Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Q

"Qeyrət"

"Qeyrət" - Tiflisdə mətbəə-nəşriyyat. M. və Ömər Faiq tərəfindən 1905 ilin yazında yaradılmışdır. Naxçıvanlı tacir Maşədi Ələsgər Bağırov mətbəənin təşkilinə ciddi maliyə yardımı göstərmişdir. 20 əsrin ilk Azərb. mətbəə-nəşriyyatı olan "Q." ictimai-siyasi və dini kitablar, bədii əsərlər, pedaqoji ədəbiyyat, intibahnamələr, vərəqələr və təqvimlər nəşr edirdi. Nəşriyyatda, həmçinin rus, orəb, fars dillərində çap işləri görülmüş, tərcümə əsərləri də nəşr olunmuşdur. "Q.." mətbəə-nəşriyyatında ictimai-siyasi ədəbiyyatın və bədii əsərlərin çapı üsrünlük təşkil etmişdir. Yeni tipli Azərb. ədəbiyyatının ən dəyərli bədii nümunələri "Q." nəşriyyatının nəşrləri vasitəsilə geniş oxucu təbəqələrinə çatdırılmışdır.

M.-nin "Poçt qutusu" (1905), "Usta Zeynal", "İranda hürriyyət" (1906), "Qurbanəli bəy" (1907) hekayələri "Q." mətbəəsində kitab halında çapdan çıxmış, onu orijinal və ciddi bir yazıçı kimi tanıtmışdır. "Q." mətbəəsində nəşr olunmuş Mirzə Cəlil, Ə.Hüseynzadə, Ö.F.Nemanzadə və Əbuturab Axund oğlunun məqalələrindən ibarət "Bizə hansı elmlər lazımdır" kitabında dini və dünyəvi elmlərin müasir həyatda rolu məsələsi müzakirəyə qoyulmuşdu. "Molla Nəsrəddin" jurnalı 1911 ilədək "Q." mətbəə-nəşriyyatında çap edilmişdir. "Q." 1911 ildə öz funksiyasinı genişləndirərək çap şirkətinə çevrilmiş, lakin fəaliyyətini davam etdirmək imkanlarını itirdiyi üçün bağlanmışdır.