Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

S

Səməd Mənsur

Səməd Mənsur (Səməd Əhməd oğlu Kazımovun təxəllüsü) (1879-1927) - şair, jurnalist, dramaturq, tərcüməçi. Şeirləri müxtəlif imzalarla red. olduğu "Şeypur" jurnalında, "Babayi-Əmir", "İqbal", "Təzə xəbər" kimi mətbuat orqanlarında çıxırdı. Satirik şeir və felyetonlarının ən çox nəşr edildiyi orqanlar "Molla Nəsrəddin" və "Tuti" jurnalları idi. Bu əsərlərin əsas pafosunu zülmün, ədalətsizliyin, riyakarlığın, nadanlıq və cəhalətin nifrətlə damğalanması təşkil edir. S.M. daha çox qadın hüquqları uğrunda fikirləri yayırdı. Şair "Molla Nəsrəddin"in Bakı mərhələsində də jurnalla yaradıcılıq əlaqəsi saxlamış, sovet quruluşunu lağa qoyan şeirlər yazmışdır.

S.M.-un vaxtsız vəfatı ilə əlaqədar "Molla Nəsrəddin" jurnalı "Kommunist" qəzetində elan - nekroloq dərc etdirərək, onu "əziz ədib və şairimiz" adlandırmışdı.