Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

S

Seyid Əzim Şirvani

Seyid Əzim Şirvani (1835-1888) - şair, maarif xadimi. Bağdadda, Şamda (Dəməşq) dini təhsil almışdır. 1874-1888 illərdə Şamaxıda "Məclis" adlı yeni üsulla (üsuli-cədid) açılmış məktəbdə və Şamaxı şəhər məktəbində müəllim işləmişdir. M.Ə.Sabir, S.M.Qənizadə ilk təhsilini ondan almışlar.

Yaradıcılığa 1855 ildən başlamış, Azərb. və fars dillərində yazmış, yüksək sənətkarlıqla yaratdığı lirik və satirik əsərləri Azərb. şeirinin inkişafına təsir göstərmişdir. Satirik şeirlərində mülkədar və bəyləri, çar məmurlarını, ruhaniləri ifşa etmişdir. Şair əsərlərində zəhmət adamlarının hüququnu müdafiə edir, vergilərin ağırlğından şikayətlənir, hökumət idarələrində kök salmış rüşvətxorluq, özbaşınalıq və s. yaramazlıqları qamçılayırdı.

Dövri mətbuatda ("Əkinçi", "Ziya", "Kəşkül") iştirak etmişdir.

M. hələ seminariyada təhsil alarkən S.Ə.Ş.-nin əsərlərini mütaliə etmiş, "Molla Nəsrəddin" jurnalındakı bir sıra felyetonlarında Seyid Əzimin "Mən eylə bilirdim ki, mənə yar olacaqsan" və "'Görəndə" rədifli qəzəllərindən istifadə etmişdir.