R
"Rəhbər"
"Rəhbər" - aylıq pedaqoji jurnal. İlk nömrəsi 1906 il sentyabrın 24-də, sonuncusu 1907 il yanvarın 17-də (cəmi 5 nömrə) Bakıda çıxımşdı". "R."-də təlim-tərbiyəyə, ictimai məsələlərə dair məqalələr, Azərb., rus və dünya ədəbiyyatından nümunələr dərc olunurdu. Naşiri və red. Mahmud bəy Mahmudbəyov idi. Jurnalda F.Köçərli, S.M.Qənizadə, M.Ə.Sabir, A.Səhhət, S.Əbdülrəhmanbəyov iştirak etmişlər. "R." əsasən, demokratik istiqamətli olmuş, siyasi fikirləri, elmi bilikləri təbliğ etmiş, Azərb.-da pedaqoji və uşaq ədəbiyyatının inkişafında, ümumtəhsil ideyasının yayılmasında mühüm xidməti olmuşdur. "Molla Nəsrəddin" jurnalı "Bəşarət" felyetonunda "R."-in məqsəd və məramını təqdir etmiş, "İrşad", "Həyat" və "Dəbistan"ın qarşılaşdığı abunəçi azlığının onu da gözlədiyini əvvəlcədən təəssüf hissi ilə xəbər vermişdi. Belə də oldu. "R." maddi çətinlik üzündən bağlandı.