Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Q

"Qurbanəli bəy"

"Qurbanəli bəy" - M.-nin hekayəsi. 1907 ildə yazılmış, ilk dəfə "Qeyrət" mətbəəsində kitabça kimi çap olunmuş, sonralar ədibin müxtəlif kitablarına daxil edilmişdir. Mövzusu Azərb. mülkədarlarının həyatından alınmış bu hekayanin baş qəhrəmanı Qurbanəli bəydir, Ədib onun simasında lovğa, yaltaq, ikiüzlü və yalançı adamların xüsusiyyətlərini ümumiləşdirmişdir. Qurbanəli bəy Qapazlı kəndinin mülkədarıdır. Ancaq hekayədə onun mülkədarlıq işi və qayğıları yox, xarakterinin səciyyəvi cəhətləri göstərilir. Qurbanəli bəy özündən böyüklər - vəzıfəlilər qarşısında nökər, özündən kiçiklər yanında isə ağadır; təkcə pristav və naçalnikin deyil, onların arvadlarının da qabağında baş əyirs əsl "nəzakət" sahibi olur, özünə tabe adamlarla isə kobud rəftar edir.

M. Qurbanəli bəyin yaltaq və lovğa təbiətini, onun mənəvi yoxsulluğunu və nadanlığını pristavın arvadının ad günü münasibətilə keçirilən ziyafətdəki hərəkətləri vasitəsilə açır. O, pristavın xanımının sağlığına stəkanla araq içəndən sonra keflənərək naçalnikə deyir: "Naçalnik ağa, içirəm mən bu stəkanı sizin sağlığınıza. Allah da buna şahiddir ki, nə qədər bizim vilayətə naçalniklər gəlib gedib, mən onların heç birini o qədər istəməmişəm. Naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə qədər bizim mahalda camaat var, onlar hamısı sənin yolunda başlarından keçərlər. Mən özüm sənin yolunda oda girərəm. Qurban sənə mənim canım, nə qədər ki, mən sağam, nökərəm sənə". Eyni sözləri eyni yaltaqlıqla o, əfsərin və onun xanımının da ünvanına söyləyir.

Belə xoş, mehriban, eyni zamanda qorxaq və yaltaq danışığın əksinə olaraq, Qurbanəli boy öz nökəri Kərbəlayı Qasıma, aşpaz Əliyə, qaravaş Gülpəriyə müraciət edəndə tamamilə dəyişir; kəskin, qürrəli və kobud olur.

Qurbanəli bəyin yaltaqlığı və nadanlığı onun sağlığına qonaqların badə qaldırdığı epizodda daha aydın görünür. "Xanımlar bir-bir stəkanlarını uzadıb" bəyin stəkanına vuranda o, "şadlığından az qalır özündən getsin" və "stəkanı yuxarı qalxızıb" deyir: "Ağalar və xanımlar! Siz ki, mənim sağlğıma içdiniz, qurban olsun şizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmaram... Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin... Mən bu xanımların ayağının torpağı da ola bilmərəm. Vallah, billah, atamın goru haqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim... Qurban olsun sizə mənim canım".

İçkinin təsirindən tamam keflənmiş Qurbanəli bəy ağaları və xanımları öz evinə qonaq çağırdığını tamam unudaraq, bu haqda heç kəsə heç nə demədən sərxoş halda yıxılıb yatır. Səhəri gün qonaqların təşrif gətirdiyini biləndə vəziyyətdən çıxmaq üçün qaçıb tövlədə, at axurunda gizlənir və bu hərəkəti ilə daha gülünc bir vəziyyətə düşür. Qonaqlar dünən onun təriflədiyi atlarına baxmaq üçün tövləyə girib, Qurbanəli bəyin axurda gizləndiyini görürlər.

Beləliklə, "Q." hekayəsində M. yaltaq və yalançı adamın düşdüyü gülünc vəziyyətləri son dərəcə təbii və təsirli bədii boyalarla açıb göstərmişdir. Burada hadisələrlə surətlər bir-birini sənətkarlqla tamamlayır. "Q." təkcə M. yaradıcılığının deyil, bütövlükdə Azərb. hekayəçiliyinin gözəl nümunələrindən biridir.