Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

S

Sidqi (Səfərov) Məmmədəli Məhəmməd Tağı oğlu

Sidqi (Səfərov) Məmmədəli Məhəmməd Tağı oğlu (1888-1956) - müəllim, yazıçı, jurnalist. M.T.Sidqinin oğlu. "İrşad" qəzetinin əməkdaşı (1906-1908), "Molla Nəsrəddin”in müvəqqəti red. (1910-1911) olmuşdur. M. dostunun oğluna etibar edir və məhəbbət bəsləyirdi. 1910 il 9 iyun tarixli məktubunda ədib yazırdı: "...kəndə getməliyəm və burada bir adam lazımdır ki, "Molla Nəsrəddin"i idarə eləsin. [...] İki ay gəlib Tiflisdə qala bilsəniz, tez gəlin. [...] Əgər mərhum Sidqi bəradərimin oğlu ilə gələcəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm. Xeyirxahınız C.Məmmədquluzadə". S. ədibin şəxsi həyatında və "Molla Nəsrəddin"in tarixindəki ən mürəkkəb, ağır illərdə jurnalda bilik, bacarıq və istedad göstərmişdir. M. sonralar da Kəhrizli kəndində, başqa şəhərlərdə olanda S. ilə işgüzar əlaqə saxlayır, məktublaşır, göstərişlər verirdi. Xəstə M.Ə.Sabir Tiflisdə Mirzə Cəlilin evində yaşayanda, S. ona çox yaxşı qayğı göstərən, qulluğunda dayanan cavanlardan idi.

S. 1913 ildən Bakıda və Bülbülə kəndində müəllimlik edir, yerli qəzetlərə, "Molla Nəsrəddin"ə material yazır, bəzən həvəskar artistlərin tamaşalarında kiçik rollarda oynayırdı. 1917 ildə Bakıda A.M. Şərifzadənin rej.-luğu ilə səhnəyə qoyulmuş "Ölülər" pyesində Şeyx Nəsrullah rolunu ifa etmişdir. Bu rolu o, sonralar da oynamışdır. Bacarığı, işgüzarlığı, səmimiyyəti S.-ni "Molla Nəsrəddin"in fəal əməkdaşı Ömər Faiqə, sevimli şair M.Ə.Sabirə, ədəbiyyatşünas F.Köçərliyə, mürəttib İsmayıl Həqqiyə, sonralar şair Səməd Mənsura, dramaturq C.Cabbarlıya, artist Kazım Ziyaya və b. ziyalılara da sevdirmişdi. O, bunlardan bir çoxu ilə məktublaşırdı.

S. üçün jurnalda ən çətin, məsul işlər maliyyə, senzura, gələn yazıları seçib növbəti sayda vermək idi. Cavanlığına baxmayaraq o, Mirzə Cəlilin daimi köməyi, işgüzar məktubları sayəsində bu işlərin də öhdəsindən gələ bilirdi. Məsələn, 25 avqust 1911 il məktubunda ədib ona yazırdı: "Jurnal gəldi. Yaxşı çıxıb. Səy elə ki, bu ay qalanları da çıxsın. Üzeyirlə (Hacıbəyov - red.) bu kağızın içində 6 manat göndərdim. Cəlil".

Mirzə Cəlilin S.-yə göstərişləri həm çox, həm də ciddi olurdu: "Mən bu gün gedirəm kəndə. Original da yoxdur. İsmayıl [Həqqi] səndən original gözləyəcək. Nə qədər mümkün eləsən, çox yaz. [...] Hər nə yazsan, qeyri yazıların hamısından xoşdur. Bir də ehtiyatlı yaz ki, bir şəxsiyyətə toxunmasın. Çünki dəxi mən görməyəcəyəm. İsmayıl mənə göndərməmiş çap edəcək. Nə vaxt məktəbdən azad olsan, gəl Tiflisə, jurnalı dolandır". "(7.3.1912). Bu məktubun S.-yə Aşqabadda müəllimlik etdiyi vaxt yazılması ədibin ona böyük etibarını çox yaxşı göstərir. S. Bakıda olanda da redaksiyadan, Mirzə Cəlilin özündən "Dostun Cəlil" imzası ilə belə məktublar alırdı. Bu məktubların, habelə onun özünün tanış ziyalılara, redaksiyalara göndərdiyi məktubların, S.-nin yazdığı xatirələrin Azərb. mətbuatı, ədəbiyyatı, XX əsr ziyalıları haqqında yazılacaq tədqiqatlar üçün faydası çoxdur.

S. 1917 ildən sonra Bakıda çıxan "Sovqat" və "Kommunist" (1920) qəzetlərində işləmiş nüfuzlu jurnalist idi.