Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

R

Rəsul Rza

Rəsul Rza (1910-1981) - şair, dramaturq, ict. xadim, Azərb. xalq şairi (1960), Sosialist Əməyi Qəhrəmanı (1980), SSRİ Dövlət mükafatı laureatı (1951). ilk şeiri "Qığılcım" jurnalında çıxmışdır. 1927-1937 illərdə Zaqafqaziya Kommunist Un-tində, Azərbaycan Dövlət Elmi Tədqiqat İn-tunda, Moskva Millətlər İn-tunda və Ümumittifaq Kinematoqrafiya İn-tunda oxumuşdur. Azərb. Yazıçılar İttifaqının sədri (1938-1939), Azərb. SSR Kinematoqrafiya naziri (1946-1947), Azərb. Ensiklopediyasının ilk baş red. (1965-1975) olmuşdur.

Yeni, müasir Azərbaycan şeirinin banilərindən biridir. 30-cu illərdən etibarən müasir şeirin inkişafında fəal iştirak etmiş, novatorluq axtarışları ilə poeziyanı ideya-bədii keyfiyyətlərlə zənginləşdirmişdir. Sərbəst şeirin ən görkəmli nümayəndəsi olmuşdur. "Qanadlar" (1935), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm", "Vaxt var ikən" (1964), "Üzü küləyə" (1978), dörd cildlik "Seçilmiş əsərləri" (1967-1970), beş cildlik "Seçilmiş əsərləri" (1980-1983) latın qrafikasıyla 5 cildlik əsərləri (2002) və s. kitabları çapdan çıxmışdır. R.R. öz yaradıcılıq axtarışlarında M. ənənələrinə böyük əhəmiyyət vermişdir. 40-cı illərdə rus ədəbiyyatşünası L.Klimoviçin M. yaradıcılığına verdiyi mənfi qiymətlə əlaqədar olaraq, R.R. ədəbi tənqid konfransında kəskin çıxış etmiş, bir məqaləsində isə M.-nin "Anamın kitabı" pyesində "ana dili" məsələsindən özünəməxsus bir müdriklik və cəsarətlə yazdığını göstərmişdir.

R.R. Mirzə Cəlil əsərlərinin obrazları, milli və ümumbəşəri motivləri əsasında yazdığı lirik-fəlsəfi silsilənin müəllifidir. Silsiləyə "Bəhlul, İsgəndər və mən", "Kefli İsgəndər", "İsgəndar, Çatski və Çayld Harold", "Ölülər", "Zeynəbin qisası", "Bəlkə də qaytardılar", "Kamança", "Nazlılar", "Anamın kitabı" şeirləri daxildir. R.R. M.-nin "Ölülər", "Anamın kitabı", "Danabaş kəndinin əhvalatları", "Kamança", "Bəlkə də qaytardılar" kimi əsərlərinin vətəndaşlıq və humanizm motivlərindən yaradıcılıqla istifadə edərək yeni məzmunlu şeirlər yaratmışdır.