Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Q

Qənizadə Sultanməcid Hacı Murtuzəli oğlu

Qənizadə Sultanməcid Hacı Murtuzəli oğlu (1866-1937) - maarif xadimi, pedaqoq, yazıçı, mütərcim, filoloq alim. Şamaxıda "Məclis" məktəbində və şəhər məktəbində oxumuş (1872-1882), Tiflisdə Aleksandrov Müəllimlər İn-tunu (1887) bitirmişdir. M.Mahmudbəyovla Bakıda ilk "Rus-müsəlman" məktəbini təşkil edərək, ona rəhbərlik (1887-1891) etmiş, Bakı şəhəri ikinci "Rus-müsəlman" məktəbi"nin müdiri olmuşdur (1892-1905). 1905-1908 illərdə Qori müəllimlər seminariyasının Azərb. şöbəsində müfəttiş, 1908-17 illərdə Bakı qub. və Dağıstan vil. xalq məktəblərinin 2-ci rayonu üzrə müfəttiş, 1917-1918 illərdə Bakı qub. və Dağıstan vil. xalq məktəblərinin naziri olmuşdur. Q. Azərb. XC parlamentinin üzvü idi. Azərb.-da ana dilində məktəblər açılması, dərsliklər yazılması, milli mətbuat və teatrın inkişafında Q.-nin xidmətləri var. Q. bir sıra lüğət və dərsliklərin, "Qönçə xanım" pyesinin (1891), nəsr əsərlərinin, publisistik və pedaqoji məqalələrin müəllifidir.

Q.-nin M. ilə əlaqələri XIX əsrin 90-cı illərindən başlanmışdır. M. 1905 ildə yazdığı "Yeni ibtidai məktəblərdə Azərbaycan dili" məqaləsində Q.-nin adını çəkmişdir. Onların şəxsi tanışlığı isə 1905 ilin axırlarında başlamışdır. Qoridə seminariya tələbələri üçün "Övraqi-tərbiyə” adlı jurnal nəşr etməyə təşəbbüs qaldıran Q. Tiflisdə M. ilə görüşmüş, jurnalı "Qeyrət" mətbəəsində nəşr etdirmək üçün müqavilə bağlamışdır. M.Ə.Sabirlə "Molla Nəsrəddin” redaksiyası arasında əlaqəni də Q. yaratmışdır. Q. 1911 ildə "Molla Nəsrəddin" jurnalında "Şeyda" imzası ilə bir bəhri-təvil dərc etdirmişdir.