Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

S

Süleyman Rüstəm

Süleyman Rüstəm (Süleyman Əlabbas oğlu Rüstəmzadə) (1906-1989) -şair, dramaturq, ictimai xadim. Azərb. xalq şairi (1960), Sosialist Əməyi Qəhrəmanı (1976). Bakıda və Moskvada təhsil almışdır. Ədəbi yaradıcılığa 1922 ildə, Bakı Azad Tənqid-Təbliğ teatrı üçün yazdığı birpərdəli "Çimnaz xanım yuxudadır" pyesi ilə başlamışdır. "Ələmdən nəşəyə" adlı ilk şeirlər kitabı 1927 ildə çap olunmuşdıır. 20-ci illərin sonlarından etibarən dövrün mürəkkəb ədəbi-ictimai proseslərində yaxından iştirak edən S.R. "Gənc Qızıl Qələmlər İttifaqı"nın təşkilatçılarından (1925), Azərb. Proletar Yazıçılar Cəmiyyətinin rəhbərlərindən (1928-1929) biri idi. Bu dövrdə S.R. ifrat inqilabçılıq və proletkultçuluq meyllərinə qapılaraq

klassik və çağdaş ədəbiyyatın bir sıra nümayəndələrinə münasibətdə inkarçılıq mövqeyində dayanmışdı. O, bir müddət M.-ni də "cığırdaş yazıçılar" sırasına daxil edirdi. Sonralar yanıldığını dərk edən şair M. və başqa sələfləri haqqında əsl həqiqətləri qələmə alır, 1929 ildə onlarla birlikdə Zaqafqaziya yazıçılarının hər üç resp.-nın paytaxtlarına səfərində iştirak edir. S.R.-in M. haqqında xatirələrində deyilir: "Xalqımız Mirzə Cəlili öz ədəbi xoşbəxtliyi kimi başa düşməlidir. Mirzə Cəlil taleyi, Mirzə Cəlil sevgisi nümunə olmalıdır. [...] Mirzə Cəlil tariximizin çox namuslu, qeyrətli bir parçasıdır" (1982).