Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

S

Sidqi Məhəmməd Tağı

Sidqi Məhəmməd Tağı (Məhəmınəd Tağı Kərbəlayi Səfər oğlu Səfərovun təxəllüsü) (1854-1903) - pedaqoq, publisist, şair. M.-nin məsləkdaşı və müasiri. İlk təhsilini Ordubadda molla Məhəmməd Tağı axundun yanında almış, sonra Hüseyn Soltan mədrəsəsində oxumuşdur. Bir müddət İranda - Xorasan, Səbzivar, Nişapur şəhərlərində də yaşamış, təhsilini davam etmiş və ticarətlə məşğul olmuşdur. O, 1885 ildə Vətənə qayıtmış, fəhləlik etmişdir. Ailəsini yaşatmaq niyyətilə açdığı çayxana qısa müddətdə yerli ziyalıların əsas yığıncaq yerinə çevrilmişdir. Burada Türkiyə, İran və Rusiyadan gətirilmiş qəzetlər, Şərq klassiklərinin əsərləri, habelə S.-nin fəal üzvü olduğu "Əncümənü-şüəra" ədəbi məclisi üzvlərinin şeirləri oxunub müzakirə olunurdu. 1892 ildə Ordubad ş.-ndə maarifçi ziyalı Hüseyn Soltan Kəngərlinin köməkliyi ilə "Əxtər" ("Ulduz") adlı yeni tipli məktəb təsis etmişdir. S.-nin 1894 ildə Naxçıvanda əsasını qoyduğu "Məktəbi-Tərbiyə" şəhərdə maarifçilik hərəkatının və ədəbi-mədəni mühitin əsas mərkəzlərindən birinə çevrilmişdi. M. bu məktəbə yüksək qiymət vermişdir. S. yaradıcılığa klassik üslubda qəzəllər yazmaqla başlamışdır. XIX əsrin son rübündə imperiyanın müsəlman əhalisi arasında başlanan maarifçilik hərəkatının təsirı altında yaradıcılığının diapazonunu genişləndirmiş, maarifçi realist şeirin ("Məsnəviyyati-mədəniyyə"). uşaq ədəbiyyatının ("Kəblə Nəsir", "Məhəmmədəliyə nəsihət", "Oğul" və s.); məktəb dərsliklərinin ("Müxtəsər coğrafiya", "Töhfeyi benat"), elmi-kütləvi publisistikanın ("Heykəli-insana bir nəzər", "Puşkin", "İmperator-əzəmin tac geyim rəsminin yadigarına... nitq") pedaqoji traktatını ("Nümuneyi-oxlaq") yaratmışdır.

XIX əsrin sonlarında Naxçıvan maarifçilik hərəkatında S. aparıcı simalardan biri kimi fəal iştirak etmişdir. O, M. ilə birlikdə Naxçıvanda bir sıra ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. Məmmədquluzadələr ailəsi ilə yaxından ünsiyyət saxlayan S. Mirzə Cəlilin böyük dostu idi.

S.-nin vəfatı münasibətilə M.-nin "Şərqi-Rus" qəzetində dərc etdirdiyi "Getdi cahandan həzrəti Sidqi" adlı məqaləsində maarifçi şair və pedaqoqa ümumxaiq məhəbbəti və kədəri ifadə olunmuşdur.