları kimi M. də "Tərcüman"a və onun naşirinin fəaliyyətinə rəğbət bəsləmişdir. "Molla Nəsrəddin" nəşrə başladıqdan sonra Q. onun fəaliyyətini "Tərcüman" vasitəsilə Rusiya müsəlmanları arasında təbliğ etmiş. onu "bir qaç boyalı gözəl rəsmlər ilə təzyin", "millətimiz arasında bəzi suyi-adət və hərəkat haqqında xeyli tənqidanə yazılmış lətifə və fəqərələrdən" ibarət məcmuə kimi təqdim etmış, "bizim bu qism yeni ədəbiyyatımız dəxi tədricən intişar edərək millət arasında rəğbət bulub fayda gətirməsi"nə ümid bəsləmişdir.
Q. "Tərcüman"da dərc etdiyi xüsusi icmallarda "Molla Nəsrəddin"ə xüsusi yer ayırır, onun gülüşünün səciyyəsini izah edib aydınlaşdırmağa çalışırdı. İcmalların birində yazırdı: "Bizim Tiflisin "Molla Nəsrəddin"i ədibanə ağlayır və mənalı-mənalı söylənir, uyumuş başları iynə ilə sancır". "Molla Nəsrəddin"də gedən yazılara və karikaturalara "Tərcüman" səhifələrində vaxtaşırı yer verilirdi.
Q. 1908 ildə M.-yə məktub göndərərək ondan Qahirədə nəşr etmək istədiyi "Əl-Nihad" jurnalında "Molla Nəsrəddin" materiallarından istifadə etməsinə icazə verməsini xahiş etmişdi.
Mirzə Cəlil Q.-nin Rusiya müsəlmanları arasında xidmətlərini yüksək qiymətləndirir, eyni zamanda görüşlərinin məhdud cəhətlərini də tənqid edirdi ("Tərcümanın fitvası").